Unudulmuş kənd bulağı

...... Köhnə kənd məktəbi..... 

Bir köhnə məktəbin yolundan keçdim,
Uşaqlıq illərim oyandı birdən.
Zəngin səsi gəldi,elə kövrəldim,
Getmədi ayağım dayandı birdən.

O məktəb qapısı, o taxta parta,
O soyuq siniflər, o soba yeri.
İllər bizi alıb uzaq apardı,
Amma unutmadıq müəllimləri.

Qış günü məktəbə getdik piyada,
Qar dizə çıxardı, yol buz olurdu.
Çox olsa dərsimiz axşam düşürdü,
Göydə ay olurdu,ulduz olurdu.

Dəftərlər az idi,kitablar köhnə,
Qələmi qoruyub elə saxlardıq. 
O vaxt tapılmırdı indi olanlar,
Vərəqi cırmazdıq hələ saxlardıq.

Bir qələm bölərdik iki şagirdə,
Bir kitab açardıq ikimiz birdən.
Dəftər qurtaranda arxa vərəqdən, 
Yenidən yazardıq təzə sətirdən.

Taxta partalarda adda yazardıq,
Nəyləsə cızardıq ürək şəklini
Kaş ki, o illərdə uşaqlığımızın,
Saxlaya bilərdik gərək şəkilini.

Nə qədər oxusaq bitmək bilmirdi, 
Kitab da bitməyən bölüm var idi. 
Qorxurduq sinifə qəfil girəndə, 
Müəllim də vahimə,höküm var idi. 

Müəllim çağıranda ürək titrərdi,
Önünə gedərdik tez də qaçardıq.
Bir tərif eşitsək, qanadlanardıq,
Az qala  sevincdən göyə ucardıq.

Atamız anamız deyərdi evdə:
"Müəllim nə desə, qulaq as, bala!"
Qanun sayılardı müəllimi sözü, 
Canını qoyardı dərsə az qala. 

Heyif ki, yoxsunuz çoxunuz köçdüz
Qalıb məzarınız, qalıb iziniz.
Adınız gələndə ürək dağlarnır,
İllərdi qəlblərdə sönmür közünüz. 

Edirik dualar məzar başında.
Borcluyuq bir ömür əlbət sizlərə .
Bir vaxt qarşınızda şagird olmuşuq, 
Dilərik Allahdan rəhmət sizlərə. 

Yenə o məktəbin qapısı açıq,
Amma o illərin dadı başqadır.
İndi hər bölgədən müəllim də gelir,
Doğması başqadır, yadı başqadı. 

Ay kənd məktəbimiz,ay köhnə sinif.
Hər daşın divarın doğmadı bizə. 
Səndə öyrəndik biz ilk hərfləri, 
Sən işıq salmısan gələcəyimizə. 
Sən işıq salmısan gələcəyimizə. 

....... SÖZ.......... 

Söz var ki,insanla hər addım gedər. 
Söz var ki,deyilsə qaldırar şəkər 
Söz var ki, insanı özündən edər .
Söz var ki, insanı özünə çəkər. 

Söz var, deyilsə millət qınayar.
Söz var, dodaqdan çıxar, daş olar,
Söz var ki sahibin aləm tanıyar.
Söz var ki, gözlərdən axan yaş olar. 

Söz var, xatırlanar qəbir üstündə.
Söz var məclislərdə dilə də gəlməz.
Söz var ki,hər yerdə danışmaq olmaz. 
Danışsan heç tikən ələdə gəlməz. 

Söz var ki,qəlblərdə qızıl kimdir. 
Söz var ki, səmada hava kimidir. 
Söz var ürəklərdə qıfıl kimidir. 
Söz var deyilməsə baha kimidir. 

Unudulmuş kənd bulağı

Unutduq dağların saf bulağını,
Daş üstə süzülən sərin suyunu.
Ayaqyalın gedib su daşıdıq biz,
Heç araşdırmırdıq dərin suyunu.

