Gənclər niyə zəng etmək əvəzinə yazışmağa üstünlük verirlər? – Sosioloji TƏHLİL
22:40 SosialMüasir dövrdə texnologiyanın sürətli inkişafı insanların həyat tərzini dəyişdirdiyi kimi, ünsiyyət formalarına, gündəlik münasibətlərinə və bir-biri ilə əlaqə qurmaq vərdişlərinə də ciddi təsir göstərib. Bir vaxtlar insanlar arasında ünsiyyətin əsas vasitələrindən biri hesab edilən telefon zəngləri bu gün tədricən öz yerini mesajlaşmaya, sosial şəbəkələr üzərindən yazışmalara və müxtəlif rəqəmsal ünsiyyət platformalarına verir. Xüsusilə gənclər arasında müşahidə olunan bu dəyişiklik artıq sadəcə texnoloji yeniliyə uyğunlaşma deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən fərqli bir ünsiyyət mədəniyyətinin formalaşması kimi diqqət çəkir. Əvvəllər kiməsə zəng etmək, onun səsini eşitmək, hal-əhval tutmaq və söhbət vasitəsilə münasibətləri qoruyub saxlamaq adi və təbii davranış sayılırdısa, indi bir çox insan üçün telefon zəngi gözlənilməz, hətta bəzən arzuolunmaz müdaxilə kimi görünür. İnsanlar bir-birinə zəng etmək əvəzinə mesaj yazmağa, fikirlərini qısa cümlələrlə ifadə etməyə, danışmaq lazım gəldikdə isə əvvəlcədən xəbər verməyə üstünlük verirlər. Maraqlıdır ki, bu tendensiya xüsusilə gənc nəsil arasında daha qabarıq şəkildə özünü göstərir. Müasir gənclər gündəlik həyatlarında sosial şəbəkələrdən, mesajlaşma tətbiqlərindən və müxtəlif rəqəmsal platformalardan geniş istifadə etsələr də, bu, onların telefon vasitəsilə danışmağa eyni dərəcədə meyilli olduqları anlamına gəlmir. Əksinə, bəzən gün ərzində onlarla insana mesaj yazan, müxtəlif qruplarda fəal ünsiyyət quran və sosial şəbəkələrdə saatlarla vaxt keçirən gənclər adi bir telefon zənginə cavab verməkdən yayınırlar. Hətta yaxın dostlardan, tanışlardan və ya ailə üzvlərindən gələn zənglər belə cavabsız qala bilir. Bir çox hallarda zəngə cavab verilməməsi qarşı tərəfə sonradan mesaj yazmaqla əvəzlənir. Beləliklə, səsli ünsiyyətin yerini yazılı ünsiyyət alır, canlı söhbət isə qısa mesajlarla məhdudlaşır. Bu vəziyyət gündəlik münasibətlərdə maraqlı mənzərə yaradır. İnsanlar bir-biri ilə əlaqə saxlamaq üçün əvvəlkindən daha çox imkanlara malik olsalar da, həmin imkanlardan istifadə formaları dəyişib. Smartfonlar vasitəsilə dünyanın istənilən nöqtəsində olan insanla saniyələr ərzində əlaqə yaratmaq, görüntülü danışmaq, səsli mesaj göndərmək və yazışmaq mümkündür. Bununla belə, texnoloji imkanların artması ənənəvi telefon danışığının əvvəlki mövqeyini qoruyub saxlamasına gətirib çıxarmayıb. Əksinə, bəzən bir neçə saniyə ərzində yazılan mesaj uzun telefon söhbətindən daha münasib ünsiyyət vasitəsi hesab olunur. İnsanlar müəyyən məsələni izah etmək, görüş vaxtını dəqiqləşdirmək, xəbər vermək və ya sadəcə hal-əhval tutmaq üçün zəng etməkdənsə, mesaj göndərməyi daha rahat seçim kimi görürlər. Bu zaman ünsiyyətin sürəti ilə yanaşı, onun forması, müddəti və qarşı tərəfdən tələb etdiyi diqqət də dəyişir. Bununla yanaşı, ünsiyyət formalarının dəyişməsi insanlar arasında anlaşılmazlıqların yaranması ehtimalını da gündəmə gətirir. Çünki hər kəs qarşı tərəfin davranışını özünün ünsiyyət vərdişlərinə və gözləntilərinə uyğun qiymətləndirir. Telefonla danışmağı yaxınlığın və diqqətin göstəricisi hesab edən şəxslə mesajlaşmanı kifayət edən ünsiyyət vasitəsi kimi görən insanın yanaşması üst-üstə düşməyə bilər. Birinin adi hesab etdiyi davranış digərinə soyuqluq, laqeydlik və ya münasibətə marağın azalması kimi görünə bilər. Xüsusilə dostluq, ailə və sevgi münasibətlərində zənglərə cavab verilməsi, geri dönüş edilməsi və ünsiyyət üçün vaxt ayrılması ilə bağlı gözləntilər fərqli olduqda müəyyən gərginliklər meydana çıxa bilər.
