Gümrüdəki 102-ci baza ətrafında yeni güc mübarizəsi: Cənubi Qafqazı nə gözləyir? – ÖZƏL

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində yaranmış gərginlikdən sonra Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının taleyinin gündəmə gəlməsi, əslində, İrəvan-Moskva münasibətlərində yeni geosiyasi mərhələnin başlandığını göstərir. Məsələ ondadır ki, Ermənistan artıq Rusiyanın hərbi-siyasi himayəsinə əvvəlki kimi yanaşmır. İrəvan bir tərəfdən Qərblə münasibətlərini genişləndirməyə, digər tərəfdən isə Moskva ilə mövcud münasibətlərində daha əlverişli şərtlər əldə etməyə çalışır. Gümrüdəki hərbi baza da məhz bu siyasi manevrlərin predmetinə çevrilir. Xatırladaq ki, 102-ci hərbi bazanın Ermənistanda yerləşmə müddəti 2044-cü ilədək uzadılıb. Bu müqavilənin şərtlərinə yenidən baxılması, əlbəttə, tərəflərin razılığını və hüquqi prosedurları tələb edir. Ermənistanın hazırkı yanaşması isə bazanı dərhal ölkədən çıxarmaqdan daha çox, onun mövcudluğunu Rusiya ilə iqtisadi danışıqlarda müəyyən təzyiq və sövdələşmə vasitəsinə çevirmək təsiri bağışlayır".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, xüsusilə qaz qiymətləri məsələsi diqqət çəkir. İrəvan, faktiki olaraq, Moskvaya mesaj verir ki, əgər Rusiya enerji qiymətləri ilə bağlı güzəştə getməyəcəksə, o zaman Gümrüdəki hərbi bazanın saxlanılması şərtlərinə də yenidən baxıla bilər. Lakin Ermənistan unutmamalıdır ki, Rusiya da bu məsələdə kifayət qədər ciddi iqtisadi və siyasi təsir imkanlarına malikdir. Moskva enerji təchizatı, ticarət, nəqliyyat infrastrukturu və digər iqtisadi əlaqələr üzərindən İrəvana təzyiq göstərə bilər. Digər tərəfdən, rus hərbçilərinin yerli sakinlərlə davranışı ilə bağlı yayılan görüntülər Ermənistan cəmiyyətində narazılığı artırır. Bu da məsələnin yalnız siyasi və hərbi deyil, həm də ictimai və milli suverenlik müstəvisində müzakirəsinə səbəb olur. Burada əsas sual Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyindən daha çox, bu addımın hansı alternativ təhlükəsizlik mexanizmləri ilə əvəzlənəcəyidir. Çünki bir hərbi bazanın taleyinə yenidən baxmaq mümkündür, amma onun yaratdığı təhlükəsizlik və geosiyasi boşluğu doldurmaq o qədər də asan deyil.

"Hesab edirəm ki, Rusiya Gümrüdəki hərbi mövcudluğunu qorumaq üçün bütün diplomatik, iqtisadi və siyasi imkanlarından istifadə edəcək. Çünki bu baza Moskva üçün sadəcə Ermənistandakı hərbi obyekt deyil, bütövlükdə Cənubi Qafqazda strateji mövqeyinin mühüm dayaqlarından biridir. Gümrüdəki 102-ci baza ətrafında baş verənlər Ermənistan-Rusiya münasibətlərində yeni güc mübarizəsinin göstəricisidir. Bu prosesin nəticələri isə təkcə İrəvan və Moskva arasında deyil, Azərbaycan, Türkiyə və bütövlükdə regionun gələcək geosiyasi mənzərəsində də öz təsirini göstərə bilər", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31