Paşinyan "dəyişməlidir" deyir, Rubinyan "maneə yoxdur" – İrəvan rəhbərliyində sülh böhranı? – ÖZƏL

Azad Məsiyev: "Ermənistanda vahid hakimiyyət mövqeyi görünmür"

Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də Bakının sülh sazişinin imzalanmasını Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə şərtləndirməsini qəbul etmədiklərini deyib: "Sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur, biz elə bu gün imzalamağa hazırıq". Bu açıqlama Baş nazir Nikol Paşinyanın mövqeyi ilə ziddiyyət yaradır. Paşinyan ayın əvvəlində demişdi ki, mövcud Konstitusiya tələblərə cavab vermir və yeni Konstitusiyaya qarşı çıxmaq yekun sülhə qarşı olmaq deməkdir. 

Sözügedən mövzunu Olaylar.az-a şərh edən siyasi təhlilçi Azad Məsiyev bildirib ki, Azərbaycan xarici siyasətində qonşularla dinc yanaşı yaşamaq prinsipini hər zaman əsas meyar kimi götürür və bu prinsipi beynəlxalq hüquq müstəvisində tənzimləməyə çalışır. O cümlədən, Ermənistan dövləti ilə də dinc yanaşı yaşamaq prinsipinin həyata keçirilməsi istiqamətində daim təşəbbüslərlə çıxış edir. Azərbaycanın atdığı praktiki addımlar Ermənistanla real sülhə yönəlmiş addımlardır. Ermənistana nəqliyyat infrastrukturunun açılması, Ermənistana daşınan strateji yüklərin Azərbaycan ərazisindən keçməsi, Azərbaycanın neft məhsullarının Ermənistana satılması bu istiqamətdə atılan addımlardır. Bunlar Azərbaycanın praktiki sülhə doğru atdığı addımlardır. Hətta 44 günlük Vətən müharibəsindən sonra ilk olaraq Azərbaycan Prezidenti Ermənistanla sülh təşəbbüsü ilə çıxış edərək beş əsas prinsipdən ibarət təklif irəli sürdü. Sülh təşəbbüsünün əsas prinsipi nədir? Bu, iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Ermənistan Konstitusiyası isə Azərbaycanın ərazi bütövlüyünü tanımır. Həmin sənəddə Azərbaycanın ərazisinə qarşı ərazi iddiasını ifadə edən məqamlar var. Azərbaycan hesab edir ki, Ermənistanla sülh müqaviləsinin tam şəkildə reallaşması Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra mümkün ola bilər. Çünki biz Ermənistan dövləti, Paşinyan və ya Ermənistanın hazırkı rəhbərliyi ilə müvəqqəti sülh müqaviləsi imzalamaq niyyətində deyilik. Biz Ermənistan xalqı ilə uzunmüddətli sülh şəraitində yaşamaq istəyirik. Bu baxımdan, referendum xalqın iradəsi əsasında formalaşmalıdır. Ermənistan xalqı referendumda səs verməli, Azərbaycana qarşı ərazi iddialarından və düşmənçilik siyasətindən imtina etməlidir. Bu, Ermənistan xalqının öz iradəsini referendum yolu ilə ifadə etməsi deməkdir. Amma onu da qeyd etmək lazımdır ki, Ermənistanda hələ də bəzi şəxslər "dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayır və bu avantürist ideyanı düşüncələrindən çıxara bilmirlər. Məsələ də məhz bundadır. Ermənistan qonşularla dinc yanaşı yaşamaq istəyirsə, mütləq şəkildə Azərbaycanın konstruktiv mövqeyini qəbul etməlidir. Yəni referendum keçirilməli, Ermənistan xalqı Azərbaycana qarşı düşmənçilikdən və ərazi iddialarından imtina etməlidir. Bundan sonra sülh sazişinin imzalanmasına gedilməlidir. Baxmayaraq ki, sülh sazişinin mətni artıq razılaşdırılıb, burada xalqın iradəsindən asılı olan bəzi məqamlar var. Biz bu məsələləri gündəmə gətirmişik və onların həyata keçirilməsində maraqlıyıq. Çünki bu gün Ermənistanda hakimiyyətdə olan qüvvələr sabah hakimiyyətdə olmaya bilərlər. Gələcəkdə onların yerinə başqa bir siyasi fiqur hakimiyyətə gələrsə, imzalanmış sülh sazişinin Konstitusiyaya zidd olduğunu əsas gətirə bilər. Bu baxımdan hesab edirik ki, referendum keçirilməli və Konstitusiyaya da müvafiq dəyişikliklər edilməlidir.

