TUTANXAMONUN SANDIQLARINDAN YENİ SƏNƏT KOLLEKSİYASINA: AZƏRBAYCAN-MİSİR ƏMƏKDAŞLIĞININ YARADICI PERSPEKTİVLƏRİ

Qədim Misirin zəngin mədəni yaddaşının araşdırılması, müasir tətbiqi sənət nümunələrində yaşadılması və dünya ictimaiyyətinə yeni yaradıcılıq dili ilə təqdim edilməsi

Qədim Misir sivilizasiyasının dünya mədəniyyətinə bəxş etdiyi zəngin irs yalnız arxeoloji tapıntılar, memarlıq abidələri və təsviri sənət nümunələri ilə məhdudlaşmır. Bu sivilizasiyanın maddi-mədəni yaddaşında mühüm yer tutan sandıqlar və mücrülər də minilliklər əvvəl formalaşmış sənətkarlıq təcrübəsinin, estetik düşüncənin və texnoloji biliklərin qiymətli daşıyıcılarıdır. Xüsusilə firon Tutanxamonun məzar kompleksindən aşkar edilmiş nümunələr qədim Misir sənətkarlığının imkanlarını öyrənmək baxımından dünya elmi ictimaiyyətinin diqqətini cəlb edən nadir irs nümunələrindəndir.

Lakin bu tarixi irsə müasir yanaşmanın yalnız onun keçmişdəki xüsusiyyətlərinin öyrənilməsi ilə məhdudlaşması vacib deyil. Tarixi sənətkarlıq ənənələrinin müasir yaradıcılıq prosesinə qazandırılması, qədim mədəni kodların yeni sənət nümunələrində yaşadılması və onların gələcək nəsillərə fərqli ifadə vasitələri ilə çatdırılması da irsin qorunmasının mühüm istiqamətlərindən biridir.

Məhz bu yanaşma "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin fəaliyyət fəlsəfəsinin əsas istiqamətlərindən birini təşkil edir. Təşkilatın Araşdırmalar Mərkəzinin rəhbəri, tətbiqi sənət ustası və araşdırmaçı İsgəndər Sərdarlının "Dünya Sandıqları" silsiləsi çərçivəsində apardığı tədqiqatlar da bu məqsədə xidmət edir. Burada araşdırma son məqsəd deyil. Onun nəticələrinin yeni sənət nümunələrinin yaradılmasına, tarixi irsin müasir sənət dilində təqdim olunmasına və mədəniyyətlərarası dialoqun inkişafına yönəldilməsi nəzərdə tutulur.

TUTANXAMONUN SANDIQLARI - ARAŞDIRMADAN YARADICILIĞA

1922-ci ildə Hovard Karterin rəhbərliyi ilə Tutanxamonun məzar kompleksinin aşkar edilməsi qədim Misir maddi-mədəni irsinin öyrənilməsində yeni mərhələ açdı. Buradan tapılmış müxtəlif təyinatlı sandıqlar, mücrülər və digər əşyalar qədim Misir sənətkarlarının material seçimi, ağac emalı, konstruktiv həlləri və bədii tərtibat sahəsindəki biliklərini nümayiş etdirir.

Bu nümunələrin üzərindəki hökmdar təsvirləri, ov səhnələri, bitki motivləri, simvolik kompozisiyalar və mürəkkəb dekorativ elementlər yalnız bədii tərtibat nümunələri deyil. Onlar qədim Misirin dünyagörüşünü, dini təsəvvürlərini, məişət mədəniyyətini və sosial münasibətlərini ifadə edən vizual məlumat mənbələridir.

Tutanxamonun məzarından aşkar edilmiş sandıqların tədqiqi ilə bağlı elmi ədəbiyyat və arxeoloji mənbələr bu irsin müxtəlif tərəflərini geniş şəkildə işıqlandırıb. İndi qarşıda duran məsələlərdən biri həmin bilikləri yeni yaradıcılıq yanaşmaları ilə əlaqələndirməkdir.

Araşdırmalar Mərkəzinin yanaşması məhz bu nöqtədə ənənəvi sənət tarixçiliyi çərçivəsindən genişlənir. Məqsəd qədim nümunələri yalnız təsvir etmək, təsnifləşdirmək və onların tarixi xüsusiyyətlərini müəyyənləşdirmək deyil. Həm də həmin nümunələrdə qorunmuş mədəni kodları, bədii prinsipləri və sənətkarlıq təcrübəsini öyrənərək müasir tətbiqi sənətdə yeni ifadə formaları yaratmaqdır.

