ALLAH ADAMI

(oçerk)

Salam olsun Vətən yolunda canından keçənlərə!Salam olsun şəhidlik zirvəsinə ucalan müqəddəs ruhlara!

Bəzən insan haqqında danışmaq üçün onun tutduğu vəzifəni, daşıdığı rütbəni, qazandığı təltifləri sadalamaq kifayət etmir. Çünki insanın əsl böyüklüyü nə rütbəsində, nə də sinəsindəki medalların sayında ölçülür. Əsl böyüklük onun insanlara münasibətində, dar gündə göstərdiyi mərdlikdə, ətrafındakı insanların qəlbində buraxdığı izdə, əmanətə necə sahib çıxmasında görünür.  Şəhid kapitan Kamran Fərəcov da məhz belə insanlardan idi.

Onun haqqında danışarkən ilk növbədə bir zabit, bir döyüşçü, bir Vətən müharibəsi şəhidi obrazı göz önünə gəlir. Lakin Kamranı yaxından tanıyanların yaddaşında onun başqa bir xüsusiyyəti daha çox yaşayır: insanlığı!

Sadəliyi, səmimiyyəti, təvazökarlığı, əsgərlərinə münasibəti, çətin anlarda onların yanında olması, zabit məsuliyyətini insanlıq duyğusundan ayırmaması Kamran Fərəcovun şəxsiyyətini xarakterizə edən əsas cizgilər idi.  Ona görə də bu yazının adı təsadüfən "Allah adamı" seçilməyib.   Çünki Allah adamı olmaq yalnız müəyyən sözləri söyləmək, ibadət etmək, dini ifadələr işlətmək deyil. Allah adamı olmaq həm də insanı sevmək, haqqı qorumaq, mərhəmətli olmaq, əmanətə sahib çıxmaq, ehtiyacı olanın yanında dayanmaq, Vətən qarşısında borcunu sonadək yerinə yetirməkdir.  Kamran Fərəcovun həyatında bu keyfiyyətlərin hər birinə rast gəlmək mümkündür.

SƏNÇƏRƏDİDƏN VƏTƏN YOLUNA

Kamran Fərəcov 14 yanvar 1978-ci ildə Astara rayonunun Səncərədi kəndində dünyaya göz açmışdı. Cənub bölgəsinin təbiəti kimi saf, zəhmətkeş və sadə insanların arasında böyümüşdü.

İlk təhsilini Astara şəhər 2 saylı tam orta məktəbində almışdı. Sonrakı həyat yolu isə onu hərb sənətinə gətirib çıxardı. Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alan Kamran həyatını Azərbaycan Ordusu ilə bağladı.

Bu seçim adi peşə seçimi deyildi. Hərbçi olmaq Vətən qarşısında məsuliyyət götürməkdir. Zabit olmaq isə özündən əvvəl əsgərini düşünmək, onun həyatına cavabdeh olmaq, ən ağır anda belə soyuqqanlılığını itirməmək deməkdir.  Kamran Fərəcov bu məsuliyyəti bütün varlığı ilə dərk edən zabitlərdən idi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarında xidmət edən kapitan   Kamran Fərəcovun hərbi fəaliyyəti Vətənə sədaqət nümunəsi idi.  Amma onu fərqləndirən yalnız peşəkarlığı deyildi.  Kamran zabit formasının altında böyük bir insan qəlbi daşıyırdı.

"ƏSGƏRİM" DEYƏRƏK

Zabit üçün əsgər sadəcə tabeliyində olan hərbçi deyil. Əsl zabit əsgərinin taleyini öz taleyinin bir parçası hesab edir.  Kamran Fərəcovun əsgərlərinə münasibəti də belə idi.

O, əsgərləri ilə məsafəli, soyuq münasibət quran komandirlərdən deyildi. Əksinə, onların problemlərini dinləyər, qayğıları ilə maraqlanar, ehtiyaclarını öyrənər, imkan daxilində kömək edərdi.  Əsgərlərinə ata kimi yanaşardı.  Qardaş kimi münasibət göstərərdi.  Bu münasibət onun komandir kimi nüfuzunu daha da artırırdı.

Əsgər komandirinin yalnız əmrini deyil, ürəyini də hiss edir. Əgər komandir onu qoruyursa, onun qayğısına qalırsa, çətinliyini öz çətinliyi hesab edirsə, həmin əsgər də komandirinin arxasınca ölümə belə getməkdən çəkinmir.

Kamran Fərəcovun əsgərləri ilə münasibətinin mahiyyəti məhz bu mənəvi bağ üzərində qurulmuşdu.  O, əsgərinə yuxarıdan aşağı baxmırdı.  Əksinə, əsgərinin çiyninə əl qoyub onunla bir insan kimi danışmağı bacarırdı. Bu sadə görünən davranışın arxasında böyük bir zabitlik məktəbi dayanırdı.