Ekspertin sözlərinə görə, ikinci məsələ Ermənistanın Avropaya inteqrasiyası ilə bağlıdır. Ermənistan dünya birliyinin həqiqi mənada müttəfiq dövlətlərindən birinə çevrilmək istəyirsə, bunun yolu yenə də Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Çünki Ermənistan Avropaya inteqrasiya etmək, iqtisadi baxımdan Avropa ilə əlaqələrini möhkəmləndirmək istəyirsə, bunu Türkiyə üzərindən həyata keçirməlidir. Bu isə Azərbaycanla sülh sazişinin imzalanmasından asılıdır. Təbii ki, Ermənistanın nəqliyyat infrastrukturunu köklü şəkildə yenidən qurması və işlək vəziyyətə gətirməsi də Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Məsələ ondadır ki, Ermənistanda bəzi avantürist qüvvələr hələ də Böyük Ermənistan dövləti yaratmaq iddiasındadırlar. Bu iddialarını həyata keçirmək üçün indiyədək Rusiyanı öz tərəflərinə çəkərək, onu alətə çevirib bu siyasəti reallaşdırmağa çalışıblar. İndi isə Qərbi öz tərəflərinə çəkməklə eyni siyasəti həyata keçirmək istəyirlər. Ermənistanda yaranmış bu ikili vəziyyət onu göstərir ki, ölkədə vahid hakimiyyət mövqeyi yoxdur. Parlament sədri bir fikir səsləndirir, baş nazir isə başqa mövqe ortaya qoyur. Bu da Ermənistandakı qeyri-konstruktiv qüvvələrin siyasi proseslərə təsir göstərmək gücünə malik olduğunu deməyə əsas verir. Belə olan təqdirdə bir daha əmin olmalıyıq ki, Ermənistanda siyasi hakimiyyət dəyişərsə, yenə də "dənizdən dənizə Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün işğalçılıq siyasətinə qayıda bilərlər. Bu zaman Qərbi, o cümlədən ABŞ-ni öz tərəflərinə çəkərək həmin siyasəti reallaşdırmağa çalışacaqlar. Buna görə də Ermənistan parlament sədrinin səsləndirdiyi fikirlər və ölkə cəmiyyətində yaranmış mövcud vəziyyət vahid mövqenin və vahid siyasi platformanın olmadığını göstərir. Belə olan halda biz Ermənistanla hansı sülh şəraitində yaşaya bilərik? Hansı sülh sazişinə imza ata bilərik? Əgər Ermənistanda işğalçılıq təfəkkürü ilə yaşayan, Böyük Ermənistan dövləti yaratmaq istəyən, həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən qüvvələr varsa, bu halda Ermənistanla hansı sülh şəraitində yaşamağımız mümkündür?Ona görə də biz özümüzü müdafiə etmək üçün bütün vasitələrin məqbul olduğu prinsipini gündəmə gətirməliyik. Erməni cəmiyyətində avantürist düşüncə ilə yaşayan insanlar bilməlidirlər ki, indiki Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına formalaşmış bir dövlətdir. Ermənistan dövləti 1918-ci ildə dövlət müstəqilliyini elan edərkən təxminən 9 min kvadratkilometr əraziyə malik idi. Bu gün isə onun ərazisi 29 min kvadratkilometrə yaxındır. Bu ərazilərin genişlənməsi Azərbaycan torpaqları hesabına baş verib. Yaxın tariximizdəki sənədlər də bu məsələlərlə bağlı faktlarl təsdiqləyir. Zəngəzurun, Göyçənin və Göyçə gölünün Azərbaycan torpaqları olması danılmır. Bu baxımdan, Ermənistanda avantürist düşüncəli insanlar Böyük Ermənistan iddiasını yenidən gündəmə gətirirlərsə, bu, eyni zamanda, Azərbaycan xalqının tarixi torpaqlarını unutmadığını da göstərir. Ermənistandan qovulmuş soydaşlarımızın, Qərbi Azərbaycan İcmasının ortaya qoyduğu geriyə qayıdış proqramını biz gündəmdə saxlayırıq və bu prosesi həyata keçirməkdə maraqlıyıq.

"Azərbaycanın mövqeyi həm beynəlxalq hüquq normalarına, həm də siyasi reallıqlara uyğun şəkildə formalaşır. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini həyata keçirmək niyyətindədir. Bununla belə, qarşı tərəfdən də adekvat cavab gözləyir. Yəni bizim Ermənistan istiqamətində atdığımız konstruktiv addımlara qarşı Ermənistandan da adekvat münasibət göstərilməlidir. Əgər bu cür çağırışlar və qeyri-konstruktiv mövqelər davam edərsə, bu, bir daha Ermənistanda vahid hakimiyyət mövqeyinin olmadığını və avantürist düşüncəli qüvvələrin mövcudluğunu göstərəcək. Həmin qüvvələr hakimiyyətə gələrsə, təbii ki, Azərbaycanla imzalanan sülh sazişinə kölgə salına bilər. Buna görə də Azərbaycan tərəfi öz mövqeyinin haqlı olduğunu bir daha vurğulayır. Biz hesab edirik ki, Ermənistanda referendum keçirilməli, Konstitusiyaya müvafiq dəyişikliklər edilməli və Azərbaycana qarşı ərazi iddialarından imtina olunmalıdır. Yalnız bu halda sülh sazişinin imzalanması mümkün ola bilər", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31