Son 40 ilin ən yüksək nüvə riski: 38 ölkənin xəbərdarlığı Moskvanı dayandıracaqmı? – ÖZƏL

Zeynal Əmrəliyev: "Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi imzalanmalıdır" 

Avropada nüvə qəzası riski Çernobıl faciəsindən bəri - son 40 ilin ən yüksək həddinə çatıb. Norveçin səhiyyə naziri Yan Kristian Vestre və 38 ölkənin nüvə təhlükəsizliyi qurumları Rusiyanın Ukraynanın enerji infrastrukturuna artan raket və dron hücumlarının nüvə stansiyalarında soyutma sistemlərini sıradan çıxararaq qitə miqyasında radioaktiv fəlakətə yol aça biləcəyi barədə xəbərdarlıq ediblər. ABŞ, Böyük Britaniya, Yaponiya və Aİ ölkələrinin də bölüşdüyü bu narahatlığa əsasən, ən ağır ssenari Ukraynadakı 9 nüvə reaktorunun eyni vaxtda enerjisiz qalmasıdır. Tənzimləyici qurumlar Moskvanı enerji obyektlərinə zərbələri dərhal dayandırmağa çağırıb.

Maraqlıdır, 38 ölkənin birgə xəbərdarlığı Rusiyanı enerji infrastrukturuna hücumlardan çəkindirə biləcəkmi, yoxsa? Mövcud təhlükə riski reallaşa bilərmi? 

Sözügedən mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna raket və dronlarla aktiv şəkildə hücum etməsi, əlbəttə ki, bölgədə kimyəvi risklər yaradır və bu, böyük fəlakətə səbəb ola bilər. Rusiya tərəfi dəfələrlə heç nəyə məhəl qoymadan Ukraynanın ağır sənaye obyektlərinə intensiv zərbələr endirir. Bu isə, təbii ki, özündə ciddi təhlükələri ehtiva edir. Nəzərə almaq lazımdır ki, dünyada bu mənada ən böyük faciələrdən biri məhz Ukraynada, Çernobılda baş vermişdi. Bu hadisə ümumilikdə dünyada ekoloji vəziyyətə çox mənfi təsir göstərmişdi. İllər keçməsinə baxmayaraq, bu faciə unudulmur və unudulmayacaq. Belə bir məqamda Rusiyanın heç nəyə məhəl qoymadan aktiv şəkildə hədəflər seçməsi onun humanitar məsələlərdən nə qədər uzaq olduğunu, ən adi məsələlərə, o cümlədən ekoloji problemlərə belə önəm vermədiyini və insan həyatının Rusiya hakimiyyəti üçün heç bir məna daşımadığını açıq şəkildə göstərir.

Ekspert qeyd edib ki, bütün bunlar qlobal səviyyədə müzakirə edilməli məsələlərdir. Düşünürəm ki, Qərb dövlətləri artıq Rusiyanın qarşısında belə bir tələb qoymalıdırlar: enerji infrastrukturlarını hədəfə almaqdan imtina edin. Əks halda, bu, qlobal müharibəyə gətirib çıxara bilər. Bu, təkcə Ukraynanın problemi deyil. Orada baş verə biləcək hər hansı ekoloji-kimyəvi fəlakət bütün regiona, hətta dünyaya təsir edəcək miqyasda ola bilər. Düşünürəm ki, hazırda Pekində keçirilən üçtərəfli görüşdə də bu məsələlər geniş şəkildə müzakirə ediləcək və Rusiyanı bu cür hücumlardan çəkindirməyə çalışacaqlar. Rusiya ilə Ukrayna arasında enerji infrastrukturu ilə bağlı atəşkəs razılaşması artıq imzalanmalıdır. Tərəflər bu razılaşmaya getməli, bir-birinin enerji infrastrukturlarını və ağır sənaye obyektlərini hədəfə almaqdan imtina etməlidirlər. Ümumiyyətlə, mülki obyektlərə hücum edilməməlidir. Əgər bu, müharibədirsə, tərəflər hərbi əməliyyatları hərbi obyektləri hədəfə almaqla həyata keçirə bilərlər. Mülki obyektlərin hədəfə alınması isə heç bir halda müsbət nəticə vermir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31