Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanların əsas informasiya mənbəyi olmaqla yanaşı, milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mənəvi dəyərlərimizin qorunub yaşadılmasına mühüm töhfələr verdi.

Bu fikirlər Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı təbrikdə yer alıb.

Təbrikdə qeyd edilib ki, Azərbaycan televiziyasının fəaliyyətə başlaması ilə informasiya məkanımızda yeni mərhələnin əsası qoyuldu. Televiziya cəmiyyətin maariflənməsində, milli-mədəni irsimizin təbliğində, ictimai rəyin formalaşmasında və ölkəmizdə baş verən mühüm hadisələrin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynadı və oynamaqdadır. Radio və televiziya bu gün də dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği, həmçinin ölkəmizə qarşı ideoloji hücumların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31