Üç güc, bir masa: Dünya nizamı yenidən formalaşır?-ÖZƏL
16:12 SiyasətRusiya, Çin və ABŞ liderlərinin sabah - 19 noyabrda Çinin Şençjen şəhərində, APEC sammiti çərçivəsində keçiriləcək üçtərəfli görüşü beynəlxalq gündəmin əsas hadisəsi olacaq. Görüşü bəziləri Dümanın "Üç muşketyor"una, bəziləri isə 1945-ci il Yalta konfransına bənzədir. Amma bugünkü dünya 1945-ci il deyil. Hindistan, Yaponiya, Aİ kimi güclü oyunçular masada deyil və dünyanın üç dövlət tərəfindən bölünməsi real görünmür. Buna baxmayaraq, üç liderin razılaşması digər ölkələrin taleyinə təsir edə bilər.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Bu görüş daha qlobal səciyyə daşıyır və kifayət qədər ciddi yanaşılmalı olan məsələdir. Burada sadəcə hansısa üç liderin görüşü, müəyyən məsələləri müzakirə edəcəyi və ya üçtərəfli, yaxud ayrı-ayrılıqda bir-biri ilə münasibətlərini müzakirə edəcəyi toplantı olmayacaq. Bu görüşdə dünyanın şərqindən qərbinə, şimalından cənubuna qədər bütün bölgələr və problemlər müzakirə olunacaq. Hətta deyərdim ki, burada ikitərəfli və üçtərəfli əlaqələrdən daha çox, qlobal səciyyə daşıyan məsələlər müzakirə olunacaq. Bu baxımdan da görüş kifayət qədər önəmli əhəmiyyət daşıyır. Ancaq digər analogiyaya, yəni Yalta Konfransına gəldikdə, bu görüşü həmin konfransdan tamamilə fərqləndirmək lazımdır. Nəyə görə? Çünki Yalta Konfransının keçirildiyi dövrlə bugünkü reallıqlar eynilik təşkil etmir. Yalta Konfransı İkinci Dünya müharibəsi zamanı keçirildi. Dünya müharibəsi baş vermiş, milyonlarla insan həlak olmuş, bir çox ölkə çökmüş və təslim olmuşdu. Müharibədən yalnız müəyyən bir qrup dövlət qalib çıxmışdı. Həmin qrupa daxil olan və öz bloklarına faktiki rəhbərlik edən dövlətlər SSRİ, Böyük Britaniya və ABŞ idi. Məsələ ondan ibarət idi ki, bu dövlətlər qalib gəlmələrinə baxmayaraq, özləri də müəyyən mənada, bəzi sahələrdə tamamilə, bəzi sahələrdə isə qismən tükənmişdilər. Müharibə zamanı bütün güclərini və enerjilərini səfərbər etmişdilər və yeni münaqişə, yaxud çəkişmə istəmirdilər. Əksinə, dayanmağa, nəfəs almağa və zərər görmüş bütün sahələri yenidən qurmağa ehtiyac duyurdular. Ona görə də qalib tərəflər özləri belə ciddi yaralar aldıqları üçün problemli məsələləri və aralarındakı anlaşılmazlıqları artıq müharibə və ya buna bənzər üsullarla deyil, danışıqlar, sülh və sakitlik yolu ilə həll etməyi qarşılarına məqsəd qoymuşdular. Yalta Konfransında da məhz həmin üç dövlət, yəni qalib tərəfdə olan və əsas üstünlüyə malik güclər görüşdülər. Beləcə, dünyanı öz aralarında bölüşdürdülər. Bu, təbii ki, şərti bölgü idi və dünya nüfuz dairələrinə parçalandı. Digər dövlətlərin isə, xüsusilə həmin nüfuz dairələrinə bölünən və hətta parçalanan ölkələrin, məsələn, Almaniyanın, seçim etmək imkanı yox idi.
