COP29-dan COP31-ə: Azərbaycanın iqlim diplomatiyasında davamlılıq və qlobal məsuliyyət – ÖZƏL
14:13 Siyasət"Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı iştirakını yalnız ekoloji gündəliklə məhdudlaşdırmaq doğru olmazdı. Burada söhbət həm də beynəlxalq gübəndən, dövlətlərarası işbirliyindən, iqtisadi transformasiyadan və gələcək nəsillər qarşısında ortaq məsuliyyətdən gedir".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Prezident İlham Əliyevin Antalyada keçirilən COP31 Liderlər Sammitində iştirakı Azərbaycanın COP29-a ev sahibliyindən sonra da beynəlxalq iqlim gündəliyində fəal mövqe tutmaq niyyətinin ifadəsi kimi dəyərləndirilə bilər. Bakı COP29-u ölkəmizin qlobal önəm daşıyan problemlərin müzakirəsində, fərqli maraqların uzlaşdırılmasında və çoxtərəfli diplomatiya müstəvisində iştirakının mühüm mərhələsi idi. İqlim dəyişmələri artıq yalnız təbiətin qorunması məsələsi sayılmır. Bu problem ərzaq və su təhlükəsizliyinə, enerji siyasətinə, iqtisadi inkişafa, miqrasiyaya və bütövlükdə beynəlxalq təhlükəsizliyə birbaşa təsir göstərir. Ona görə də iqlim diplomatiyası çağdaş dünya siyasətinin mühüm yönlərindən birinə çevrilib. Azərbaycanın bu prosesdə iştirakı həm enerji istehsalçısı, həm də yaşıl enerji keçidində maraqlı dövlət kimi özünəxas əhəmiyyət daşıyır. Əsas məsələ ənənəvi enerji imkanları ilə bərpaolunan enerji potensialı arasında rasional tarazlığın qurulması, iqtisadi inkişafla ekoloji məsuliyyətin uzlaşdırılmasıdır. Bax, bu baxımdan dövlət başçısının COP31-də iştirakı Bakıdan Antalyaya uzanan iqlim diplomatiyası xəttində davamlılığın, beynəlxalq dialoqun və qarşılıqlı məsuliyyət prinsipinin önəmini göstərir. Bəli, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqlim siyasətinə verdiyi töhfəni konkret nəticələrlə ifadə etməyə imkan yaratdı. Özəlliklə inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşdirilməsinin 2035-ci ilədək illik azı 300 milyard ABŞ dollarına çatdırılması barədə razılaşma və Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarları mexanizmlərinin razılaşdırılması önəmli nəticələr sırasında yer aldı. Əlbəttə, razılaşmaların əldə edilməsi ilə onların praktik icrası tam eyni anlama gəlmir. COP31-də Azərbaycanın töhfəsi məhz Bakı razılaşmalarının gerçək maliyyə mexanizmlərinə, yatırım layihələrinə və ölçülə bilən ekoloji nəticələrə çevrilməsini təşviq etməkdən ibarət ola bilər. Burada üç istiqaməti xüsusi vurğulaya billik:
iqlim maliyyəsinə ədalətli çıxışın təmin olunması, yaşıl enerji sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və iqlim dəyişmələrinə daha həssas ölkələrin maraqlarının nəzərə alınması.
"Azərbaycanın coğrafi mövqeyi, enerji infrastrukturu və bərpaolunan enerji layihələri ölkəmizə bölgəsəl yaşıl enerji işbirliyində iştirak imkanları yaradır. Xəzər hövzəsindən Qara dənizə və Avropaya uzanan enerji bağlantıları bu baxımdan həm iqtisadi, həm də ekoloji önəm daşıyır.
Digər vacib məqam Azərbaycanla Türkiyənin iqlim diplomatiyası sahəsində təcrübə mübadiləsidir. Antalyada keçirilən sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlki COP sədrliklərinin təcrübəsini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür etməsi də bu davamlılığın konkret ifadəsidir.
İqlim siyasətinin uğuru beynəlxalq konfransların yekun sənədlərindən daha çox, həmin qərarların insanların gündəlik yaşamında yaratdığı müsbət dəyişikliklərlə ölçülməlidir. Təmiz suya çıxış, sağlam ətraf mühit, dayanıqlı kənd təsərrüfatı, enerji təhlükəsizliyi və təbii fəlakətlərə hazırlıq iqlim diplomatiyasının birbaşa insan həyatına toxunan istiqamətləridir. Azərbaycanın COP31 prosesinə mümkün töhfələrindən biri də məhz bu insanmərkəzli yanaşmanın gücləndirilməsi ola bilər. COP29 Azərbaycanın qlobal iqlim müzakirələrində təşkilatçı və vasitəçi kimi təcrübə qazandığı mərhələ idisə, qardaş ölkədə keçirilən COP31 həmin təcrübənin davamlı beynəlxalq işbirliyinə çevrilməsi üçün növbəti platformdur. İqlim dəyişmələri sərhəd tanımır; deməli, ona qarşı mübarizə də yalnız milli imkanlarla məhdudlaşa bilməz. Bu gün dövlətlərinin qarşısında duran başlıca vəzifə rəqabəti işbirliyi ilə, açıqlamaları əməli çalışmalarla, qısamüddətli maraqları isə gələcək nəsillər qarşısında məsuliyyətlə uzlaşdırmaqdır. Azərbaycanın bu prosesdə iştirakının önəmini də həmin geniş mənəvi, siyasi və ekoloji məsuliyyət müstəvisində qiymətləndirmək gərəkdir", - deyə türkoloq əlavə edib.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova