"TRIPP layihəsi regionda nəqliyyat əlaqələrini inkişaf etdirəcək və 30 illik blokadaya son qoyacaq" – ÖZƏL
14:56 Siyasət"TRIPP layihəsinin gerçəkləşməsi regionda nəqliyyat və kommunikasiya əlaqələrini inkişaf etdirəcək. Bütün bunlarla yanaşı, Azərbaycanla Ermənistan arasında mövcud olan 30 illik blokadaya son qoyulacaq. Eyni zamanda, bölgədən keçən Orta Dəhlizin əhəmiyyəti artacaq. Bu da həm region dövlətləri arasında əməkdaşlığa töhfə verəcək, həm də iqtisadi əlaqələri canlandıracaq. Həmçinin, bölgənin təhlükəsizliyi baxımından əhəmiyyətli bir faktor kimi çıxış edəcək".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bütün hallarda bu layihənin reallaşması bölgəmiz üçün xeyirli və faydalıdır. Bu, region dövlətləri arasında əməkdaşlığın və işbirliyinin dərinləşməsinə, eyni zamanda, etimad mühitinin yaranmasına təsir edən amildir. İranın və Rusiyanın bu məsələyə münasibəti, təbii ki, heç də müsbət deyil. İlk baxışda onlar sanki etiraz etmirlər, hətta layihədə payçı olmaq istəyirlər. Amma əslində, bu layihənin gerçəkləşməsinə imkanları daxilində maneçilik törədir, əngəl olurlar. Onlar bu layihəni geostrateji baxımdan bölgədəki maraqlarına zidd hesab edirlər. Belə ki, layihənin fəaliyyətə başlaması Türk dünyasını birləşdirir, Avropa ilə Asiya arasında iqtisadi-ticari və logistik əlaqələri gücləndirir. Eyni zamanda, bütün dünyanın diqqəti artıq bu bölgəyə yönəlir və layihə beynəlxalq xarakter alır. Nəticədə gələcəkdə onların bölgədə hər hansı destruktiv fəaliyyət həyata keçirmək imkanları azalır.
Eyni zamanda, bu layihədə iştirak etməmələri də onların maraqlarına uyğun deyil. Məhz buna görə Rusiya və İran müxtəlif vasitələrlə layihəyə mane olmağa çalışırlar. Lakin birbaşa şəkildə buna qarşı olduqlarını bəyan etmək imkanları da yoxdur. Çünki söhbət konkret olaraq Ermənistan ərazisindən keçən layihədən gedir. Ermənistanın suverenliyi və ərazi bütövlüyü məsələləri Ermənistan hökumətinin səlahiyyətindədir. Ermənistan xalqının seçdiyi legitim hakimiyyət var, Ermənistan dövləti dünya tərəfindən tanınır və onun ərazisindən keçəcək istənilən yolun reallaşdırılması ilə bağlı qərar vermək səlahiyyəti də həmin dövlətə məxsusdur. Bu məsələdə Rusiyanın və İranın birbaşa olaraq hər hansı hüquqi haqqı yoxdur ki, layihənin həyata keçirilməsinə mane olsunlar. Amma təəssüf ki, biz siyasi mülahizələrin hələ də meydan suladığını və hüquqi proseslərin qarşısında əngələ çevrildiyini görürük.
Ekspert qeyd edib ki, Ermənistan hökumətinin bu məsələ ilə bağlı mövqeyi aydındır. Paşinyan hökuməti, ümumilikdə, kommunikasiyaların açılmasına çalışır. Amma eyni zamanda, ona qarşı təzyiqlərin və hücumların da ola biləcəyini nəzərə alır. Bu təzyiqlər gücləndikcə, hökumətin fəaliyyətində müəyyən tərəddüdlər yaranır və prosesin aktivləşməsi çətinləşir. Hər halda, bütün bunlarla yanaşı, prezidentin sənədi imzalaması onu deməyə əsas verir ki, artıq bu proses çərçivəsində bütün hüquqi məsələlər, o cümlədən ratifikasiya prosedurları başa çatıb. Bu isə o deməkdir ki, Ermənistan üzərinə düşən zəruri işləri görüb və layihənin qanunvericilik baxımından reallaşması üçün əsas mərhələlər tamamlanıb. Artıq texniki və praktiki işlərin həyata keçirilməsi mərhələsinə keçmək mümkündür. Hər halda, ümid edirəm ki, layihənin reallaşması üçün həm ABŞ, həm də digər tərəflər üzərlərinə düşən işləri görəcəklər. Azərbaycan və Türkiyə də bu məsələləri dəstəkləyir. Rusiyanın və İranın mane olmaq cəhdlərinin isə, yəqin ki, davam edəcəyini düşünürəm.
Səidə Ramazanova