BİR KƏLMƏNİN YADDAŞINDAN BİR ÖMRÜN ANLAMINA DOĞRU
17:38 Sosial
Qardaş Türkiyənin dəyərli şairi, "Fəthiyyə Yazarları"nın qurucu-başqanı Coşqun Qarabulud bugünlərdə "Şeir anlayışım üzərinə..." adlı yazısını - ədəbi düşüncəsini mənimlə bölüşdü. Coşqun bəy şeirin göylərindəki ağ buludlara baxaraq, o ağ buludlar dolunca çaxan şişməklərə, buldular sallama dolunca şaqqıldaşan yıldırımlara aldırmadan, sonra ağlı-qaralı buludlardan çox yüksəklərdə var olduğunu bildiyimiz Günəşin zərrin şəfəqlərinə, hələ-hələ köy yağmurlarına və əlbəttə, göyqurşağına toxunurmuşcasına yazır sanki... - "...Mənimlə eyni poetik duyarlılığı bölüşən şair dostlarımı da göz önündə tutaraq, bəzən "bizim şeirimiz", bəzən də "yalın şeir" adlandırdığım şeir anlayışım - sadə, duru, həyatdan süzülmüş fəlsəfi baxışı özündə daşıyan, dərinliyini hayqırmadan duyuran bir şeirdir. Bu şeir ürkək, çəkingən, təvazökar, dürüst, göstərişsiz, ancaq insanı sarıb-sarmalayan, könül isidən bir şeirdir." Şair "yalın şeir"i belə tanıdır: "Oxucuya sayğı göstərir, onu dəyərləndirir, şeirin içində birgə kəşflərə çağırır. Bu yolçuluqda həm şair, həm də oxucu yeni anlam sahələri kəşf edir. - Yaşamaq sevinci bəxş edir bizim yalın şeir. Çün şeirin yalnız kağız üzərində qalan söz yığını olmadığına inanır; insanı yaşamın özünü də bir şeir kimi yaşamağa çağırır."
İllər öncə, Coşqun bəyin dəvətiylə getdiyim Fəthiyyədən İspartaya - bir poeziya şölənindən digərinə gəlincə, orada yeni nəsil yazarları, köhnə dostlarla yanaşı ağsaqqal ədibimiz Zaməddin Ziyadoğlunu da görmək xoş oldu. Bu yazı, yol yoldaşı olduğum və o yoldaşlığı heç unutmadığım şair-publisist, dramaturq, neftçi, ictimai xadim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin tanınmış üzvü Zaməddin Ziyadoğlu haqqındadır. Onun qarşı ilin yazında 80 il(l!)ə taclanacaq ömür yoluna göz atarkən bir sual öz-özünə meydana çıxır: insanın əsl özkeçmişi harada yazılır - rəsmi bəlgələrdəmi, həmkarlıqda, həmkarlar ittifaqında və əmək kitabçasındamı, gün üzü görmüş əsərlərində, yoxsa insanların yaddaşındamı? Bəs cavab nədir? - "Əlbəttə, bunların hər birində" - xas cavab budur; ancaq mənə elə gəlir, ən dürüst özkeçmiş insanın başqalarının yaddaşında yaratdığı mənəvi obrazdır. Qarşıdan 80 illik yubileyi gələn ağsaqqal ədibimiz Zaməddin Ziyadoğlunun bax, belə bir obrazı vardır. Özü də bu obrazın açarı bircə kəlmədir: Həncərisən? Əgər bircəliyi ikiləşdirmək gərəksə, "Həncərisən, həncəri?" deyəcəyik; yenə əlavə söz deyəsi olsaq, "Ağırn alem, həncərisən, həncəri?" demiş olluq.
Deyir, həmişə illər insanı səciyyələndirmir; vaxt gəlir-vədə yetişir, insan illəri səciyyələndirmiş olur. 80 yaş da belə bir məqam olmalı... Belə ixtiyar yaşda ömür qazanılmış anlamların, qorunmuş dəyərlərin, ötürülmüş əmanətlərin və insanın özündən sonra qoyduğu mənəvi izlərin toplusudur.
