Böyük güclərin dialoqu: Dünya siyasətində yeni mərhələ başlayır?- ÖZƏL

Bu gün-noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında keçiriləcək üçtərəfli görüş beynəlxalq siyasətin diqqət mərkəzindədir. Görüşün ABŞ, Rusiya və Çin arasında münasibətlərin gələcək istiqaməti, qlobal təhlükəsizlik məsələləri və beynəlxalq siyasi proseslər baxımından müzakirələrə səbəb olacağı gözlənilir. Dünyanın aparıcı güclərini təmsil edən üç liderin bir araya gəlməsi mövcud geosiyasi münasibətlər və böyük dövlətlər arasındakı rəqabət fonunda xüsusi maraq doğurur.

Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında keçirilən bu üçtərəfli görüşü beynəlxalq münasibətlər sistemində hansı dəyişikliklərin başlanğıcı kimi qiymətləndirmək olar? Sizcə, üç ölkənin ortaq maraqlarının uzlaşması nə dərəcədə mümkündür?
Görüşdən konkret razılaşmalar gözləmək mümkündürmü, yoxsa bu, daha çox siyasi dialoq xarakteri daşıyır?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Olaylar.az-a açıqlama verib:

" ABŞ, Rusiya və Çin kimi dünyanın aparıcı nüvə dövlətlərinin liderlərinin ilk dəfə bu formatda bir araya gəlməsi təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə qlobal təhlükəsizlik arxitekturası baxımından əhəmiyyət daşıyır. Bəllidir ki, görüşün əsas gündəliyində nüvə silahlarına nəzarət, Ukrayna müharibəsi, İran ətrafındakı vəziyyət və böyük dövlətlər arasında strateji sabitlik məsələləri yer alıb. Bununla belə, görüşdən dərhal sonra konkret və genişmiqyaslı razılaşmaların elan edilməməsi göstərir ki, tərəflərin ortaq mövqeyə gəlməsi hələ kifayət qədər mürəkkəb prosesdir.
Əslində, bu görüşü beynəlxalq münasibətlər sistemində formalaşmaqda olan yeni güc balansının mühüm təzahürlərindən biri kimi qiymətləndirmək olar. Uzun müddət dünya siyasətində ABŞ-ın aparıcı mövqeyi və Qərb institutlarının müəyyənedici rolu əsas götürülsə də, son illərdə Çinin də  beynəlxalq proseslərdə fəallığının artması daha mürəkkəb geosiyasi mənzərə yaradıb. Trampın Putin və Si Cinpinlə eyni masa arxasında əyləşməsi Vaşinqtonun rəqib hesab etdiyi dövlətlərlə birbaşa dialoqa üstünlük verməyə hazır olduğunu göstərir. Lakin bu, üç ölkənin vahid siyasi platformada birləşməsi demək deyil. Əksinə, onların hər biri görüşə fərqli strateji məqsədlərlə qatılıb. Tramp nüvə silahlarının azaldılması və beynəlxalq münaqişələrin həlli istiqamətində siyasi nəticə əldə etməyə çalışır. Putin üçün belə bir görüş Rusiyanın beynəlxalq təcridinin aradan qalxması və Moskvanın böyük güc statusunun nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir. Si Cinpin isə Çinin qlobal diplomatiyada aparıcı aktor kimi mövqeyini möhkəmləndirməyə çalışır.
Məhz bu fərqli maraqlar üç dövlət arasında genişmiqyaslı razılaşmaların əldə olunmasını çətinləşdirir. ABŞ və Rusiya nüvə arsenalının məhdudlaşdırılmasında maraqlı olduqlarını bildirsələr də, Çinin bu prosesdə hansı həcmdə öhdəlik götürəcəyi açıq qalır. Pekin öz nüvə potensialının Vaşinqton və Moskvanın arsenallarından xeyli kiçik olduğunu əsas gətirərək bərabər məhdudiyyətlərə ehtiyatla yanaşır. Deməli, görüşün əhəmiyyəti dərhal razılaşma əldə edilməsindən daha çox, əvvəllər ayrı-ayrılıqda müzakirə olunan məsələlərin üçtərəfli diplomatik gündəliyə daxil edilməsindədir.
Ukrayna müharibəsi isə görüşün ən həssas istiqamətlərindən biridir. Trampın münaqişənin dayandırılmasında maraqlı olduğunu bildirməsi, Putinin isə ABŞ və Rusiya arasında bu məsələdə ortaq maraqların mövcudluğunu vurğulaması diplomatik müzakirələr üçün müəyyən zəmin yaradır. Lakin burada əsas problem Kiyevin mövqeyidir. Ukraynanın birbaşa iştirak etmədiyi formatda onun gələcəyi ilə bağlı hər hansı razılaşmanın müzakirəsi ciddi suallar doğurur. Kiyev və Avropa paytaxtlarında böyük dövlətlərin Ukraynanın maraqlarını nəzərə almadan qərar qəbul etməsi ehtimalı təbii olaraq narahatlıqla qarşılanır. Bu səbəbdən üçtərəfli görüşün müharibənin taleyinə təsiri daha çox Vaşinqtonla Moskva arasında gələcək danışıqların istiqamətindən və Pekinin hansı diplomatik rolu üzərinə götürəcəyindən asılı olacaq.
ABŞ-Rusiya münasibətləri baxımından görüşün əsas nəticəsi birbaşa dialoqun bərpası və siyasi təmasların davam etdirilməsi üçün imkanların yaranmasıdır. Bununla belə, Ukrayna müharibəsi, sanksiyalar, Avropanın təhlükəsizliyi və nüvə silahlarına nəzarət məsələlərində tərəflərin mövqeləri arasında ciddi fərqlər qalır. Çin-ABŞ münasibətlərində isə mənzərə daha mürəkkəbdir. Vaşinqton Pekinlə həm iqtisadi əməkdaşlığı qorumağa, həm də texnologiya, ticarət və Asiya-Sakit okean regionunda strateji rəqabəti davam etdirməyə çalışır. Si Cinpin üçün bu görüş Çinin ABŞ-la münasibətlərdə bərabərhüquqlu qlobal güc kimi qəbul edilməsini nümayiş etdirmək baxımından əhəmiyyətlidir.
Bütün bunları nəzərə alaq deyə bilərəm ki, bu görüşdən dərhal konkret və tarixi razılaşmalar gözləməyə dəyməz. Ümumiyyətlə isə üç liderin ilk dəfə bu formatda görüşməsi özü artıq mühüm siyasi hadisədir. Ortaq hansıəsa maraqlar varmı, bəli var. Lakin ortaq maraqların mövcudluğu hələ ortaq strateji baxışın formalaşması demək deyil. Hər üç dövlət qlobal təhlükəsizlikdə sabitliyin qorunmasında maraqlı olsa da, bu sabitliyin hansı siyasi qaydalar və güc balansı əsasında təmin olunacağı barədə fərqli düşünür. Ona görə də Şençjen görüşü yeni dünya nizamının artıq formalaşdığını deyil, onun əsas konturlarının müzakirə edildiyini göstərir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31