"Zəngəzur dəhlizi ətrafında geosiyasi mübarizə": ABŞ-nin nəzarət planı regionu necə gərginləşdirir? – ÖZƏL
17:04 Siyasət"Zəngəzur dəhlizi ilə bağlı indiyədək ortada iki sənəd var. Birinci sənəd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdır. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanan həmin sənədə əsasən, Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. Ermənistan uzun müddətdir ki, bu öhdəliyi yerinə yetirmir və prosesi uzadır. Nəticədə Zəngəzur dəhlizinə nəzarət məsələsinin, daha doğrusu, dəhlizin ABŞ-nin himayəsinə verilməsinin nəzərdə tutulduğu 8 avqust sənədi imzalandı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, artıq Ermənistanın baş nazirinin apardığı siyasət qlobal güclərin regiondakı maraqlarını toqquşdurur. Bu qarşıdurma nəticəsində təbii ki, müəyyən gərginlik yarana və regionda sabitliyin pozulmasına gətirib çıxara bilər. Zəngəzur dəhlizi Orta Dəhlizin bir qolu kimi yeni bir layihədir və dünya iqtisadi sisteminin tərkib hissəsidir. Nəqliyyat infrastrukturu dünya iqtisadiyyatının ayrılmaz hissəsidir. Təbii ki, ABŞ-nin bu 42 kilometrlik əraziyə nəzarəti ələ keçirmək istəyi sırf iqtisadi maraqlardan deyil, həm də siyasi maraqlardan qaynaqlanır. Bu, həm Rusiyaya, həm də İrana ünvanlanmış bir mesajdır: artıq mən Cənubi Qafqazdayam və regiondakı iqtisadi proseslərdə söz sahibiyəm. ABŞ regiona daxil olmaqla öz maraqlarını burada diktə etməyə çalışır. Təbii ki, bu prosesdə region dövlətlərinin maraqları toqquşur. Bildiyiniz kimi, ABŞ, xüsusilə də hazırkı prezident Donald Tramp İrana qarşı düşmənçilik siyasəti həyata keçirir. İrana qarşı hərbi əməliyyatlar aparılır və ölkənin dini lideri qətlə yetirilir. Artıq İranla ABŞ arasında, demək olar ki, müharibə vəziyyəti yaranıb. ABŞ-nin Ermənistan üzərindən regiona daxil olması İranın strateji maraqlarına toxunur. Unutmayaq ki, uzun müddətdir Ermənistanda ABŞ-nin kəşfiyyat rezidentura şəbəkəsi mövcuddur. Bu şəbəkə vasitəsilə uzun müddətdir İran daxilində kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirilir. Qeyd etmək yerinə düşər ki, kiçik bir ölkə olan Ermənistandakı ABŞ səfirliyində 2700-3000 nəfər arasında diplomatik korpus əməkdaşının fəaliyyət göstərdiyi bildirilir. Onların təxminən 50 faizinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyi şübhəsizdir. Kiçik bir dövlətdə bu qədər böyük kontingentin fəaliyyət göstərməsi nəyə hesablanıb? Təbii ki, İrana qarşı kəşfiyyat xarakterli fəaliyyətə. İranda həyata keçirilən hərbi əməliyyatlar zamanı da qeyd etdiyim məqamlar özünü göstərir. Çünki ABŞ kəşfiyyatı dəqiq məlumatlar əldə edir və həmin məlumatlar əsasında həm dini liderin, həm də digər yüksək vəzifəli şəxslərin qətlə yetirilməsi, strateji obyektlərin vurulması prosesi həyata keçirilir. Məhz kəşfiyyatın əldə etdiyi məlumatlar əsasında bu əməliyyatlar uğurla reallaşdırılırdı. Həmin əməliyyatların həyata keçirilməsi bir daha göstərdi ki, Ermənistanda ciddi kəşfiyyat fəaliyyəti aparılıb. Hesab edirəm ki, bu fəaliyyət xüsusilə Ermənistan üzərindən həyata keçirilib.
"Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin burada mövqelərini möhkəmləndirməsi və düşərgə salması, təbii ki, İranın strateji maraqlarına uyğun deyil. İran da çalışır ki, Ermənistana bu və ya digər formada təzyiq göstərərək regionda Amerikanın nüfuzunu zəiflətsin. Lakin proses onu göstərir ki, Paşinyanın apardığı siyasət, açıq şəkildə Ermənistanın ABŞ-nin maraqlarına uyğun davranması Zəngəzur dəhlizinin ABŞ-nin himayəsinə veriləcəyindən xəbər verir. Açığı, İranın Ermənistana təzyiqləri də məhz qeyd etdiyim faktlarla əlaqədardır. Belə ki, ABŞ-nin regionda mövqelərini möhkəmləndirməsi və siyasi təsir imkanlarını genişləndirməsi İranı narahat edir. Eyni zamanda, İran çalışır ki, Zəngəzur dəhlizi deyil, Araz dəhlizi işə düşsün. Araz dəhlizinin fəaliyyətə başlaması İranın iqtisadi maraqlarına uyğundur. Çünki Araz dəhlizi işə düşərsə, yəni Orta Dəhlizin bir qolu İran üzərindən fəaliyyət göstərərsə, bu zaman İran həm iqtisadi imkanlar, həm də siyasi rıçaqlar əldə etmiş olacaq. Buna görə də İran çalışır ki, Zəngəzur dəhlizi deyil, Araz dəhlizi daha işlək vəziyyətə gətirilsin və bununla da öz iqtisadi və siyasi maraqlarını həyata keçirsin", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin sözlərinə görə, istər Rusiya, istərsə də İran Zəngəzur dəhlizinin ABŞ-nin himayəsinə verilməsində maraqlı deyil. Ona görə də hələlik diplomatik kanallar vasitəsilə öz etirazlarını bildirirlər. Hətta Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, 10 noyabr bəyanatı hələ də qüvvədən düşməyib. Bu, Ermənistana ünvanlanmış siyasi mesajdır: bizim də bu dəhlizdə maraqlarımız var. Hesab edirəm ki, ABŞ-nin apardığı avantürist siyasət qlobal güclərin maraqlarının toqquşmasına gətirib çıxarıb. Bu toqquşma, təbii ki, regionda siyasi sabitliyin pozulması ilə nəticələnə bilər. Burada, qeyd etdiyim kimi, ABŞ-nin regiona daxil olması və Zəngəzur dəhlizində möhkəmlənməsi həm İranın, həm də Rusiyanın maraqlarına uyğun gəlmir. Ona görə də İran bütün vasitələrlə çalışır ki, Ermənistana Zəngəzur dəhlizinin onun üçün qırmızı xətt olduğunu çatdırsın.
Səidə Ramazanova