Bir kəlmənin kulturoloji taleyi
Yazının girişində Qarabuludun ağyollu düşüncələrini havayı bölüşməmişəm. - O düşüncələri bölüşməyim "Həncəri" ilə bağlıdır. "Həncəri"ni öncələr çox eşitmiş, özüm də oxumuşdum; ancaq sanki Qarabulud-Zaiyadoğlu sözlərini bu sonbaharda ard-arda - birini ilk, birini təkrar eşitməyim təvafüqlükdür. Sanki Coşqun bəyin "yalın şeir" şeir təsbiti Zaməddin müəllimin "Həncəri"sinə də ayna tutur...
Dilin sözlük tərkibində elə sözlər var, onların semantik yükü çölləmə anlamından qat-qat genişdir. Onlar informasiya daşımaqla yanaşı, münasibət yaradır - yalnız ünsiyyət vasitəsi olmur, mədəni yaddaşın daşıyıcısına çevrilir. Biz tərəflərin şirin danışıq mühitində yaşayan "həncərisən?" belə sözlərdəndir. İlk baxışda adi ovqatlaşma, qılıqlı sorğudur: necəsən, nə təhərsən, halın necədir? Ancaq bu sözün içində bir doğmalıq, bir ərkyanalıq, el-obaya məxsus bir mənəvi yaxınlıq yaşayır. Onu deyən adam sanki yalnız həmsöhbətinin durumunu öyrənmək istəmir, həm də onunla ortaq yaddaşa mənsub olduğunu bildirir.
Ziyadoğlunun poetik uğuru da bax, bu məqamda üzə çıxır: o, ulusun dilində yaşayan sözü fərdi yaradıcılığının ocaqlığına (mərkəzinə) gətirərək ona yeni ədəbi dövriyyə qazandırıb.
Akademik Nizami Cəfərov "Həncərisən" haqqında mülahizələrində həmin ifadənin tarixi ədəbi yaddaşdakı izlərinə toxunur və Ziyadoğlunun onu çağdaş ədəbi mühitdə yenidən güncəlləşdirdiyini vurğulayır.
Bax, burada önəmli bir fərqi görməliyik: şair sözü yaratmayıb, onun mədəni enerjisini yenidən hərəkətə gətirib. Belə bir hərəkətlilik isə bəzən yeni söz yaratmaqdan da çətin və önəmli işdir. Çün dilin unudulmaqda olan bir vahidini yaşatmaq, əslində, müəyyən bir dünyagörüşünü, davranış tərzini, mənəvi münasibətlər sistemini yaşatmaq deməkdir. Mən bunu mədəniyyətin özünüqoruma mexanizmlərindən biri adlandırardım. Rəhmətlik Mehmet Niyazinin dildən bir sözün, qavramın çıxması kültürdən bir layın itməsi deməkdir fikri ötəryi söz deyil.
Qazax: coğrafiyadan mənəvi kateqoriyaya
Qazax Azərbaycan ədəbi-mədəni tarixində coğrafi məkan olmaq etibarıyla, özünəxas söz və saz sistemi, poetik yaddaş, ağsaqqallıq gələnəyi, ictimai davranış mədəniyyəti formalaşdırmış bir mənəvi mühitdir. Vidadidən Vaqifə, Səməd Vurğundan Mirvarid Dilbaziyə uzanan ədəbi xəttin gücü böyük imzaların çoxluğundan daha üstün - bu xəttin arxasında sözü yaşamın gündəlik davranışına çevirən bir mədəniyyətin dayanmasındadır. Zaməddin Ziyadoğlu da həmin mühitin yetirməsidir. Onun şeirlərində Qazaxın kəndləri, dağları, bulaqları, el deyimləri, süfrə mədəniyyəti və məclis gələnəkləri bəlli bir kültürün yaddaş işarələridir.
Bal kimidir mahalımın ləhcəsi,
Ətirlidir torpağında bağçası.
Məclisləri sazın-sözün boğçası...