Bu, tarixi nümunələrin surətini hazırlamaq və ya onların zahiri görünüşünü təkrarlamaq demək deyil. Söhbət qədim irsin elmi əsaslarla öyrənilməsindən, onun mahiyyətinin yaradıcı şəkildə mənimsənilməsindən və müasir sənət dilində yeni nümunələrin meydana gətirilməsindən gedir.

ARAŞDIRMA, YARADILIŞ VƏ MƏDƏNİ YADDAŞIN DAVAMLIĞI

İctimai Birliyin fəaliyyətində tətbiq olunan yanaşmanın əsas xüsusiyyəti araşdırma ilə yaradıcılığın vahid prosesin tərkib hissələri kimi nəzərdən keçirilməsidir.

Bu proses tarixi mənbələrin və elmi məlumatların öyrənilməsi ilə başlayır. Ardınca əldə edilən biliklər əsasında tarixi və mədəni elementlərin seçilməsi, onların müasir sənət kontekstində interpretasiyası, yeni konstruktiv və bədii həllərin hazırlanması, nəhayət, orijinal tətbiqi sənət nümunələrinin yaradılması mərhələləri gəlir.

Beləliklə, keçmişin sənətkarlıq təcrübəsi yalnız qorunan tarixi məlumat olaraq qalmır, müasir yaradıcılığın yeni mənbəyinə çevrilir.

Bu istiqamətdə təşkilatın artıq müəyyən təcrübəsi də mövcuddur. Təxminən dörd il əvvəl Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi tərəfindən Macarıstanın milli ornamentləri və mədəni irsini əks etdirən naxış nümunələri təqdim olunmuş, onların əsasında yeni tətbiqi sənət nümunələrinin yaradılması təşəbbüsü irəli sürülmüşdü.

Bu əməkdaşlıq çərçivəsində Toğrul Sərdarlı tərəfindən iki mücrü hazırlanmış, həmin nümunələrdən biri Macarıstan tərəfinə təqdim edilmişdi. Digər yaradıcılıq nümunəsi isə hazırda Sərdarlı ailəsinin yaratdığı və İctimai Birliyin mühüm fəaliyyət platformalarından biri olan "Sərdar Sandıq-Mücrü Ocağı"nda "Macar eşqi" adı ilə qorunur.

Bu təcrübə müxtəlif xalqların mədəni irsinin müasir tətbiqi sənətdə yaradıcı şəkildə yaşadılmasının mümkünlüyünü nümayiş etdirir. Eyni zamanda, tarixi ornament və mədəni kodların öyrənilməsi ilə başlayan əməkdaşlığın konkret sənət nümunələrinin yaranması və onların qarşılıqlı təqdimatı ilə nəticələnə biləcəyini göstərir.

Misir istiqamətində nəzərdə tutulan təşəbbüs də bu təcrübənin daha geniş miqyasda inkişaf etdirilməsi məqsədi daşıyır.

MİSİRƏ VƏFA BORCU - YENİ KOLLEKSİYA İDEYASI

Dünya sandıqçılıq tarixinin öyrənilməsinə həsr olunmuş elmi ədəbiyyatda qədim Misir sənətkarlığına xüsusi yer ayrılır. Müxtəlif dövrlərə aid Misir nümunələri sandıqçılıq ənənələrinin tarixi inkişafını araşdıran tədqiqatçılar üçün mühüm mənbələrdəndir.

Bu baxımdan İctimai Birliyin Misir mədəni irsinə marağı yalnız yeni bir tədqiqat mövzusu əldə etmək istəyi ilə izah olunmur. Burada daha geniş mədəni və yaradıcı məsuliyyət anlayışı mövcuddur.

Əgər dünya sandıqçılıq tarixinin öyrənilməsində qədim Misir irsi fundamental mənbələrdən biri kimi qəbul edilirsə, həmin irsin müasir tətbiqi sənətdə yeni yaradıcı ifadəsini tapması da xüsusi əhəmiyyət daşıyır. Bu, müəyyən mənada, qədim Misir sənətkarlığının dünya mədəniyyətinə verdiyi töhfəyə yaradıcı münasibətin, bir növ mədəni vəfa borcunun ifadəsidir.