Bəs ünsiyyət vərdişlərindəki bu dəyişiklik nədən qaynaqlanır? Gənclərin telefon zəngi əvəzinə yazışmaya üstünlük verməsinin əsas səbəbləri nələrdir? Telefon zənglərinə cavab verməmək və ya danışmaqdan yayınmaq sosial münasibətlərə necə təsir edir?
Mövzu ilə bağlı suallarımızı sosioloq Naib Niftəliyev cavablayıb. Sosioloq bildirib ki, bu tendensiya təkcə gənclər arasında deyil, bütün yaş qrupları arasında geniş yayılıb. Yaşlılar, orta yaşlılar və nisbətən cavan insanlar da bu sırada istisna deyillər. Hər bir halda, insanlar qısa mesajlarla, yaxud "okey" kimi sadə ifadələrlə qarşı tərəfə münasibətlərini bildirirlər. Bu, bir tərəfdən, qlobal inkişaf və vaxta daha səmərəli yanaşmaqla bağlıdır. Təbii olaraq, insanlar vaxta qənaət etməyi seçirlər və müəyyən mənada uzun-uzadı danışmaqdansa, qısa mesajlarla, sadə fikirlərlə konkret nəticəni əvvəlcədən müəyyənləşdirməyə çalışırlar. Prinsip etibarilə, zənglərə cavab verməmək də müəyyən mənada informasiya bolluğunun və informasiya stresinin nəticəsidir. İnsanlar o qədər çox informasiya ilə yüklənirlər, o qədər çox söz, fikir və ifadə eşidirlər ki, bunların müəyyən mənada məhdudlaşdırılmasına ehtiyac duyurlar. Təbii olaraq, bəzi zənglər insanı söhbətə cəlb edir və ya uyğun olmayan zənglər gələndə həmin zənglərə cavab verməkdən imtina etmək lazım gəlir. Əvvəlki dövrlərdə internet bu qədər inkişaf etməmişdi, sosial texnologiyalar bu qədər əlçatan deyildi. İndi isə kiçik bir axtarış zamanı insanlar müxtəlif statistik məlumatlar və fərqli göstəricilərlə qarşılaşırlar. Bunun üzərinə əlavə informasiya yükü də gəldikdə, insanın nə özünə, nə fəaliyyətinə, nə də inkişafına vaxt ayırmaq imkanı qalır. Belə olan halda, yeganə çıxış yolu informasiya mühitini məhdudlaşdırmaqdır. İnsanlar müəyyən zəngləri, cavabları əlverişli vaxta qədər təxirə salmağa, ehtiyac olduqda isə ünsiyyəti yazışma ilə məhdudlaşdırmağa çalışırlar. Təbii ki, bu, həm də texniki imkanlarla bağlıdır. Yazışma zamanı zənglə müqayisədə daha az internet trafiki sərf olunur. Bu da əsas səbəblərdən biridir. İnsanlar internetdən limitli və qənaətlə istifadə edirlər ki, bu, onların büdcəsinə ciddi zərər vurmasın.