Budur, dil, təbiət və məclis mədəniyyəti bir bütöv kimi təqdim olunur. Şairin poetik dünyasında yurd yaşayış yeri olmaqdan çıxaraq (yüksələrək!), danışılan dilin, bölüşülən çörəyin, dinlənilən sazın və qorunan anının birliyi kimi çıxış edir. Kulturoloji baxımdan burada maraqlı bir qanunauyğunluq müşahidə edirik: insan məkanı yaddaşa, yaddaşı sözə, sözü isə mənəvi mənsubiyyətə çevirir. Beləcə, Qazax şairin yaradıcılığında xəritədəki bir məntəqədən daha geniş anlam qazanır - mənəvi vətən obrazına yüksəlir.
Mirvarid Dilbazinin mənəvi varislik məktəbi
Xalq şairi Mirvarid Dilbazinin Zaməddin Ziyadoğlunu öz varisi adlandırması barədə anısı da özəl diqqətə layiqdir. Əgər bu münasibətə yalnız ədəbi varislik prizmasından baxsaq, məsələnin mahiyyətini bir qədər daraltmış olarıq; çün ünlü sənətkarın varisi olmaq onun poetik formasını təkrarlamaq anlamına gəlmir; əsl varislik estetik və mənəvi prinsiplərin davamıdır.
Mirvarid Dilbazi poeziyasında ana dilinə sədaqət, ulus ruhuna bağlılıq, insanın mənəvi aləminə həssas münasibət başlıca keyfiyyətlərdəndir. Ziyadoğlunun yaradıcılığında da bu dəyərlərin özünəxas ifadəsini görürük. Onların poetik miqyasını eyniləşdirmədən də mənəvi yaxınlığını müəyyənləşdirmək mümkündür. Bu anlamda varislik təqlid, eynilik sayılmır və o, davamlılıq, doğmalıqdır. Zaməddin müəllimin ədəbi dünyasında Mirvarid xanımın şəxsiyyətinə və yaradıcılığına sayğı da həmin mənəvi bağlılığın ifadəsidir.
Neftçi ömrü və sözün əmək əxlaqı
Zaməddin Ziyadoğlunun həyatında diqqətçəkən başqa bir cəhət də var: onun əmək fəaliyyəti ilə yaradıcılığı bir-birindən ayrılmamış, bəlkə bir-birini tamamlayan iki müstəqil dünyadır. Neftçi olmaq istehsalatın, zəhmətin, kollektiv məsuliyyətin içində yaşamaq deməkdir. Həmkarlar ittifaqı fəaliyyətində bulunmaq isə insanın həm əməyini, həm də əmək ortamını, hüquqlarını, sosial ehtiyaclarını da düşünməkdir. Bax, elə burada sözün başqa bir funksiyası meydana çıxır: söz insanı ifadə etməklə yanaşı, insanın müdafiəsinə də xidmət edir.
Ziyadoğlunun 1999-cu ildən "Vışka" qəzetinin nəzdində fəaliyyət göstərən "Neftçi" Ədəbi Məclisinin yaradıcısı və ilk başqanı olması bu baxımdan səciyyəvidir. Əmək mühitində ədəbi məclis yaratmaq nəyi ifadə edir? - Bu, istehsalatçının yalnız peşə daşıyıcısı olmadığını, həm də mənəvi-mədəni varlıq kimliyini qəbul etməkdir. Bu təşəbbüsə mədəniyyətin demokratikləşməsi baxımından da yanaşmaq olar: poeziya ədəbi salonlardan savayı, əmək kollektivlərində də yaşamalıdır. - Deyirəm, bəlkə də kültürün xas gücü onun gündəlik yaşamın müxtəlif sahələrinə nüfuz etmək imkanındadır...
Sözün ictimai ömrü
Zaməddin Ziyadoğlunun "Həncərisən?" kitabının ilk dəfə 2005-ci ildə nəşr edilməsi, sonralar dəfələrlə yenilənərək gün üzü görməsi və 2026-cı ildə doqquzuncu nəşrinin meydana çıxması maraqlı ədəbi-sosioloji hadisədir. Burada önəmli məsələ, həmin poetik müraciətin başqa şairlərin yaradıcılığına keçməsi, çoxsaylı nəzirələr doğurmasıdır.
