Azərbaycan Avropa təhlükəsizliyi və nəqliyyat-kommunikasiya sisteminin iştirakçılarından biridir - ÖZƏL

"Avropa Siyasi Birliyinin Zirvə toplantısı bu dəfə Dublində keçirilir. Tədbir Avropa İttifaqına üzv olan və olmayan ölkələrin liderlərini bir araya gətirəcək. Təhlükəsizlik, iqtisadi gələcək və geosiyasi çağırışların müzakirəsi baxımından bu platforma mühüm əhəmiyyət kəsb edir.

İlk növbədə, Avropanın təhlükəsizliyi və gələcək təhlükəsizlik arxitekturası əsas müzakirə mövzularından biri olacaq. Heç şübhəsiz ki, bu istiqamətdə Rusiya-Ukrayna müharibəsi, Avropa ilə ABŞ arasında dəyişən münasibətlər, NATO-nun Avropanın təhlükəsizlik sistemində gələcək rolu, hibrid təhdidlər, kibertəhlükəsizlik və xarici müdaxilələr, eləcə də Avropanın müdafiə potensialının gücləndirilməsi məsələləri xüsusi yer tutacaq."   Bu  fikirləri  Olaylar.az-a  açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib: " Ukrayna məsələsi də toplantının əsas gündəlik mövzularından biri olacaq. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki toplantı müharibənin dayandırılması istiqamətində ABŞ-nin diplomatik səylərinin davam etdiyi bir mərhələyə təsadüf edir. Bu kontekstdə əsas məsələlərdən biri Avropa ölkələrinin mümkün sülh danışıqlarında vahid mövqe formalaşdırması və öz maraqlarının nəzərə alınmasını təmin edə bilməsidir. Beləliklə, toplantı kifayət qədər geniş geosiyasi məsələləri əhatə edəcək.

Enerji təhlükəsizliyi və iqtisadi rəqabətqabiliyyətlilik də əsas müzakirə istiqamətlərindən biri kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsi son dərəcə aktualdır. Çünki müasir dövrdə geosiyasi münaqişələr enerji qiymətlərinə, təchizat marşrutlarına və Avropa iqtisadiyyatının dayanıqlılığına birbaşa təsir göstərir. Bu baxımdan Avropa ölkələri üçün enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi strateji əhəmiyyət daşıyır.

Avropa Siyasi Birliyinin əsas xüsusiyyətlərindən biri də Avropa İttifaqına üzv olmayan dövlətləri də əhatə etməklə daha geniş siyasi dialoq imkanları yaratmasıdır. Bu kontekstdə Azərbaycan kimi Avropa ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz üzərindən birləşdirən strateji coğrafi mövqeyə malik ölkənin iştirakı xüsusi əhəmiyyət kəsb edir.

İlk növbədə, Azərbaycan belə platformalarda iştirak etməklə öz diplomatik fəallığını artırır, eyni zamanda regional və qlobal miqyaslı strateji çağırışların müzakirəsində fəal iştirak imkanlarını genişləndirir.

Regional təhlükəsizlik məsələsi də son dərəcə önəmlidir. Cənubi Qafqaz Avropanın təhlükəsizliyi, nəqliyyat bağlantıları və geosiyasi sabitliyi ilə bağlı müzakirələrdə getdikcə daha çox əhəmiyyət kəsb edən regiondur. Regionun aparıcı dövləti olan Azərbaycanın bu platformada iştirakı da məhz bu reallıqdan irəli gəlir.

Şübhəsiz ki, enerji əməkdaşlığı da Azərbaycan üçün mühüm istiqamətlərdən biridir. Azərbaycanın Avropa bazarlarına enerji təchizatçısı kimi rolu uzunmüddətli enerji təhlükəsizliyi məsələlərinin müzakirəsində ölkəmizin mövqeyini daha da aktuallaşdırır.

Digər mühüm istiqamət nəqliyyat və logistika bağlantılarıdır. Orta Dəhlizin inkişafında, Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində Azərbaycanın xüsusi rolu var. Bu baxımdan Azərbaycan Avrasiyanın geoiqtisadi xəritəsinin formalaşdırılmasında mühüm bağlantı mərkəzlərindən birinə çevrilir.

Regional diplomatiya baxımından da bu tədbir əhəmiyyətlidir. Avropa Siyasi Birliyi Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsi, eləcə də regional məsələlərin daha geniş siyasi müstəvidə müzakirəsi üçün əlavə imkanlar yaradır.

Digər mühüm məqam qeyri-formal diplomatiyanın əhəmiyyətidir. Bu cür toplantılarda qeyri-formal görüşlərin, ayaqüstü fikir mübadilələrinin aparılması liderlər arasında birbaşa siyasi və diplomatik təmasların qurulması baxımından mühüm amildir. Belə təmaslar dövlətlər arasında siyasi dialoq kanallarının genişləndirilməsinə əlavə impuls verə bilər.

Bütün bunlar onu göstərir ki, Azərbaycanı yalnız Avropa İttifaqının qonşusu kimi deyil, daha geniş Avropa təhlükəsizliyi və nəqliyyat-kommunikasiya sisteminin iştirakçılarından biri kimi nəzərdən keçirmək lazımdır. Bu istiqamətdə Azərbaycan Liderinin iştirakı zəruri olduğu qədər, dövlət başçımızın strateji vizyonuna da ehtiyac duyulur. 

Avropa Siyasi Birliyi Avropa İttifaqının qərarverici institutu olmasa da, geniş siyasi müzakirə və diplomatik dialoq platforması kimi mühüm əhəmiyyət daşıyır. Diplomatik koordinasiyanın, siyasi dialoqun və ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi də bu görüşün əsas siyasi əhəmiyyətini müəyyən edən amillərdəndir. "

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31