Ancaq bugünkü reallıqlara baxdıqda nə görürük? Bəli, dünyanın ən böyük gücləri ABŞ və Çin ola bilər, Rusiya isə müəyyən mənada regional güc kimi çıxış edə bilər. Xüsusilə Ukraynadakı hərbi əməliyyatlar fonunda Rusiyanın da bu görüşdə təmsil olunmasına həm ABŞ, həm də Çin tərəfi yaşıl işıq yandırmış ola bilər. Ancaq hazırkı reallıqda dünya siyasəti bu üç böyük dövlətlə məhdudlaşmır. Qərbi Avropa dövlətləri və ya ümumi şəkildə desək, Avropa İttifaqı var. Bununla paralel, müstəqil güc kimi çıxış edən Böyük Britaniya, Hindistan var. Yaxın Şərqin əsas siyasi və iqtisadi güclərindən biri Türkiyədir. Onunla paralel olaraq, Yaxın Şərqdə regional güc olmaq iddiasında olan İran var. Latın Amerikasında isə Braziliya mövcuddur. Orada heç kimin forpostuna çevrilmək istəməyən, tamamilə müstəqil siyasət yürüdən və regional hüquqlarını tələb edən yeni hakimiyyət formalaşır. Bu proses Lula da Silvanın rəhbərliyi ilə davam edir. Daha sonra bu siyahını genişləndirə, fərqli regionlardakı fərqli gücləri də misal gətirə bilərik. Məsələn, Yaponiyanı da bura aid etmək olar. Özünün çoxəsrlik imperiya tarixi ilə Yaponiya bir güllə atmadan təslim ola bilməz və ya yeni dünya nizamının hansısa dövlətlər tərəfindən qurulmasına, bu prosesdə özünə aid haqlar tələb etməməyə razılaşa bilməz. Mövcud reallıqlar arasında çox ciddi fərqlər ortaya çıxır. Bunun üçün ya dünya müharibəsi baş verməli, yaxud da ayrı-ayrı regionlarda adını çəkdiyim dövlətlər müharibəyə cəlb olunmalı və məğlubiyyətə uğramalıdırlar. Yəni onlar tamamilə tükənib təslim olmalıdırlar ki, Çin və Rusiyanın irəli sürdüyü yeni şərtləri qəbul etsinlər. İndiki reallıqda isə onlar bu şərtləri qəbul etməyəcəklər. Bu, əslində, yeni dünya nizamına doğru atılmış, həmin məqsədə hesablanmış bir görüşdür. Bəli, yuxarıda qeyd etdiyim kimi, bu, kifayət qədər ciddi yanaşılmalı olan görüşdür. Ancaq bu, hələ Yalta Konfransı demək deyil. Bu, hələ hansısa üç dövlətin dünyanı nüfuz dairələrinə bölməsi və digər böyük dövlətlərin də buna birmənalı razılıq verməsi anlamına gəlmir. Bunun üçün müəyyən şərtlər formalaşmalıdır. Həmin şərtlər isə hələ ki formalaşmayıb. Onların yaranması üçün, yəqin ki, daha ciddi proseslər, daha ciddi qarşıdurmalar və konkret qalib və məğlub tərəflər olmalıdır.
