Müstəqil Azərbaycanın hüquqi dayağı- Konstitusiyanın 31 illik tarixi-ÖZƏL

1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. Demokratik, hüquqi və dünyəvi dövlət modelinin əsasını qoyan bu fundamental sənəd ölkəmizin hüquqi sisteminin formalaşmasında və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində müstəsna rol oynayıb.
Zamanın tələblərinə uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə təkmilləşdirilən Əsas Qanun bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qüdrətli Azərbaycanın inkişafına etibarlı hüquqi zəmin yaradır.

Müasir Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin şah əsəri hesab edilən Konstitusiyanın tarixi və siyasi əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin hüquqi-siyasi sisteminin möhkəmlənməsində və demokratik dövlət quruculuğunda müstəsna tarixi-siyasi əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyevin uzun illik dövlətçilik və liderlik təcrübəsinin bəlkə də ən ali təzahürü məhz Azərbaycan Konstitusiyasıdır. Bu Konstitusiya ölkədə qanunun aliliyini, demokratik, hüquqi və dünyəvi dövlət modelini təsbit etdi. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsünü müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının dövlətin ali dəyəri kimi qəbul olunmasını və təminatını hüquqi müstəviyə gətirdi. Xüsusi mülkiyyətin toxunulmazlığını və sahibkarlığın sərbəstliyini elan edərək iqtisadi inkişafa zəmin yaratdı. 1991-1993-cü illərdəki böhran vəziyyətindən sonra Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətdə ictimai-siyasi sabitlik və dövlətçilik ənənələri möhkəmləndirildi.
2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə dövrün tələblərinə uyğunlaşdırılaraq bu gün ərazi bütövlüyü tam bərpa edilmiş suveren Azərbaycanın inkişafına xidmət edir. Yeni ideyalar, dövrün tələbləri, xalqın ümumi mənafeyi naminə öz mütərəqqiliyini qoruyan Konstitusiyamız bütün xüsusiyyətlərinə görə əvəzsizdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31