SADƏLİYİ İLƏ BÖYÜK İNSAN

İnsan haqqında ən doğru qiyməti onun yanında rəsmi şəkildə dayananlar yox, gündəlik həyatını onunla bölüşənlər verirlər.

Kamran Fərəcovun haqqında deyilən sözlərdə diqqəti çəkən əsas məqam da budur: onu tanıyanlar ilk növbədə onun insanlığından danışırlar.  Onun sadəliyi, səmimiliyi, mehribanlığı və qorxmazlığı xüsusi vurğulanır.  Belə insanlar özlərini böyük göstərməyə çalışmırlar. Onlar böyük olduqlarını davranışları ilə sübut edirlər. Kamran da belələrindən idi. O, kapitan rütbəsini üstünlük vasitəsinə çevirməmişdi. Zabitlik onun üçün əsgərlərə əmr verməkdən daha çox, onlara nümunə olmaq idi:

Döyüşdə ön sırada olmaq...

Çətinlikdə əsgərindən əvvəl ayağa qalxmaq...

Əsgərinin qayğısını öz qayğısından üstün tutmaq...

Lazım gələndə onunla çörəyini bölüşmək...

Bunlar bir zabitin yazılı vəzifə təlimatında bəlkə də ayrıca maddələrlə ifadə olunmur. Amma əsl zabitliyin mənası məhz bunlarda yaşayır. Kamran Fərəcov da öz zabitliyini belə yaşadırdı.

ALLAH ADAMI

Kamran haqqında danışanların söylədiyi bir cümlə onun mənəvi dünyasını anlamaq üçün kifayət qədər təsirlidir:

"Cəbrayılda ilk azan verən məhz şəhid Kamran oldu."

Bu hadisə sadəcə bir dini mərasim kimi qiymətləndirilə bilməz. İşğaldan azad olunmuş torpaqda illər sonra azan səsinin ucalması bütöv bir xalqın mənəvi qələbəsinin ifadəsi idi. Cəbrayıl torpağında ilk azan... İllərlə düşmən tapdağında qalmış bir yurdda yenidən "Allahu Əkbər" səsinin eşidilməsi... Bu, tarixə yazılan mənəvi bir an idi. Və həmin anın iştirakçısı Kamran Fərəcov oldu. Deyilənə görə, həmin zaman onun sevincinin həddi-hüdudu yox idi. Bu sevinc təsadüfi deyildi.  Çünki o, torpağın azadlığını yalnız hərbi qələbə kimi qəbul etmirdi. O, həmin qələbənin mənəvi və müqəddəs tərəfini də duyurdu. Cəbrayılda azan verməsi onun Vətən, torpaq və Allah qarşısındakı mənəvi bağlılığının bir ifadəsinə çevrildi. Bəlkə də buna görə onu tanıyanlar haqqında danışarkən "Allah adamı" ifadəsini işlətməkdə haqlıdırlar. Çünki Kamranın Allah sevgisi insan sevgisindən ayrılmırdı.

CƏBRAYILDA SEVİNC, QUBADLIDA ŞƏHADƏT

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini yazdı.

Bu müharibədə Azərbaycan Ordusunun zabit və əsgərləri illərlə işğal altında qalmış torpaqların azadlığı uğrunda döyüşdülər.

Kapitan Kamran Fərəcov da həmin müqəddəs savaşın iştirakçısı idi:

Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etdi.

Qubadlı istiqamətində döyüşdü.

Hər qarış torpağın azadlığı uğrunda savaşdı.

Cəbrayılın azadlığını gördü.

Orada ilk azanı verdi.

Bu, onun həyatının ən xoşbəxt anlarından biri idi.

Amma qarşıda Qubadlı döyüşləri vardı.

Və 21 oktyabr 2020-ci il...

Qubadlı torpağında Kamran Fərəcovun döyüş yolu şəhidlik zirvəsinə çatdı.

İnsan ömrünün son nöqtəsi bəzən onun bütün həyatının mənasını özündə birləşdirir.

Kamranın son döyüşü də belə oldu.

O, Vətən uğrunda döyüşərkən şəhid oldu.

Amma əslində şəhidlik onun həyatının sonu yox, adının əbədiyyətə keçidi idi.

İKİ QIZIN ATASI

Kamran Fərəcov ailəli idi. Onun iki qızı - Şəms və Dəniz atasının yadigarı olaraq qaldılar. Şəhid atanın övladı olmaq həm qürurdur, həm də böyük məsuliyyətdir. İki qız böyüyəcək. Atalarının şəkillərinə baxacaq. Onun haqqında danışılanları eşidəcək. "Kamran necə insan idi?" - deyə soruşacaqlar. Onlara cavab verənlər isə yalnız "atanız kapitan idi", "döyüşçü idi", "şəhid idi" deməyəcəklər.

