Moskvadan Ermənistana sərt xəbərdarlıq: Odla oynayırsınız, müttəfiqlərinizi itirəcəksiniz!

Ermənistanın Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya siyasəti Moskvada getdikcə daha sərt reaksiyalar doğurur. Rusiya rəsmiləri İrəvanın hazırkı xarici siyasət kursunun ölkəni ənənəvi müttəfiqlərindən məhrum edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov açıqlamasında bildirib.

Senatorun sözlərinə görə, Ermənistan rəhbərliyi ölkənin gələcək xarici siyasət istiqaməti ilə bağlı qərar verməyi uzadır. Bu, həm Avropa İttifaqına mümkün inteqrasiya, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyün davam etdirilməsi məsələlərinə aiddir.

"Düşünürəm ki, Ermənistanın indiki rəhbərləri odla oynayırlar. Belə davranmaqla onlar Rusiya və KTMT-nin digər üzvləri timsalında ən sadiq, etibarlı və təbii müttəfiqlərini itirə bilərlər", - deyə Cabarov bildirib.

Rusiyalı senator Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanı səsvermə hüququndan məhrum etməsi barədə qərarını da müdafiə edib.

Onun fikrincə, təşkilata üzv dövlətlərin bu addımı əsaslıdır və KTMT-nin nizamnaməsinə uyğundur.

"Ermənistan nümayişkaranə şəkildə heç bir tədbirdə iştirak etmir, üzvlük haqlarını ödəmir. Daim bəyan edirlər ki, guya artıq KTMT-dən çıxıblar. Halbuki bununla bağlı heç kim rəsmi müraciət təqdim etməyib", - deyə senator vurğulayıb.

Qeyd edək ki, Vladimir Cabarov özü erməni əsillidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31