Azərbaycanın sülh modeli təşəbbüsü Paşinyan hakimiyyəti üçün zəmanətverici faktordur
18:00 SiyasətErmənistanın Azərbaycanla paraflanmış Sülh müqaviləsini uzatmasının səbəbi təkcə xarici təsirlərdən asılı deyil. Burada daxili siyasi hesablamalar, konstitusiya ilə bağlı mübahisə, sərhəd məsələləri və təhlükəsizlik narahatlıqları rol oynayır. Amma bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Ermənistanın danışıqları bilərəkdən uzatması ilə bəzi məsələlərin hüquqi və siyasi baxımdan həllinin vaxt aparması eyni şey deyil. Ermənistan daha çox Azərbaycan tərəfinin təklif etdiyi konstitusiya dəyişikliyi məsələsində tərəddüd edir. Azərbaycan tərəfi hesab edir ki, Ermənistan Konstitusiyasındakı bəzi müddəalar və Müstəqillik Bəyannaməsinə istinadlar Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilə bilər. Bakı davamlı və etibarlı sülh üçün bu məsələnin həllini vacib sayır. Ermənistan hakimiyyəti isə konstitusiya dəyişikliyinin daxili siyasi baxımdan həssas olduğunu bilir. Belə bir dəyişiklik referendum və ciddi ictimai müzakirə tələb edə bilər.
Digər bir maneə daxili siyasi risklərdir ki, Ermənistan rəhbərliyi sülhə razılıq versə belə, ölkə daxilində müxalifətin və bəzi siyasi qüvvələrin müqaviməti ilə üzləşə bilər. Xüsusilə Qarabağ məsələsi və Azərbaycana qarşı güzəştlər erməni cəmiyyətində həssas mövzulardır. Təhlükəsizlik təminatlarını bəhanə edən Ermənistan Azərbaycanla sülh əldə etdikdən sonra da öz təhlükəsizliyi, sərhədlərin müəyyənləşdirilməsi və regional qüvvələr balansı ilə bağlı narahatlıqlarını nəzərə alır. Buna görə İrəvan müqavilənin yalnız imzalanmasına deyil, onun şərtlərinə də xüsusi əhəmiyyət verir.
Azərbaycan Naxçıvana maneəsiz bağlantının təmin olunmasını istəyir. Ermənistan isə öz ərazisindən keçən yollar üzərində suverenliyinin, yurisdiksiyasının və nəzarətinin qorunmasını vacib sayır. Bu məsələdə razılaşmanın praktik icrası və təhlükəsizlik mexanizmləri də əhəmiyyətlidir. Son məlumata görə, sülh sazişinin mətni artıq razılaşdırılıb və paraflanıb, lakin rəsmi imzalanma və ratifikasiya prosesi tamamlanmayıb. Ona görə ki, Azərbaycanın mövqeyinə görə, Ermənistanın konstitusiyasında ərazi iddiası kimi qəbul edilən müddəalar aradan qaldırılmalıdır. Ermənistan tərəfi isə konstitusiyanın sülh sazişinin imzalanmasına maneə olmadığını bildirir. Əsas fikir ayrılıqlarından biri məhz budur. Ermənistanın prosesi uzatmasında ən mühüm amil daxili siyasi risklərlə Azərbaycanın irəli sürdüyü şərtlər arasında tarazlıq yaratmaqdır. Paşinyan sülhü iqtisadi inkişaf və regional əlaqələr üçün fürsət sayır, amma güzəştlərin daxildə siyasi qiyməti var. Əsas sual budur, Ermənistan həqiqətən sülhə hazırdır, yoxsa vaxt qazanmağa çalışır? Hazırkı məlumatlar hər iki ehtimalın müzakirəsinə əsas versə də, Paşinyanın son açıqlamaları sülh sazişini tamamilə rədd etməkdən daha çox, onu öz siyasi və hüquqi şərtləri daxilində yekunlaşdırmağa çalışdığını göstərir.
Ümumilikdə Erməistan hakimiyyətinin manipuliativ gedişləri deməyə əsas verir ki, "bu xamır hələ çox su aparacaq". Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də sazişin mümkün qədər tez imzalanmasına və ratifikasiyasına çağırıb. Ardınca isə Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyi mümkünlüyünü bəyan edib. Məntiqi anlamda bu, Paşinyanın siyasi hiyləgərliyinin növbəti təzahürüdür. Məlumdur ki, 2031-ci ilədək Paşinyan hökumətinin səlahiyyət müddəti başa çatacaq və bu dövrdə Ermənistanda hansı siyasi proseslərin yaşanacağı, hansı siyasi qüvvələrin öndə olacağı sual doğurur. Demək olar ki, Paşinyan bununla dolayısı yolla yekun sülh sənədinə imza atmağı özündən sonrakı hakimiyyətə ötürə biləcəyini istisna etmir. Əslində, Paşinyanın bu mövqeyi ötən ilin avqustunda Vaşinqtonda paraflanan Sülh sazişi və TRİPP quruculuğu yönündə addımlardan uzaqlaşması kimi dəyərləndirilə bilər. Belə məlum olur ki, Paşinyan bölgədə baş verən son proseslərdən, xüsusən də Türkiyə ilə sərhədlərin açılması istiqamətində səylərdən "cəsarətə" gəlib. Ancaq, Paşinyan unutmamalıdır ki, Azərbaycanın Sülh modeli təşəbbüsü və TRİPP amili onun siyasi hakimiyyəti üçün əsas zəmantverici faktordur. Odur ki, Paşinyan üzərinə düşən əsas vəzifə bundan ibarət olmalıdır: mümkün güzəştləri vətəndaşlara izah etmək, müxalifətin müqavimətini azaltmaq və sülhün Ermənistan üçün faydalı olduğunu sübut etmək. Əks halda, Azərbaycan Ermənistana ucuz satdığı nefti, yanacağı dayandırsa, açdığı nəqliyyat qapılarını bağlasa və hələ də Ermənistanda qalan 7 kəndin azad edilməsi üçün praktiki addımlar atsa, erməni xalqının sosial narazılığı daha betər ola bilər.
Alim Hüseynli