Müstəqil Azərbaycanın hüquqi təməli: Konstitusiya islahatları dövlətçiliyimizə nə qazandırdı? – ÖZƏL
16:40 Siyasət"Konstitusiya Azərbaycan dövlətinin təməl prinsiplərini təşkil edir və dövlətçiliyin mahiyyətini özündə ehtiva edir. Bu baxımdan, dövlətin qurulmasında və dövlətçiliyin əsaslarının qoyulmasında Konstitusiyanın qəbul edilməsi müstəsna əhəmiyyətə malikdir. Deyərdim ki, Konstitusiya Azərbaycanın konkret olaraq pasportudur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövründə bu ana qanunun qəbul edilməsi Azərbaycan dövlətçiliyinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu bir daha sübut edir. Əlbəttə ki, sonrakı proseslər, o cümlədən 1995-ci il noyabrın 12-də demokratik əsaslarla seçilmiş ilk Azərbaycan parlamentinin formalaşdırılması da bu prosesin mühüm tərkib hissəsi olub. Çox rəngarəng və geniş tərkibli bir parlament idi. Qeyd edim ki, həmin dövrdə beynəlxalq təşkilatlar həm parlament seçkilərini, həm də referendumla bağlı məsələləri yüksək səviyyədə qiymətləndirirdilər. 2002, 2009 və 2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı üç dəfə referendum keçirilib. Bu referendumlar Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edib. Məsələn, sonuncu dəyişikliklər zamanı seçkilərdə namizəd olmaq üçün yaş həddi 18 yaşa endirildi. Bildiyiniz kimi, əvvəllər parlament seçkilərində namizəd olmaq üçün 25, prezident seçkilərində isə 35 yaş tələb olunurdu. Bu isə həmin yaş həddindən aşağı olan şəxslərin namizəd olmaq hüququnu məhdudlaşdırırdı. Artıq insanlar bu hüququ əldə etdilər. Bu, özü çox mühüm məqamdır. Ümumilikdə, Konstitusiyanın qəbulu və sonrakı dövrlərdə ona edilən əlavə və dəyişikliklər məhz vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasına, eləcə də dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edib.
Səidə Ramazanova