Moskvadan alyansa sərt tələblər: Sülh danışıqları nəticəsiz qala bilər? – ÖZƏL

Ukraynada müharibənin başa çatdırılması ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Rusiya NATO-ya qarşı bir sıra məhdudiyyətlərin tətbiqini tələb edib. "RBK-Ukrayna"nın məlumatına görə, Moskva alyansın genişlənməsindən imtina edilməsini, 1997-ci ildən sonra üzv olmuş ölkələrdə hərbi mövcudluğunun azaldılmasını, həmçinin Ukrayna və digər postsovet dövlətləri ilə hərbi əməkdaşlığın məhdudlaşdırılmasını istəyib. Rusiya bu tələbləri təhlükəsizlik təminatları ilə əsaslandırıb.

Rusiyanın NATO ilə bağlı bu tələbləri nə dərəcədə realdır? NATO-nun 1997-ci il sərhədlərinə qayıtması mümkündürmü? Bu tələblər müharibənin başa çatdırılmasını çətinləşdirə bilərmi? 

"Rusiya ilə NATO, ümumilikdə isə Qərb arasında bu məsələlərlə bağlı razılaşmaların əvvəlki səviyyəyə qayıtması artıq mümkün görünmür. Çünki Ukrayna müharibəsi zamanı da bəlli oldu ki, nə Rusiya tərəfi geri çəkilmək niyyətindədir, nə də Ukraynada gedən müharibəni yalnız Ukrayna ilə Rusiya arasındakı qarşıdurma kimi qiymətləndirmək doğrudur. Əslində, bunu Qərbin Rusiya ilə apardığı mübarizə kimi qəbul etmək və xarakterizə etmək lazımdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, heç bir ölkənin öz suverenliyini və gələcək təhlükəsizliyini qorumaqdan imtina etməsi mümkün deyil. Buna görə də NATO ilə münasibətlər bu ölkələr tərəfindən heç vaxt geri plana keçirilməyəcək. Rusiyanın bu gün istədiyi isə keçmiş postsovet ölkələrində öz hegemonluğunu və əvvəlki gücünü yenidən bərpa etməkdir. Lakin bu, artıq indiki dövrdə mümkün deyil. Çünki həmin dövr geridə qalıb və Rusiya əvvəlki gücünü itirib. Məsələn, Baltikyanı ölkələr və Polşa artıq uzun müddətdir NATO-nun üzvüdürlər və onların bu mövqedən geri çəkilməsi gözlənilmir. Yəni 1997-ci il sərhədlərinə qayıdılması nə Qərb tərəfindən qəbul ediləcək, nə də bu ölkələr üçün məqbul olacaq. Ümumilikdə demək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi bu məsələdə də danışıqların nəticəsiz qalacağı bir dalana dirənəcək. Çünki nə Rusiyanın, nə də Ukraynanın bu məsələdə güzəştə gedərək razılaşması real görünür. Eyni zamanda, Qərbin də Rusiyanın tələbləri ilə razılaşması mümkün deyil. Bu isə o deməkdir ki, nə NATO 1997-ci il sərhədlərinə qayıdacaq, nə də Rusiya hazırda istədiklərini əldə edə biləcək. Məsələ məhz bundan ibarətdir. Digər tərəfdən, burada söhbət təkcə Ukrayna, Polşa və Belarus kimi ölkələrdən getmir. Söhbət postsovet məkanında, xüsusilə Cənubi Qafqaz regionunda yerləşən dövlətlərdən gedir. Bu ölkələrin bir çoxu hazırda Avropaya və Qərbə yaxınlaşan mövqedədir. Qərb də həmin ərazilərdə öz fəaliyyətini və təsir imkanlarını genişləndirməyə, mövqelərini möhkəmləndirməyə çalışır.

Ekspert qeyd edib ki, bu gün Qərbin Cənubi Qafqaz regionunda da fəallaşdığını görürük. Ermənistan, Gürcüstan və Azərbaycanla münasibətlər vasitəsilə Qərb Cənubi Qafqaza nüfuz etməyə çalışır. Bu cəhdlər Rusiyanın da diqqətindən kənarda qalmır. Rusiya isə postsovet ölkələrində, o cümlədən Cənubi Qafqaz və Asiya dövlətlərində bu prosesin genişlənməsinin qarşısını almaq üçün əlindən gələni edir. Artıq Rusiyanın təsir dairəsindən çıxmış regionlar və postsovet ölkələri var. Belə dövlətlər daha çox NATO və Qərblə əlaqələrə üstünlük verirlər. Bununla yanaşı, hələ də Qərblə tam şəkildə yaxınlaşa bilməyən ölkələr də mövcuddur. Çünki onların Avropa qitəsinə coğrafi baxımdan yaxın olmaması da müəyyən çətinliklər yaradır. Buna görə də Rusiyanın bu məsələdə heç bir səviyyədə güzəştə getməyə hazır olmadığını nəzərə alsaq, hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi hələ də nəticəsiz qalmaqda davam edəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31