İctimai Birliyin məqsədi qədim Misirin mədəni yaddaşından, sənətkarlıq ənənələrindən, simvolik təsvirlərindən və bədii irsindən ilhamlanan, lakin müstəqil yaradıcı konsepsiya əsasında hazırlanmış yeni bir kolleksiyanın formalaşdırılmasıdır.

Belə bir kolleksiya ayrı-ayrı tarixi motivlərin mexaniki təkrarı deyil, qədim Misir mədəniyyətinin elmi əsaslarla öyrənilməsinin, müasir yaradıcılıq metodologiyasının və tətbiqi sənət ustalarının fərdi təcrübəsinin vəhdətindən yaranmalıdır.

Bu məqsədlə Misir mütəxəssislərinin bilik və təcrübəsi ilə birbaşa əlaqələrin qurulması, müvafiq elmi mənbələrə çıxış imkanlarının genişləndirilməsi və gələcəkdə tarixi-mədəni irsin yerində öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Nəzərdə tutulan kolleksiyanın Misir ictimaiyyətinə, sənətkarlıq və elmi dairələrinə təqdim edilməsi də təşəbbüsün mühüm istiqamətlərindən biridir. Eyni zamanda, Misir mədəniyyətinin zəngin irsindən ilhamlanan yeni əsərlərin yaradılması üçün qarşılıqlı yaradıcılıq mübadiləsi imkanlarının formalaşdırılması arzu olunur.

MİSİR MƏDƏNİYYƏT MƏRKƏZİ - ELM VƏ YARADICILIQ ARASINDA KÖRPÜ

Bu məqsədlərin həyata keçirilməsi baxımından 3 noyabr 2026-cı il tarixində Bakıda keçirilmiş görüş xüsusi əhəmiyyət daşıyır.

Həmin gün "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri Lalə Sərdarlı və təşkilatın xarici əlaqələr şöbəsinin rəhbəri, Araşdırmalar Mərkəzinin rəhbəri İsgəndər Sərdarlı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.

Mərkəzin direktoru, mədəniyyət attaşesi, professor, doktor Tarek M. Aboul-Fotouh ilə keçirilən görüşdə Azərbaycan-Misir mədəni əlaqələrinin inkişafı, qədim Misir irsinin öyrənilməsi və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı İsgəndər Sərdarlı Tutanxamonun məzar kompleksindən aşkar edilmiş sandıqlarla bağlı apardığı araşdırmalar, Olaylar.az saytında dərc olunmuş "Tutanxamonun sandıqları: Zamanın qoruduğu mesaj" adlı məqaləsi və "Dünya Sandıqları" tədqiqat silsiləsi barədə məlumat verib.

Lakin müzakirələrin məzmunu yalnız mövcud araşdırmaların təqdimatı ilə məhdudlaşmayıb. Əsas diqqət elmi biliklərin gələcək yaradıcı fəaliyyət üçün necə mənbəyə çevrilə biləcəyinə, Misir mütəxəssisləri ilə birbaşa əlaqələrin hansı imkanlar aça biləcəyinə yönəlib.

İctimai Birliyin yanaşmasına görə, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi bu prosesdə Azərbaycan tətbiqi sənət ustaları ilə Misirin müvafiq elmi və mədəni qurumları arasında əlaqələndirici körpü rolunu oynaya bilər.

Belə bir əməkdaşlıq sayəsində qədim Misir irsinin müxtəlif istiqamətləri üzrə mütəxəssislərlə elmi məsləhətləşmələrin aparılması, tarixi mənbələrin öyrənilməsi, mədəni irs nümunələri ilə daha yaxından tanışlıq və gələcəkdə yerində tədqiqat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənə bilər.

Burada məqsəd yalnız Misir haqqında məlumat əldə etmək deyil. Məqsəd həmin bilikləri öz tədqiqat və yaradıcılıq metodologiyamızla birləşdirərək yeni sənət nümunələri yaratmaq, onların vasitəsilə qədim Misirin mədəni yaddaşını müasir dünyaya fərqli ifadə vasitələri ilə təqdim etməkdir.

SƏNƏTDƏ SÜLH ELÇİLİYİ VƏ ÜMUMDÜNYA MƏDƏNİ İRSİNƏ TÖHFƏ

İctimai Birliyin fəaliyyət fəlsəfəsi yalnız Azərbaycan milli mədəni irsinin qorunması və beynəlxalq miqyasda tanıdılması ilə məhdudlaşmır. Təşkilatın qarşıya qoyduğu məqsədlər sırasında müxtəlif xalqların mədəni irsinin öyrənilməsi, mədəniyyətlərarası dialoqun inkişafına töhfə verilməsi və sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi də mühüm yer tutur.

