Rusiya Ermənistanı iqtisadi təzyiqlə Qərbdən uzaqlaşdırmağa çalışır? ÖZƏL
15:28 SiyasətErmənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə qaz idxalı xərclərinin 69 faiz artaraq 657,5 milyon dollara çata biləcəyi bildirilir. Rusiya tərəfinin hazırladığı məruzədə ölkənin Rusiyadan gələn pul köçürmələrinin yarıdan çoxunu itirə biləcəyi də vurğulanıb.
Görünən odur ki, Moskva bu cür iqtisadi riskləri önə çəkərək Ermənistanı Qərbə yaxınlaşmaqdan çəkindirməyə və İrəvanın xarici siyasət seçimlərinə təsir göstərməyə çalışır.
Rusiyanın Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə iqtisadi itkilərlə üzləşəcəyi barədə xəbərdarlıqlarını necə qiymətləndirirsiniz? Moskva bununla İrəvana siyasi təzyiq göstərməyə çalışırmı? Ermənistanın Qərblə yaxınlaşmaq siyasəti ilə Rusiya ilə mövcud iqtisadi əlaqələri arasında seçim etmək məcburiyyətində qalması ölkənin gələcək xarici siyasətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə son dönəmdə Ermənistan və Rusiya arasında iqtisadi, bir qədər də siyasi gərginlik müşahidə olunmaqdadır. Ermənistanın Avropaya və ABŞ-a yaxınlaşması getdikcə bu gərginliyi artırmaqdqdır. Rusiyanın Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə qarşılaşa biləcəyi iqtisadi itkilər barədə xəbərdarlıqlar həm real iqtisadi asılılığın göstəricisi, həm də Moskvaya məxsus geosiyasi təzyiq rıçaqı kimi qiymətləndirilir. İrəvanın xarici siyasətdə Qərbə doğru diversifikasiya cəhdləri fonunda bu cür hesabatların ortaya çıxması Rusiya ilə Ermənistan arasındakı gərginliyin iqtisadi müstəvidəki təzahürü kimi qəbul olunur. Ermənistan Rusiya qazından yüksək dərəcədə asılıdır və hazırda Aİİ üzvü kimi qazı güzəştli qiymətlərlə idxal edir. İttifaqdan çıxış qazın dünya bazarı qiymətləri ilə alınmasına səbəb ola bilər ki, bu da ölkə iqtisadiyyatı və əhalisi üçün ciddi maliyyə yükünə çevrilər. Moskva bu rıçaqdan tez-tez strateji xəbərdarlıq vasitəsi kimi istifadə edir. Rusiyada çalışan erməni miqrantların ölkəyə göndərdiyi vəsaitlər Ermənistan ÜDM-nin mühüm hissəsini təşkil edir. Aİİ-dən çıxmaq bu işçi qüvvəsinin hüquqi statusuna və pul köçürmələrinə məhdudiyyətlərin gətirilməsi riskini yaradır. Bundan əlavə, Ermənistanın kənd təsərrüfatı və sənaye məhsullarının əsas ixrac bazarı Rusiyadır. Rusiya tərəfi Ermənistanın Qərblə təhlükəsizlik və iqtisadi sahədə yaxınlaşmasını özünün regional maraqlarına təhdid kimi qiymətləndirir. İqtisadi risklərin qabardılması İrəvandakı qərarvericilərə və ictimaiyyətə Qərbə inteqrasiyanın baha başa gələcəyi mesajını vermək məqsədi daşıyır. Bu kimi nüanslar göstərir ki, gərginlik artma tempində davam edir. Ermənistan rəhbərliyi siyasi və hərbi sahədə, məsələn, KTMT ilə əlaqələrin dondurulması Moskvadan uzaqlaşsa da, iqtisadi sahədə kəskin qərarlar verməkdən yayınmağa çalışır. Çünki qısa müddətdə Rusiya bazarını və enerji resurslarını Avropa və ya digər alternativlərlə əvəz etmək struktur baxımından olduqca çətindir. Ciddi iqtisadi sanksiyalar və ya qazın qiymətinin kəskin artması Ermənistanın Qərblə yaxınlaşma sürətini yavaşlada bilər. Hökumət daxili sosial-iqtisadi sabitliyi qorumaq üçün Moskva ilə müəyyən kompromislərə getməyə məcbur qala bilər. Ermənistanın tamamilə Qərbə yönəlməsi Avropa İttifaqı və ABŞ-ın İrəvana nə dərəcədə böyük həcmli maliyyə yardımı, makroiqtisadi dəstək və alternativ enerji marşrutları təklif edə biləcəyindən asılı olacaq. Əgər Qərbin kompensasiya mexanizmləri Rusiyanın tətbiq edə biləcəyi iqtisadi zərbəni qarşılamağa yetməsə, Ermənistan iki qütb arasında manevr etmək məcburiyyətində qalacaq".
Zeynəb Mustafazadə