ABŞ-İran münasibətlərində düyün açılmır: Regionu hansı təhlükələr gözləyir? - ÖZƏL
13:43 Siyasət"Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları İranla hər hansı razılaşmaya getməyə hazır deyil və bunu istəmir."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Amerikanın bir şərti var: İran nüvə silahı istehsalından imtina etməli, eyni zamanda ölkədə rejim dəyişikliyi baş verməlidir. Mən bu məsələ başlayandan bəri deyirəm ki, ABŞ-da dünyəvi dövlət qurulmadıqca Amerika İrandan geri çəkilən deyil. Çünki bu fars-molla rejimi sadəcə dünyanın deyil, elə İranın özünün də başına bəladır və hər kəs üçün problem yaradır.
Ona görə də Amerikada belə hesab edirlər ki, artıq bu rejim çökməli, onun yerində yeni, dünyəvi İran dövləti qurulmalıdır ki, onunla danışmaq və anlaşmaq mümkün olsun. İndiki halda ABŞ İranla nə danışa, nə də anlaşa bilir. Belə bir vəziyyət əbədi davam edə bilməz və bu məsələ nəhayət, bir nöqtədə həllini tapmalıdır.
Bu baxımdan düşünürəm ki, Amerika Birləşmiş Ştatları öz mövqeyində israrlı olacaq. Eyni zamanda, tərəflər arasında münasibətlərin normallaşmaması, əlbəttə ki, bizim üçün əlavə təhdid və təhlükə mənbəyi olaraq qalır. İran münaqişə vəziyyətində olduğu müddətdə bu, bizim üçün də vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Çünki İran aqressiv siyasət yürüdür, bütün qonşularına qarşı kin və düşmənçilik nümayiş etdirir. Bunun üçün də bəhanə kimi ABŞ-ı və İsraili göstərir. Əlbəttə ki, münaqişəli vəziyyət davam etdikcə, İranın bu iddiaları da gündəmdə qalacaq.
Ona görə də düşünürəm ki, Amerika Birləşmiş Ştatları ilə İranın anlaşması həm bizim, həm də bütövlükdə Yaxın Şərqin maraqlarına xidmət edərdi."
İbrahim Məmmədli