Kətdə hər qapıda bir eşşək vardı,
İşi tək bulaqdan su gətirməkdir.
Az qala belinə on qab düzərdik,
Fikrsə məsafəni tez bitirməkdir.

O bulaq başında neçə iz qaldı,
Kimlərin şahidi oldu zamanın?
Neçə yolçu gəldi, suyundan aldı,
Nə qədər səhənglər doldu zamanın.

İndi hər qapıda su axır, amma,
Kim gedib o bulaq başında durur?
Bir vaxtlar kəndimin canı olan yer,
İndi hər damcını keçmişə vurur.

Bir vaxtlar kəndimin canıydı bulaq,
Hamı bir olanda sevinərdilər.
Maraqlı söhbətlər olardı orda,
Suları dolanda sevinərdilər.

Analar oğluna qız axtarardı,
Bu kimin qızıdır, soruşardılar.
Axşam gəlib evdə söz açardılar,
Cavanlar bu yola qovuşardılar.

Eşşəklər dayanıb öz növbəsində,
Bir belədə düz iki bidon gəzdirdi.
Ev, bulaq yolunu tanıyırdılar,
Kimi nə yubatdı, nə də bezdirdi.

Daha kənd evində su gəlir indi,
Nə səhəng dərdi var, nə də su dərdi.
Amma o bulağın qədri olmadı,
Nə üzlə qeyd edək bəs biz bu dərdi?

İndi o bulağa yol salan hanı?
Kim yada salacaq o şirin anı?
Eşşəklər, səhənglər, qadınlar hanı?
Bir bulaq yanında qalıb zamanı.

Kaş yenə eşidəm suyun səsini,
Hanı o qadınlar, hanı o bulaq?
Zaman adiləşib, həyat soyuyub,
Daha gözəl günlər qayıtmayacaq.

Hər kəsin evinə su gəlir, şükür.
Kəndin eşşəkləri qırağda qaldı.
Nə gözəl günlərdi o susuz günlər,
Kəndin xatirəsi bulaqda qaldı.
Kəndin xatirəsi bulaqda qaldı.

.......... İtkin əsgər.............. 

Bir ana yol çəkir hər gələn səsə,
Gözləri dikilib yollar başına.
Bir ümid yaşadır açılan qapı,
Düşünür açılmaz qapı boşuna.

Bir cüt hərbi çəkmə qalıb qapıda,
Bir şəkil divarda, nisgil sinədə.
Atası hər axşam baxır uzağa. 
Tükənmir həsrəti yetişmir vədə. 

Nə məzar bilinir, nə bir xəbər var,
Bir ömür suallar içində qalıb.
Vətən torpağında itkin bir əsgər,
Evin sevincini özüylə alıb.

Bəlkə bir meşədə yolunu gözlər,
Bəlkə son nəfəsi Vətənə qalıb.
Bəlkə də sağdır o, bir ümid ilə,
Ananın duası yolunu alıb.

Ey itkin əsgərim, haralardasan? 
Bir elin ürəyi səni axtarır.
Səninçün bir ana hər gecə oyaq,
Nə gecə nə gündüz demir yalvarır.

Bəlkə bir məzarda ad yazılmayıb,
Bəlkə bir torpaqda uyuyur səssiz.
Naməlum şəhidin başdaşı üstə,
Bir ana ağlayır, qəlbi ümidsiz.

Nə adı məlumdur, nə də ünvanı,
Kim bilir, kimlərin balası yatıb?
Düşmənin açdığı zalım gülləsi.
Cansız bədənini torpağa qatıb.

Adın bilinməsə, unudulmazsan,
Adsız məzarında uyusan belə.
Naməlum bir məzar göründüyü an. 
Axacaq gözlərdən yaş gilə gilə. 

Naməlum məzarın sirri açılsın,
Hər itkin əsgərin bilinsin adı.
Çünki hər məzarın altında yatır,
Qüdrətli ordunun vətən övladı..

VÜSAL HƏBİBLİ.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31