Narınc Xatun, İlyas Tapdıq, İbrahim İlyaslı və başqa söz adamlarının bu poetik çağırışa münasibət bildirməsi fərdi müəllif mətninin kollektiv ədəbi ünsiyyət hadisəsinə çevrildiyini göstərir. Başqa sözlə, müəllifin yazdığı şeir müəyyən məqamdan sonra yalnız müəllifə məxsus olmur - oxucuların, həmsöhbətlərin, yeni şeir yazanların mənəvi iştirakına açılır. Ədəbiyyatın ictimai ömrü də elə buradan başlayır. Sözügedən şeirin poetik dəyərini müəyyənləşdirərkən onun bütün bəndlərini eyni estetik səviyyədə qiymətləndirməyə ehtiyac yoxdur; burada əsas məziyyət daha çox yerli danışığın doağllığında, intonasiyanın səmimiyyətində və dil yaddaşını oyatmaq bacarığındadır. Bu, ədəbi-tənqidi baxımdan da önəmli məqamdır: hər poetik hadisənin öz estetik ölçüsü, öz təsir mexanizmi var.
80 yaşın mənəvi fəlsəfəsi
İnsanın yaşlandıqca avtomatik müdrikləşməsi hasil olmur; yaş təcrübə verir, ancaq təcrübənin hikmətə çevrilməsi insanın mənəvi əməyindən asılıdır.
Ziyadoğlunun yaşamında sözə, əməyə, ictimai fəaliyyətə və mənəvi dəyərlərə bağlılıq bir-birini tamamlayan istiqamətlər kimi görünür. Onun Həcc ziyarəti də bu ömür yolunun mənəvi hadisələrindən biridir; lakin insanın mənəvi kamilliyi daşıdığı adlardan, titullardan ötə həmin dəyərləri gündəlik davranışında necə yaşatması ilə ölçülür.
Akademik Teymur Bünyadovun Zaməddin müəllim haqqında yazdığı ürək sözündə onun insanlığına, ləyaqətinə, eloğluluğuna özəl yer verməsi təsadüfi deyil; bəli, bəzən insanın ən böyük əsəri elə öz xarakteridir. Və xarakteri də dönüb taleyi ola bilir...
Zaməddin Ziyadoğlunun yaradıcılığında müəyyən poetik sadəlik, ulusun deyimlərinə bağlılıq, yerli danışıq özəlliklərinə sədaqət var. Bu keyfiyyətlər onun ədəbi simasını müəyyənləşdirir; ancaq həmin simanın arxasında daha geniş bir anlam görünür - söhbət doğulduğu mühitin mənəvi sərvətlərini itirməmək istəyi... Bax, bu istək fərdi nostaljidən böyük olub, mədəni yaddaşın qorunmasına xidmət edir. Nəhayət, 80 yaşın zirvəsindən baxanda "Həncərisən?" sualının özü də yeni anlam qazanır. İxtiyar yaşının "həncərisən"i artıq yalnız ovqatlaşma, hal-əhval sorğusu olmur; budur, "həncəri" insanın zamana verdiyi, zamanın insana qaytardığı sualdır. Sözün, yaddaşın həncəridir? Bə dostların, doğmaların, mənəvi dünyan həncəridir?
Ziyadoğlu 80 illik ömrü ilə bu suallara öz cavabını verib. Biz də qələmdaş sayğısı, eloğlu doğmalığı və sözə sayğı ilə ona üz tutub, deyirik: Qoy ömrünüz növbəti illəri də sözlə, sazla, xeyirxahlıqla, dost-doğma məhəbbəti ilə süslənsin. Qoy dilimizdəki o şirin sorğu heç vaxt köhnəlməsin. Vətən övladlarının bir-birindən necə hal-əhval tutması da onun mədəniyyətinin göstəricisidir. Bəlkə də mədəniyyətin ən dərin qatlarından biri elə insanın insana necə səslənməsi, necə üz tutması, necə könül verməsidir...
Əkbər QOŞALI