Bu yanaşma təşkilatın "Sənətdə sülh elçiliyi" missiyasının mahiyyətini ifadə edir.

Müxtəlif xalqların mədəni irsinə müraciət etmək, həmin irsi öyrənmək, onun əsasında yeni sənət nümunələri yaratmaq və bu nümunələri beynəlxalq platformalarda təqdim etmək mədəniyyətlər arasında qarşılıqlı maraq və anlaşma üçün yeni imkanlar yaradır.

Bu baxımdan qədim Misir mədəni irsi İctimai Birliyi üçün yalnız araşdırma obyekti deyil, ümumdünya mədəni irsinin qorunması və müasir yaradıcılıqda yaşadılması istiqamətində mühüm tərəfdaşlıq mövzusudur.

Gələcəkdə Misir mədəni yaddaşına əsaslanan yeni kolleksiyanın yaradılması ilə yanaşı, həmin nümunələrin Azərbaycanda və digər ölkələrdə təşkil olunacaq sərgilərdə, beynəlxalq təqdimatlarda və maarifləndirmə platformalarında nümayiş etdirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətlərindəndir.

Bu işin mühüm tərəflərindən biri də yeni nəslin dünya mədəni irsinə münasibətinin formalaşdırılmasıdır. Yaradılacaq sənət nümunələri yalnız sərgi eksponatları kimi deyil, həm də qədim sivilizasiyaların tarixi, sənətkarlıq ənənələri və mədəni yaddaşı haqqında biliklərin çatdırılması üçün maarifləndirici vasitələr kimi nəzərdən keçirilir.

Beləliklə, araşdırma, yaradılış, qoruma, təbliğat və maarifləndirmə bir-birini tamamlayan vahid fəaliyyət modelinə çevrilir.

KEÇMİŞİN MƏDƏNİ YADDAŞINDAN GƏLƏCƏYİN SƏNƏTİNƏ

"Sərdar Sandıq-Mücrü Ocağı"nda qorunan və yaradılan nümunələr, Macarıstan mədəni irsi əsasında həyata keçirilmiş yaradıcılıq təcrübəsi və "Dünya Sandıqları" tədqiqat silsiləsi bu istiqamətdə formalaşan fəaliyyət modelinin ayrı-ayrı tərəflərini əks etdirir.

Sərdarlı ailəsinin yaratdığı və İctimai Birliyin mühüm mədəniyyət və yaradıcılıq platformalarından biri olan Ocaq bu fəaliyyətin praktik mərkəzi kimi xüsusi əhəmiyyət daşıyır. Burada ənənəvi sənətkarlıq təcrübəsi, müasir yaradıcılıq yanaşmaları və müxtəlif xalqların mədəni irsindən qaynaqlanan yeni ideyalar vahid yaradıcılıq mühitində birləşir.

Misir istiqamətində nəzərdə tutulan təşəbbüsün də bu təcrübəyə əsaslanaraq daha geniş beynəlxalq məzmun qazanması mümkündür.

İctimai Birlik üçün əsas məsələ qədim Misir irsini sadəcə tanımaq və təqdim etmək deyil. Həmin irsin elmi biliklərə söykənən yaradıcı mənimsənilməsi, yeni kolleksiyada yaşadılması, Misir ictimaiyyətinə təqdim edilməsi və beynəlxalq mədəni dialoqun bir hissəsinə çevrilməsidir.

Tutanxamonun minilliklər boyu qorunub saxlanmış sandıqlarından başlayan araşdırma beləliklə yeni sənət nümunələrinin yaranmasına, elmi və yaradıcılıq əlaqələrinin inkişafına, iki xalqın mədəniyyətləri arasında yeni ünsiyyət imkanlarının formalaşmasına doğru genişlənə bilər.

Bu təşəbbüsün əsas ideyası isə sadə, lakin əhəmiyyətlidir: keçmişin mədəni yaddaşını yalnız qorumaq deyil, onu yeni sənət nümunələrində yaşadaraq gələcəyə ötürmək.

"Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin Misir istiqamətində qurmaq istədiyi əməkdaşlığın fəlsəfəsi də məhz bundan ibarətdir.

"Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin İnformasiya Mərkəzi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31