ABŞ özü İranda əməliyyat keçirdi, lakin İranı təslim ala bilmədi. Rusiya isə Ukraynada artıq beş ilə yaxındır döyüşür, amma Ukraynanı məğlubiyyətə uğrada bilməyib. Ərazilərin müəyyən hissəsini işğal etmək başqa məsələdir, Ukraynanın təslim olması, məğlubiyyətini etiraf etməsi isə tamamilə başqa məsələdir. Eyni zamanda, Çin özü "Vahid Çin" prinsipindən çıxış edir, lakin bu prinsipin əsas həlqəsi olan Tayvan məsələsini hələ həll edə bilməyib. Bu dövlətlər hansı qələbələrə və digər qlobal rəqibləri üzərində hansı birmənalı üstünlüyə əsaslanaraq yeni nüfuz dairələrinin bölüşdürülməsini həyata keçirə bilərlər? Ona görə də bunu yeni Yalta adlandırmaq düzgün olmaz. Bu, sadəcə hazırda iqtisadi, siyasi və hərbi göstəricilərinə görə dünyanın ilk üç sırasında qərarlaşan üç böyük dövlətin görüşüdür. Onlar qlobal məsələlərə necə yanaşdıqlarını, nə istədiklərini, bir-birlərindən gözləntilərinin nədən ibarət olduğunu müzakirə edəcəklər. Öz aralarında, bəli, müəyyən mənada, mən bu regionda, sən digər regionda söz sahibi olmalısan prinsipi əsasında müəyyən xətlər çəkə bilərlər. Ancaq bu da həmin regionlardakı digər dövlətlər tərəfindən, əlbəttə ki, asanlıqla qəbul olunmayacaq. Bu görüş daha çox ümumi qlobal problemlərin həllində effektiv ola bilər. Məsələn, energetika və digər iqtisadi məsələlərdə. Çünki həm bu üç dövlətin, həm dünyanın digər böyük dövlətlərinin, ümumiyyətlə, bütün dünya ölkələrinin marağındadır ki, iqtisadi münasibətlər sarsılmasın, əvvəlki səviyyəsinə qayıtsın və enerji problemi həll olunsun. Bu, dünyanın 200-dən çox müstəqil dövlətinin hamısının maraqlarına uyğundur. Bu məsələdə tərəflərin fikirləri üst-üstə düşə bilər. Üçüncü məsələ isə Ukrayna ilə bağlı tərəflərin ortaq fikirlərinin olub-olmamasıdır. Baxın, Ukrayna məsələsində ortaq mövqe yoxdur. Rusiyanın mövqeyi tamamilə başqadır, ABŞ-ın mövqeyi tamamilə fərqlidir, Çinin də maraqları başqadır. Ona görə də bu məsələdə yenə gücə əsaslanan siyasət xətti izləniləcək. Yəni kim daha güclü olacaqsa, kim daha üstün mövqeyə sahib olacaqsa, Ukrayna məsələsində söz sahibi də o olacaq.
Cənubi Qafqaz və Azərbaycana gəlincə isə, bizim region elə bir regiondur ki, burada həm bu üç dövlətin, həm də digər böyük güclərin maraqları var. Ona görə də Cənubi Qafqaz üçün bu mərhələdə dəyişən bir şey olmayacaq. Necə ki, əvvəllər də Cənubi Qafqaz beynəlxalq güclərin, həm bu üç dövlətin, həm də digər böyük dövlətlərin maraq dairəsində və çəkişmə nöqtəsində idi, indi də belə olacaq. Mən belə başa düşürəm ki, proseslər artıq Cənubi Qafqazda hərbi-siyasi baxımdan neytral bir vəziyyətin formalaşması istiqamətində davam edəcək. Çünki bu regionu nə Rusiya tamamilə tərk etmək istəyəcək, nə ABŞ buradakı maraqlarından əl çəkmək istəyəcək, nə Çin, nə də digər böyük dövlətlər-Avropa ölkələri, Türkiyə, İran və başqaları. Ona görə də Cənubi Qafqaz üçün ən yaxşı alternativ Azərbaycanın izlədiyi xarici siyasət modelidir. Bu, tərəfsiz və balanslaşdırılmış siyasət yürütmək, heç bir bloka və hərbi-siyasi qarşıdurmada tərəf seçməmək, münasibətləri bərabərhüquqluluq, iqtisadi əməkdaşlıq və hərtərəfli diplomatiya kontekstində davam etdirmək deməkdir. Belə bir Cənubi Qafqaz modeli bütün dünya və bütün tərəflər üçün faydalıdır. Ona görə də bütün maraqlı dövlətlər başa düşməlidirlər ki, Cənubi Qafqazda tərəf seçmək və üstünlük əldə etmək siyasətindən daha çox, regionda bərabərhüquqlu münasibətlərə üstünlük vermək hər kəsin, ümumiyyətlə, dünyanın maraqları baxımından daha məqbul variantdır".
Zeynəb Mustafazadə