Ekspert qeyd edib ki, hər bir halda, bunu hörmətsizlik kimi qiymətləndirmək, yaxud çox da yaxın olmadığımız, sadəcə adi münasibətimiz olan bir insanın zənginə cavab vermədiyimizə görə bunu problem hesab etmək düzgün deyil. Yalnız yaxınlarımızın, ailə üzvlərimizin və işgüzar münasibətdə olduğumuz şəxslərin zənglərinə cavab vermək məsələsində müəyyən öhdəliklərimiz var. İş prosesində rəhbərimizdən və ya işgüzar əlaqələrimizlə bağlı zəng gəlirsə, onu görməzdən gəlmək, kənara qoymaq və cavab verməmək üçün nə mənəvi, nə də hüquqi baxımdan əsasımız olmaya bilər. Ünsiyyət vərdişlərindəki dəyişikliklər, əslində, bir neçə səbəblə bağlıdır. Texnologiyanın inkişafı artıq insanları həddən artıq məşğul edir. İnsanlar bəzən texnologiyadan uzaqlaşdıqda, ünsiyyətdən bir qədər kənarda qaldıqda özlərini daha rahat, daha sərbəst və daha yaxşı hiss edirlər. Bu baxımdan, gənclərin də öz hüquqları var. Həmin hüquqlardan biri onların psixi, sosial və fiziki sağlamlığının, eləcə də psixofizioloji sabitliyinin qorunması, kənar təsirlərə qarşı həssaslığın azaldılmasıdır. Düşünürəm ki, gənclər bu məsələnin hüquqi tərəflərini, eləcə də mənəvi-psixoloji əhəmiyyətini müəyyən qədər anlayır və dərk edirlər. Bu mənada, öz ünsiyyətlərinə müəyyən sərhədlər qoymaqda əslində düzgün hərəkət edirlər. Onları qınamaq və bu davranışı hörmətsizlik kimi qiymətləndirmək o qədər də doğru deyil. Yaşından, cinsindən asılı olmayaraq, hər bir insanı yersiz şəkildə narahat etmək və onun şəxsi məkanına müdaxilə etmək mənfi münasibətə səbəb ola bilər. İnsanların öz şəxsi hüquqlarını qorumağa çalışması normal və təbii haldır. Belə başa düşürəm ki, mənfi fəsadlar və təsirlər müəyyən hallarda insanların eqoist davranışları nəticəsində meydana çıxır. Lakin bunlar ayrı-ayrı hallardır və istisnalar ümumi qaydanı pozmur. İnsanın əlində telefonun olması, onun hər zaman əlçatan olması, zənglərin gəlib-getməsi və internetə çıxışının olması o demək deyil ki, biz həmin şəxsi istədiyimiz vaxt, istədiyimiz yerdə narahat edə və onu istənilən istiqamətə yönləndirə bilərik. Texnologiyadan sui-istifadə edən və insanları manipulyasiya etməyə çalışan şəxslər həmişə mövcud olub. Bununla yanaşı, münasibətlərin düzgün tənzimlənməsi və ünsiyyət qaydalarına riayət olunması məsələsi də var. Bu, sadəcə ünsiyyət formalarının dəyişməsi ilə bağlı deyil. Normal şəraitdə insan öz çevrəsi, dostları ilə adi şəkildə əlaqə saxlayır, ünsiyyət qurur və mesajlara cavab verir. Cavab vermək mümkün olmadıqda isə müəyyən müddətdən sonra yazışma vasitəsilə fikrini bildirə bilər. İnsan azad və sərbəst olmaq, telefonundan asılı vəziyyətə düşməmək istəyir. Bu, əslində, müasir dövrün diqqətçəkən xüsusiyyətlərindən biridir. Hətta telefonla həddindən artıq məşğul olmaq belə insanda stress yaradır. İnsanlar telefon zənglərinə cavab verməklə bağlı yaranan stresi minimuma endirmək, qısa cavablar və konkret fikirlərlə ünsiyyət yükünü azaltmaq istəyirlər. Səbəblər müxtəlifdir. Birincisi, sosial-psixoloji amillərdir. Bu, insanların ünsiyyətin yaratdığı müəyyən məhdudiyyətlərdən azad olmaq istəyi ilə bağlıdır. İkinci səbəb sosial-iqtisadi motivlərdir. İş və məşğulluq şəraitində insanlar çox vaxt tapa bilmir, daha çox əmək fəaliyyətinə, məhsuldarlığa və gəlirlərini artırmağa yönəlirlər. Üçüncü səbəb isə psixoloji amillərlə bağlıdır. İnsan hər kəsə vaxt ayırmaqla özünə vaxt ayıra bilmir və üzərinə əlavə stress, gərginlik götürür. Beləliklə, bu səbəblərin məcmusu insanların ünsiyyətlə bağlı müəyyən qərarlar qəbul etməsini şərtləndirir və bu, ümumilikdə, təbii və normal haldır.
Səidə Ramazanova