Ermənistanda totalitar rejim: Hakimiyyətin mənbəyi xalq yox, Qərbdir? – ÖZƏL

"Paşinyan hakimiyyətə təsadüfən gətirilməyib. O, məqsədyönlü şəkildə hakimiyyətə gətirilib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdədir. Paşinyanın Qərb qarşısında götürdüyü öhdəlik Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq və Qərbin təsir dairəsinə salmaqdan ibarətdir. Paşinyan uzun müddətdir bu siyasəti həyata keçirir və Ermənistan daxilində həmin kursa mane olan şəxsləri neytrallaşdırmağa çalışır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Ekspert bildirib ki, Paşinyan Ermənistanda totalitar rejim formalaşdırmaqdadır. Seçkilər ərəfəsində də bu proses özünü açıq şəkildə göstərdi. Yəni Ermənistanda hakimiyyətin mənbəyi xalq deyil. Hakimiyyətin mənbəyi Brüssel və Vaşinqtondur. Təbii ki, Paşinyan Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbin sifarişi ilə hərəkət edir. O, Ermənistanda özünə mane olan siyasi partiyaları və ictimai-siyasi xadimləri müxtəlif adlar altında həbs etdirməklə neytrallaşdırır və bunu ustalıqla həyata keçirir. Paşinyanın yürütdüyü bu siyasət Qərb tərəfindən dəstəklənir. Ermənistanda siyasi baxışlarına görə təqib olunan şəxslər var və bu proses bu gün də davam edir. Amerika Birləşmiş Ştatları və Qərb Paşinyanı bütün vasitələrlə dəstəkləyir, hətta onun yaratdığı totalitar rejimə də dəstək verir. Məqsəd Paşinyanın Ermənistanı Qərbin əlində alətə çevirməsidir və bu proses sürətlə davam edir. Ona görə də bu gün istər şəhər merini, istərsə də digər ictimai-siyasi xadimləri və siyasi partiyaları neytrallaşdırır, onları qorxu içərisində saxlayırlar. Ermənistanın siyasi kursunu dəyişdirmək məqsədilə bu siyasət həyata keçirilir. Ermənistanın rəhbəri Paşinyan Cənubi Qafqazda xaos yaratmaq niyyətindədir. Çünki qlobal güclərin maraqları toqquşanda xaos yaranır. Qlobal güclərin maraqlarının toqquşduğu əsas məkanlardan biri Ukrayna, digəri isə Cənubi Qafqazdır. Qərb bu siyasəti Cənubi Qafqazda Ermənistan üzərindən həyata keçirməyə çalışır. Ermənistanın maraqlarını qarşı-qarşıya qoymaqla regionda sabitlik pozulur. Beləliklə, Qərblə Rusiya arasında maraqlar toqquşması açıq şəkildə özünü göstərir. Bu toqquşmanın fəsadları Cənubi Qafqaza da sıçraya bilər. Çünki Qərb Cənubi Qafqaz respublikalarını öz təsiri altına salmaq istəyir və bunu Ermənistan üzərindən həyata keçirməyə çalışır.

Ekspertin sözlərinə görə, Paşinyan Qərbin dəstəyini arxasına aldıqdan sonra Qərb Ermənistan vasitəsilə Azərbaycana da təzyiq göstərmək niyyətində olacaq. Ermənistanda həyata keçirilən bu totalitar siyasətin, siyasi baxışlarına və düşüncələrinə görə insanların həbs olunmasının məqsədi Paşinyanın hakimiyyətini gücləndirmək, ona qarşı çıxan müxalif qüvvələri neytrallaşdırmaq və Ermənistanı tamamilə Qərbin əlində alətə çevirməkdir. Bunu həyata keçirmək üçün Ermənistanda müstəqil düşünən ekspertlərin, siyasi və ictimai xadimlərin, hətta dini xadimlərin belə həbsinə rəvac verilir. Yəni həyata keçirilən bu siyasətin məqsədi Ermənistanı totalitar rejimə çevirməkdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31