MAQATE Zaporojye AES ətrafında yeni atəşkəs rejimi üzrə danışıqlar aparır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) zədələnmiş elektrik xətlərinin təmiri məqsədilə ərazidə yeni atəşkəs rejiminin tətbiqini müzakirə edir. Bu barədə agentliyin baş direktoru Rafael Qrossi İdarə Heyətinin qapalı keçirilən sessiyasının açılışındakı çıxışında bildirib. Onun sözlərinə görə, münaqişədən əvvəl 10 xarici elektrik təchizatı xəttinə malik olan stansiya hazırda nüvə təhlükəsizliyini təmin etmək üçün yalnız 330 kV-luq "Ferrosplavnaya-1" xəttindən asılı vəziyyətdədir. Oktyabrda əldə olunan səkkizinci atəşkəs nəticəsində bərpa edilən infrastruktur ötən həftə hərbi əməliyyatlar zamanı yenidən zədələnib. 

Qrossi qeyd edib ki, hazırda "Dneprovskaya" yarımstansiyasında və hava zərbələri nəticəsində ciddi zərər görən 750 kV-luq elektrik xəttində təmir işləri aparmaq, eləcə də qış öncəsi ikinci ehtiyat xətti bərpa etmək üçün sayca doqquzuncu atəşkəs rejiminin razılaşdırılması gündəmdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31