Azərbaycanın çoxvektorlu siyasəti: geosiyasi maraqlar və strateji tərəfdaşlıq- ÖZƏL
17:17 Siyasət"Azərbaycan Qərbdən Şərqə, habelə Şimaldan Cənuba doğru beynəlxalq tranzit əhəmiyyətə malik qovşaqların üzərində, qlobal çəkiyə malik güc mərkəzlərinin strateji maraqlarının toqquşduğu qovşağın üzərində yerləşir və müxtəlif güc mərkəzləri ilə münasibətləri özünün və regionun təhlükəsizlik maraqları üzərində qurmağa məsuldur. Məlum güc mərkəzlərindən birinə münasibətdə meyillilik dərəcəsinin gözlənilməməsi regional, ardınca isə qlobal zəmində məlum güc mərkəzləri arasında münasibətlərin arzuolunmaz istiqamətə yönəlməsinə, dünyada nüfuz dairələri uğrunda gedən mübarizənin daha da gərginləşməsinə gətirib çıxara bilər. Məhz özünün və regionun təhlükəsizlik maraqları ilə bağlı amillərdən çıxış edərək rəsmi Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərin qarşılıqlı anlaşma və etimad müstəvisi üzərində genişlənməsinə xüsusi önəm verir, münasibətlərdə yumşaq gücün tətbiqinin tərəfdarı olan tərəf kimi çıxış edir, ən əsası isə bəlli geosiyasi güc mərkəzləri tərəfindən yumşaq gücə malik dövlət kimi qəbul edilir".
Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında söyləyib:
"Bununla yanaşı, rəsmi Bakı ölkənin ÜDM-nin əldə edilməsində xüsusi çəkiyə malik neft və qaz faktorunun əhəmiyyətinin mahiyyətinə varır, enerji daşınmalarının intensivliyini, rentabelliyini və nəhayət, təhlükəsizliyini təmin etmək baxımından müxtəlif geosiyasi hədəflərə malik dövlətlərlə münasibətlərin geoiqtisadi zəmində genişləndirilməsinə daha böyük önəm verir. Rəsmi Bakı regionun özündə və ətrafında, xüsusilə İran ətrafında hadisələrin necə inkişaf edəcəyini, Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurula biləcəyi ilə bağlı Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların perspektivlərini, nəhayət, noyabrın 19-da ABŞ, Rusiya və Çin liderləri arasında baş tutacaq görüşün beynəlxalq münasibətlər sisteminə gətirəcəyi perspektivləri nəzərə alaraq yeni geosiyasi reallıqlar, dünyanın qlobal çağırışları kontekstində çoxvektorlu xarici siyasətini davam etdirmək borcundadır.
Rəsmi Bakı ilə bəlli güc mərkəzlərinin əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə edilmiş razılaşmalar göstərir ki, Azərbaycan iqtidarı kifayət qədər mürəkkəb geosiyasi durum şəraitində belə etibarlı əməkdaş statusunu qoruyub saxlaya bilib və bu mövqe beynəlxalq yükdaşımalar, enerji və regional təhlükəsizlik problemlərinin həllində tərəflər arasındakı münasibətlərdə ötürücü qayış funksiyasında ciddi beynəlxalq və qlobal əhəmiyyətə malikdir".
Zeynəb Mustafazadə