Bakı-Ankara birliyi yenidən diqqət mərkəzində: Liderlərin səmimi münasibəti nəyi göstərir?- ÖZƏL

COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibəti, birgə görüntüləri və təmasları diqqət çəkib. İki liderin nümayiş etdirdiyi yaxınlıq Azərbaycan-Türkiyə müttəfiqliyinin beynəlxalq platformada təqdimatı baxımından müzakirələrə səbəb olub. Bu münasibətlərin regional siyasi proseslərə və digər ölkələrə verdiyi mesajlar da maraq doğurur.

Əliyev və Ərdoğanın COP31 çərçivəsində nümayiş etdirdiyi səmimi münasibət və siyasi yaxınlıq beynəlxalq ictimaiyyətə hansı mesajları verir?
Bu birlik görüntüləri Cənubi Qafqazda mövcud geosiyasi proseslər, xüsusilə Ermənistan və digər regional güclərin mövqeyi baxımından necə şərh oluna bilər?

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Azərbaycan Prezidenti və Türkiyə Prezidentinin münasibətləri iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına səbəb olan mühüm amildir.
Azərbaycan və Türkiyə arasında son bir neçə həftədə müəyyən soyuqluq və narahatlıq müşahidə olunurdu. Bu vəziyyət Ermənistanın, onun havadarlarının və Azərbaycan-Türkiyə birliyini istəməyən qüvvələrin sevincinə səbəb olmuşdu. Onlar artıq bu əlaqələrin qırıldığını, iki ölkə arasında çox ciddi problemlərin yaşanacağını düşünürdülər.
Azərbaycan-Türkiyə birliyinin, paralel olaraq, Türk birliyinin sona çatacağını, tarixə qovuşacağını arzulayırdılar. Lakin onların bu istəkləri və arzuları ürəklərində qaldı. Çünki qardaş xalqlar arasında münasibətlər və əlaqələr əbədidir, daimidir.
Hər iki ölkənin prezidenti bəyan etdi ki, heç kim bu münasibətlərə müdaxilə edə, araya girə bilməz. Elə də oldu. Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazdakı proseslərin və regional reallıqların müəyyənləşdirilməsində çox mühüm amildir. Bu birlik təkcə Cənubi Qafqaz üçün deyil, Türk Dövlətləri Təşkilatı, o cümlədən Mərkəzi Asiya regionu, Türk dünyası, Avrasiya regionu və hətta Yaxın Şərq üçün də mühüm təsirə malikdir. Ona görə də düşünürəm ki, bu iki dövlətin birliyi, iki liderin səmimi münasibətləri və əlaqələrin davamlılığı sadaladığım regionlar üçün sülh, inkişaf və sabitlik deməkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31