Deyəcəklər:

"Atanız yaxşı insan idi."

Ən böyük miras da budur. Çünki rütbələr zamanla dəyişir, vəzifələr unudulur, sənədlər arxivlərə köçürülür, medalların üzərinə toz qonur. Amma insanın yaxşı adı yaddaşlarda yaşayır. Kamranın qızlarına qoyduğu ən böyük miras da məhz bu yaxşı addır. Onlar böyüdükcə atasının təkcə Vətən üçün deyil, insanlar üçün necə yaşadığını daha yaxşı anlayacaqlar. Atalarının əsgərlərinə ata kimi yanaşdığını, dostlarına səmimi olduğunu, insanlara hörmət etdiyini, Vətənə sədaqətlə xidmət etdiyini öyrənəcəklər.

Və bir gün onların hər biri fəxrlə deyəcək:

"Mən şəhid kapitan Kamran Fərəcovun qızıyam."

ANA VƏ ATA ÜÇÜN

Şəhidlik xəbərinin bir ailəyə gətirdiyi ağrını sözlə ifadə etmək mümkün deyil. Ata Qılman Fərəcov, ana Rəviyyə Əliyeva üçün övlad itkisi həyatın ən ağır sınaqlarından biri oldu. Övlad böyütmək illər tələb edir. Onun ilk addımını görmək, məktəbə yola salmaq, uğurlarına sevinmək, hərbi məktəbə qəbulunu fəxrlə qarşılamaq... Sonra isə bir gün onun tabutunu qarşılamaq... Bu ağrının adı yoxdur. Lakin şəhid ailələrini ayaqda saxlayan bir həqiqət var:

Övladları Vətən üçün yaşadı və Vətən üçün canından keçdi.

Kamranın ailəsi də bu böyük qüruru daşıyır.

"VƏTƏN UĞRUNDA"

Kamran Fərəcovun döyüş yolu dövlət tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Kamran Fərəcov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Bu təltif onun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinin dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsi idi.

Cəbrayılın azad olunması uğrunda göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Qubadlının azad olunması uğrunda göstərdiyi şəxsi igidlik və şücaətə görə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Bundan başqa, o, ölümündən sonra "İgidliyə görə" medalı və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Bütün bu təltiflər bir həqiqəti təsdiqləyir:

Kamran Fərəcov Vətən qarşısındakı borcunu sonadək yerinə yetirdi.

ƏN BÖYÜK TƏLTİF - İNSANLARIN QƏLBİNDƏKİ YERİ

Medallar və ordenlər şəhidin qəhrəmanlığının dövlət tərəfindən verilən qiymətidir.

Amma Kamranın başqa bir "təltifi" də var.

O, öz əsgərlərinin yaddaşında yaşayır.

Bu, heç bir sərəncamla verilmir.

Heç bir medalın üzərində yazılmır.

Bu, insanın ömrü boyu qazandığı mənəvi mükafatdır.

Əsgər komandirini illər keçsə də unutmursa, deməli, o komandir öz vəzifəsini yalnız kağız üzərində deyil, ürəklə yerinə yetirib.

Kamran Fərəcovun əsgərləri onu xatırlayanda yalnız döyüşçünü xatırlamırlar.

Onlar özlərinə ata kimi yanaşan, qayğı göstərən, çətin anda yanında olan bir insanı xatırlayırlar.

Belə komandirlər əsgərlərin yaddaşında əbədi yaşayırlar.

Çünki onlar əsgərin yalnız hərbi həyatına deyil, insan kimi formalaşmasına da təsir edirlər.

ŞƏHİDİN SƏSİ

Bəzən düşünürəm: Kamran bu gün yaşasaydı, nə deyərdi?

Yəqin ki, çox şey dəyişməzdi.

Yenə sadə danışardı.

Yenə əsgərlərinin halını soruşardı.

Yenə özündən əvvəl başqasını düşünərdi.

Yenə Vətənin qayğısını çəkərdi.

Bəlkə də Cəbrayıl torpağında verdiyi azanın səsini xatırlayardı. O səs indi də yaddaşlardadır. Çünki bəzi səslər torpağın üstündən çəkilib getsə də, yaddaşdan silinmir. Kamranın azanı da belədir. Bir vaxtlar işğal altında olan Cəbrayılda yüksələn həmin səs bu gün azad Azərbaycanın mənəvi tarixinin bir parçasıdır.

Eşq olsun Azərbaycan Ordusuna!

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AVMVİB, AJB və AYB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31