İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazana biləcək?
13:51 SosialAzərbaycanda saatlıq əməkhaqqı və saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, yeni mexanizm saatlıq çalışan vətəndaşların əməkhaqqının daha yüksək hesablanmasına və onların bir neçə iş yerində çalışaraq gəlirlərini artırmasına imkan verə bilər.
"Burada əsas məqsəd dünya praktikasına uyğun olaraq əməkhaqqının saatlıq hesablanmasını təmin etmək, eyni zamanda saatlıq çalışan vətəndaşlar üçün müvafiq əməkhaqqı və müqavilə mexanizmi yaratmaqdır.
Təklif olunan dəyişikliklərdə ən mühüm məqamlardan biri saatlıq minimum əməkhaqqının orta aylıq əməkhaqqının aylıq iş saatlarına bölünməsi yolu ilə müəyyən edilməməsidir. Yəni saatlıq minimum əməkhaqqı sadəcə orta aylıq əməkhaqqının ay ərzindəki iş saatlarına bölünməsi ilə əldə olunmayacaq. Bu zaman əmsallardan istifadə ediləcək və müvafiq meyarlar müəyyənləşdiriləcək", - deyə deputat bildirib.
O əlavə edib ki, bu yanaşma saatlıq minimum əməkhaqqının daha yüksək müəyyən edilməsinə və həmin sistemlə çalışan vətəndaşların daha çox gəlir əldə etməsinə şərait yaradacaq.
"Yeni mexanizm eyni zamanda vətəndaşlara bir neçə iş yerində çalışmaq imkanı verəcək. Bu, vətəndaşlarımızın aylıq gəlirlərinin artmasına imkan yaradacaq. Həm saatlıq minimum əməkhaqqının daha yüksək olması, həm də bir neçə iş yerində çalışmaq imkanı onların daha çox əməkhaqqı və gəlir əldə etməsinə şərait yaradacaq", - deyə V.Bayramov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, ictimai iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri və informasiya texnologiyaları sektorunda çalışanların əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər.