Şençjen görüşü: Yeni Yalta, yoxsa yeni dünya nizamının sınağı? – ÖZƏL
17:19 Siyasət"Çin Xalq Respublikasının Sədri Si Cinpinin, ABŞ Prezidenti Donald Trampın və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-na Şençjendə nəzərdə tutulan üçtərəfli görüşü, şübhəsiz, beynəlxalq münasibətlər sistemində diqqətlə izlənilməli hadisədir.
Burada əsas məsələ üç böyük dövlətin rəhbərinin hansı dünya düzəni haqqında danışacağı, hansı məsələlərdə ortaq məxrəcə gələcəyi və bu razılaşmaların beynəlxalq hüquqla, digər dövlətlərin suveren iradəsi ilə nə dərəcədə uzlaşacağıdır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, görüşün 1945-ci ilin Yalta konfransı ilə müqayisəsi tarixi assosiasiya baxımından anlaşılandır, ancaq siyasi mahiyyət etibarilə ciddi fərqlər mövcuddur. Yaltada qalib dövlətlər müharibədən sonrakı dünyanın siyasi arxitekturunu müəyyənləşdirməyə çalışırdı. Bugünkü dünya isə nə 1945-ci ilin dünyasıdır, nə də beynəlxalq münasibətlər üç paytaxtın iradəsinə tabe olan qapalı sistemdir. Üstəlik, bu üç dövlət eyni bir düşmən dövlətə qarşı vuruşmur. Birinin düşməni digərinin dostudur yaxud düşməni sayılmır. Artıq Hindistan, Yaponiya, Avropa Birliyi, Türkiyə və digər mühüm güc mərkəzləri də var. Regional təşkilatların, orta güc dövlətlərinin, qlobal iqtisadi və texnoloji şəbəkələrin beynəlxalq proseslərə təsiri də nəzərə alınmalıdır. Ayrıca, çağdaş dünyada iqtisadi qarşılıqlı asılılıq hərbi-siyasi qüdrət qədər önəmli amilə çevrilib. Ona görə Şençjeni yeni Yalta adlandırmaqdansa, böyük güclərin yeni münasibətlər modelini müəyyənləşdirmək cəhdi kimi qiymətləndirmək daha əsaslıdır. Üç dövlət qlobal proseslərin istiqamətinə ciddi təsir göstərə bilər, lakin dünyanın taleyini müstəsna olaraq üç dövlətin müəyyənləşdirməsi nə hüquqi, nə də siyasi baxımdan dayanıqlı model ola bilər. Ukrayna məsələsinə gəldikdə, burada tərəflərin maraqlarının həm kəsişdiyi, həm də toqquşduğu məqamlar var. ABŞ üçün əsas məsələlərdən biri müharibənin yaratdığı təhlükəsizlik və iqtisadi yükün azaldılması, Avropada sabitliyin təmin olunması və strateji resursların digər prioritetlərə yönəldilməsi imkanlarıdır. Rusiya isə mümkün razılaşmalarda öz təhlükəsizlik tələblərinin və geosiyasi maraqlarının nəzərə alınmasına çalışır. Çin üçün başlıca məsələ həm Rusiya ilə strateji tərəfdaşlığını qorumaq, həm də Qərblə iqtisadi münasibətlərinin daha ağır qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır. Bu üç yanaşmanın ortaq nöqtəsi nəzarətdən çıxan eskalasiyanın qarşısını almaq, xüsusilə nüvə dövlətləri arasında birbaşa toqquşma riskini azaltmaq ola bilər. Lakin müharibənin dayandırılmasının şərtləri, Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik təminatları və Avropanın gələcək təhlükəsizlik arxitekturu məsələlərində ciddi fikir ayrılıqları qalır.
Gəlin burada prinsipial bir məqamı vurğulamadan keçməyək: Ukraynanın iştirakı və iradəsi olmadan onun gələcəyi haqqında qəbul edilən qərarın davamlı sülh yaratması son dərəcə problematikdir. Eyni zamanda, Avropanın təhlükəsizlik məsələlərinin Avropa dövlətlərindən qıraqda çözülməsi də real siyasi çətinliklərlə üzləşər.
Çinin mövqeyinə isə yalnız "sülh istəyir, yoxsa müharibənin davamında maraqlıdır?" sualının iki mümkün cavabı ilə yanaşmaq düzgün olmazdı. Pekin üçün müharibənin müəyyən iqtisadi və geosiyasi nəticələri əlverişli ola bilər. Rusiyanın Çin bazarından, texnologiyasından və maliyyə imkanlarından asılılığının artması Pekinin Moskva ilə münasibətlərində mövqeyini gücləndirir. Digər tərəfdən, Qərbin diqqətinin və resurslarının Ukrayna böhranına yönəlməsi Çinin bəzi strateji hesablamalarında əlavə imkanlar yarada bilər. Ancaq müharibənin uzanmasının Çin üçün mənfi nəticələri də az deyil. Örnək olaraq, qlobal ticarətdə qeyri-müəyyənlik, enerji bazarlarında dalğalanmalar, sanksiya riskləri, Avropa ilə münasibətlərin mürəkkəbləşməsi və beynəlxalq təhlükəsizlik mühitinin pisləşməsini göstərə billik... Deməli, Çinin maraqlarını müharibənin qeyd-şərtsiz davamındansa, böhranın onun strateji mövqelərinə zərər verməyəcək şəkildə idarə olunmasında axtarmaq daha məntiqlidir.
Pekin sülh təşəbbüsləri də irəli sürüb, lakin sülhə çağırışla sülhün əldə olunması üçün gerçək siyasi məsuliyyət və təsir imkanlarından istifadə etmək eyni anlayışlar sayılmır. Çinin nə dərəcədə fəal vasitəçilik edəcəyi onun Rusiya ilə tərəfdaşlığı, ABŞ ilə rəqabəti və Avropa ilə münasibətləri arasında quracağı tarazlıqdan asılı olacaq.
Ekspertin fikrincə, Azərbaycan və Güney Qafqaz baxımından isə Şençjen görüşünün önəmi bir neçə istiqamətdə nəzərdən keçirilməlidir. Əvvəla, Güney Qafqaz artıq yalnız bölgəsəl təhlükəsizlik məsələlərinin müzakirə olunduğu coğrafiya olmaqdan çıxıb. Bu məkan Avropa ilə Asiyanı birləşdirən yükdaşıma, kommunikasiya xətlərinin, enerji marşrutlarının və yeni iqtisadi bağların vacib qovşağıdır. Azərbaycan isə həmin proseslərin fəal iştirakçısıdır. Özəlliklə Orta dəhlizin inkişafı, Xəzər hövzəsinin yükdaşıma potensialı, Gündoğar-Günbatar bağlantıları və bölgəsəl kommunikasiyaların açılması böyük güclərin iqtisadi maraqlarının kəsişdiyi istiqamətlərdəndir. Burada önəmli bir üstünlüyümüz də var: Azərbaycan Çinlə münasibətlərini artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış müvafiq Birgə Bəyanat bu münasibətlərin siyasi, iqtisadi və yükdaşıma, logistik baxımından genişləndirilməsi üçün mühüm əsas yaradıb. Digər tərəfdən, ABŞ-nin Güney Qafqazda yükdaşıma əlaqələrinə və bölgəsəl sabitliyə marağı, Rusiyanın bölgədəki ənənəvi siyasi-iqtisadi əlaqələrini qoruma çabaları, Çinin isə Avrasiya bağlantılarına verdiyi önəm müəyyən məsələlərdə maraqların uzlaşmasına imkan yarada bilər. Ancaq həmin maraqlar arasında rəqabət elementləri də mövcuddur. Azərbaycan üçün əsas risk Güney Qafqazın yenidən böyük güclər arasında geosiyasi sövdələşmə predmetinə çevrilməsi olardı. Əsas fürsət isə əksinə, bölgənin qarşıdurma məkanından işbirliyi və qarşılıqlı faydalı bağlantılar məkanına çevrilməsidir. Bu baxımdan Azərbaycanın xarici siyasətində müstəqil qərarvermə, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Sülhün və kommunikasiyaların gələcəyi ilk növbədə bölgə dövlətlərinin suveren iradəsi, beynəlxalq hüquq və qarşılıqlı razılaşmalar əsasında müəyyənləşməlidir.
"Nəhayət, Şençjen görüşünün sonuclarına yalnız imzalanacaq sənədlər və veriləcək açıqlamalar prizmasından baxmaq yetərli olmayacaq. Əsas məsələ görüşdən sonra böyük güclərin davranışında hansı dəyişikliklərin baş verəcəyidir. Ukraynada sülhə doğru gerçək addımlar atılacaqmı? Strateji sabitlik üzrə dialoq genişlənəcəkmi? İqtisadi qarşıdurma yumşalacaqmı? Qarşıdurmaların çözümündə beynəlxalq hüququn prinsiplərinə münasibət necə olacaq? Bax, bütün bunlar görüşün tarixi önəmini müəyyənləşdirəcək. Bəli, XXI yüzilin dünyası yeni Yaltadan daha çox, yeni məsuliyyət fəlsəfəsinə ehtiyac duyur. Böyük dövlətlərin qüdrəti təsir dairələrinin genişliyindən daha çox, beynəlxalq sülhə, təhlükəsizliyə və ədalətli münasibətlər sisteminə verdikləri töhfə ilə ölçülməlidir. Şençjenin tarixə hansı adla düşəcəyini indidən söyləmək tezdir. Ancaq bir həqiqət var: dünyanın gələcəyini güclü dövlətlərin hüquq bərabərliyinə sayğısı və həmin razılaşmaların doğurduğu məsuliyyət müəyyənləşdirəcəkdir. Azərbaycan üçün isə əsas prinsip dəyişməzdir: böyük güclərlə ləyaqətli əməkdaşlıq etmək, öz taleyinin müəyyənləşdirilməsində suveren iradəsini və milli maraqlarını rəhbər tutmaq!", - deyə türkoloq qeyd edib.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova