24 Oktyabr sınağı: Makron hakimiyyəti sosial narazılıq dalğasını necə dayandıracaq? – ÖZƏL

"Fransada ordunun küçələrə çıxarılması, ilk növbədə, dövlətin ictimai asayişi qorumaq imkanlarının ciddi sınaq qarşısında qaldığını göstərir. Ancaq bunu hələ Fransanın idarəolunmaz duruma düşməsi kimi qiymətləndirmək doğru olmazdı; əsas məsələ dövlətlə toplum arasındakı güvənin nə dərəcədə sarsılmasıdır. Təhlükəsizlik tədbirləri zorakılığı dayandıra bilər, lakin eyni dərəcədə sosial narazılığın səbəblərini aradan qaldıra bilməz axı".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araçdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloqun sözlərinə görə, günahı yalnız ifrat sol qüvvələrdə, yaxud xarici manipulyasiyada axtarmaq məsələyə birtərəfli yanaşmaq olardı. Xarici informasiya təsirləri, radikal qrupların təxribatları böhranı xeyli dərinləşdirə bilər, amma kütləvi narazılığın əsas qaynaqları, bir qayda olaraq, iç sosial-iqtisadi problemlər, siyasi təmsilçilik böhranı və hakimiyyətə inamın zəifləməsidir.

Bəs 2018-ci ilin "Sarı jiletlilər" hərəkatının təkrarlanması mümkün olarmı? 

İstisna edilmir. Bunun üçün etirazların ayrı-ayrı şəhərlərdən ölkə miqyasına yayılması, müxtəlif sosial təbəqələrin ortaq tələblər ətrafında birləşməsi və hökumətin siyasi dialoq imkanlarının tükənməsi gərəkdir. Fransa üçün əsas təhlükə etirazın özündən daha çox, etirazla dövlət arasında dialoqun güc qarşıdurması ilə əvəz olunmasıdır. Demokratik dövlətin gücü narazılığı siyasi çözümə çevirmək bacarığında görünür. Burada önəmli bir məqam da var. Söhbət "Sentinelle" hərbçilərinin əsas vəzifəsinin etirazçıları dağıtmaq olmamasından gedir; onların vəzifəsi strateji obyektləri qorumaqla polis qüvvələrinin digər təhlükəsizlik əməliyyatlarına yönəlməsinə şərait yaratmaqdır. Bax, bu fərq də olaylara qiymət verərkən nəzərə alınmalıdır. Nəhayət, bir danılmaz tarixi gerçəyə də vurğu edək. Fransa uzun illər boyu Afrikanın bir çox ölkəsinin və "dənizaşırı torpaqlar"ın sərvətlərini istismar edib, müstəmləkəçilikdən neokolonializmə uzanan siyasətin iqtisadi-siyasi üstünlüklərindən gen-bol yararlanıb. Başqalarının sərvətindən bəhrələnməyi az qala özünün təbii haqqı sayan Fransa son illər bir sıra keçmiş müstəmləkələrində öncəki təsir imkanlarını itirməkdədir. Əlbəttə, bugünkü sosial-iqtisadi böhranı yalnız bununla izah etmək düzgün olmaz; ancaq özgə xalqların sərvətləri hesabına qurulmuş rifahın əbədi olmayacağı da bəlli idi. Vaxtilə başqalarının hesabına lüks yaşamağa alışmış bir sistem indi öz içində ciddi sınaqlarla üz-üzədir. Bunun təzahürləri də ağdan-qaradan keçib sarıya-marıya çevrilir... Üstəlik, Fransa hakimiyyətinin Qarabağ məsələsində Azərbaycana münasibətdə sərgilədiyi ədalətsiz, birtərəfli mövqeyi də unutmamışıq. Özünü demokratiyanın, insan haqlarının və beynəlxalq hüququn böyük müdafiəçisi kimi təqdim edən bir dövlətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində nümayiş etdirdiyi ikili standartlar az şey demir. Başqa xalqlara hüquq dərsi keçməyə çalışanların öz içindəki sosial ədalət çağırışlarına necə cavab verəcəyi də, doğrusu, maraqlıdır. Fransız hökuməti neoimperializmi əynindən soyunmasa, "sarı jiletlilər"in jileti soyunub-soyunmaması nəyi dəyişər?..

"Uzun sözün qısası, 24 oktyabr Fransada həm təhlükəsizlik qüvvələrinin, həm də siyasi hakimiyyətin iradəsinin, müdrikliyinin sınağı olacaq. Yada salaq, 2018-ci ilin dərsi nə idi? - Bəli, sosial narazılığı yalnız güc vasitəsilə susdurmağa çalışmaq onu aradan qaldırmır, bəzən daha geniş siyasi böhrana çevirir. Üstəlik, başqalarına demokratiya və ədalət dərsi keçməyə iddialı olan Fransa üçün bu sınağın ayrıca mənəvi-siyasi anlamı da var...", - deyə yazar vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31