150 manatdan 500 manatadək: Bakıda repetitor qiymətləri niyə bahalaşır?

Səbuhi Abdullayev: "Məktəblilərin əvvəlki illərin mövzularına qayıtması repetitora ehtiyacı artırır"

Azərbaycanda təhsil xərcləri artdıqca repetitor xidmətləri də ailələrin büdcəsinə təsir edən əsas xərc istiqamətlərindən birinə çevrilir. Övladının yaxşı təhsil almasını, yüksək nəticə göstərməsini və nüfuzlu ali təhsil müəssisəsinə qəbul olunmasını istəyən valideynlər məktəb dərsləri ilə yanaşı, əlavə hazırlığa da vəsait ayırmağa məcbur qalırlar. Bir çox ailə üçün bu, artıq seçim deyil, övladının gələcək təhsil imkanlarını genişləndirmək məqsədilə atılan zəruri addım kimi qəbul olunur. Nəticədə repetitorluq təkcə təhsil məsələsi deyil, həm də ailələrin gündəlik xərclərinə, maddi imkanlarına və uşaqların təhsil həyatına birbaşa təsir göstərən sosial-iqtisadi məsələyə çevrilir. Repetitor xidmətlərinin qiymətləri isə heç də bütün ailələr üçün eyni dərəcədə əlçatan deyil. Bakının mərkəzində bir fənn üzrə aylıq hazırlığın 150-200 manata başa gəlməsi, regionlarda isə qiymətlərin əsasən 30-50 manat arasında dəyişməsi bu sahədə ciddi fərqlərin olduğunu göstərir. Bəzi repetitorların aylıq xidmət haqqının 300-500 manata, hətta daha yüksək məbləğlərə çatması isə xüsusilə bir neçə fənn üzrə hazırlığa ehtiyacı olan şagirdlərin ailələri üçün vəziyyəti daha da çətinləşdirir. Çünki qəbul imtahanlarına hazırlaşan şagirdlərin əksəriyyəti yalnız bir fənn üzrə deyil, eyni vaxtda bir neçə istiqamət üzrə əlavə dərslərə qatılır. Belə olduqda, bir şagirdin aylıq hazırlıq xərcləri ailənin ümumi büdcəsində əhəmiyyətli yer tutur. Məsələnin digər tərəfi isə paytaxtla regionlar arasındakı qiymət fərqlərinin şagirdlərin əlavə təhsil imkanlarına təsiridir. Eyni məqsədlə - ali məktəbə qəbul olmaq, yüksək bal toplamaq və gələcək peşə seçimi üçün daha geniş imkanlar qazanmaq naminə hazırlaşan şagirdlər yaşadıqları ərazidən və ailələrinin maddi vəziyyətindən asılı olaraq fərqli imkanlarla üzləşirlər. Bir ailənin övladının bir neçə fənn üzrə hazırlıq xidmətindən rahat şəkildə yararlana bildiyi halda, digər ailə üçün hətta bir fənnə görə aylıq ödəniş etmək ciddi maliyyə yükünə çevrilə bilər. Bu isə əlavə hazırlığın əlçatanlığı və təhsil imkanları arasındakı fərqlər məsələsini də gündəmə gətirir.

Digər tərəfdən, müasir təhsil sistemində repetitorluğa marağın artması məktəb təhsili ilə qəbul imtahanlarına hazırlıq arasındakı münasibətləri də müzakirə mövzusuna çevirir. Şagirdlərin məktəbdə aldıqları biliklərlə kifayətlənməyərək əlavə hazırlığa ehtiyac duyması, imtahanlara sistemli şəkildə hazırlaşmaq üçün repetitorlara müraciət etməsi bu xidmətlərə tələbatı artıran amillərdəndir. Xüsusilə yuxarı siniflərdə oxuyan və ali məktəbə qəbul olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün əlavə dərslər təhsil prosesinin mühüm hissəsinə çevrilir. Beləliklə, repetitorluq tədricən fərdi ehtiyacdan çıxaraq geniş yayılmış hazırlıq modelinə çevrilir və ailələrin təhsil xərcləri daxilində daha böyük pay tutur.

Mövzu ilə bağlı təhsil eksperti Səbuhi Abdullayev Olaylar.az-a danışıb. Ekspertin sözlərinə görə, repetitor qiymətləri arasındakı fərqlər və ümumiyyətlə, repetitora ehtiyacın yaranması ilə bağlı bir sıra məqamları təhlil etmək mümkündür. İlk növbədə qeyd etmək lazımdır ki, bu məsələ təkcə təhsil sistemi ilə əlaqəli deyil. Burada valideynlərin övladlarının daha yüksək bal toplamaları, daha nüfuzlu universitetlərə qəbul olmaları ilə bağlı istəkləri və bunun nəticəsində yaranan rəqabət mühiti də mühüm rol oynayır. Belə ki, valideynlər övladlarının təhsil göstəricilərinin daha yüksək olmasına, qəbul imtahanlarında yaxşı nəticə göstərmələrinə və gələcəkdə daha yaxşı imkanlar əldə etmələrinə çalışırlar. Bu da repetitor xidmətlərinə olan tələbatın formalaşmasına və artmasına təsir göstərən amillərdən biridir. Hətta valideynlərə bəzən izah olunur ki, müəyyən peşə məktəblərində dərslərin təşkili, eyni zamanda müxtəlif ixtisasların yaradılması və həmin ixtisaslar üzrə təhsil imkanlarının genişləndirilməsi şagirdlər üçün, xüsusilə də zəif bilik göstəricilərinə malik olan şagirdlər üçün daha məqsədəuyğun ola bilər. Çünki hər bir şagirdin mütləq şəkildə universitetə qəbul olunmağa çalışması və bunun üçün yüksək rəqabət şəraitində mübarizə aparması həmişə gözlənilən nəticəni vermir. Bəzən şagirdlər müəyyən bal aralığına uyğun təhsil müəssisələrinə qəbul olunsalar belə, sonradan həmin təhsilin onların gələcəkdə yaxşı iş tapmasına nə dərəcədə kömək edəcəyi məsələsi ortaya çıxır. Bu baxımdan, şagirdlərin bilik və bacarıqlarına uyğun istiqamətləndirilməsi, onların gələcəkdə əmək bazarında yer tuta bilmələri üçün münasib ixtisaslara yönləndirilməsi də nəzərə alınmalıdır. Çünki zəif nəticə göstərən şagirdlərin sonradan universitetdə təhsil almaqda çətinlik çəkmələri ehtimalı da mövcuddur.

Ekspert bildirib ki, repetitor qiymətləri arasındakı fərqlərə gəldikdə isə burada regionlar arasında müşahidə olunan fərqlər, xüsusilə də paytaxtda qiymətlərin daha yüksək olması əsas amillərdən biridir. Bakıda əhalinin daha çox olması, repetitor xidmətlərinə tələbatın yüksəkliyi və bu sahədə rəqabətin fərqli şəkildə formalaşması qiymətlərə birbaşa təsir edir. Tələb və təklif arasındakı münasibətlər nəticəsində repetitor xidmətlərinin qiymətləri yüksələ bilir. Eyni zamanda, paytaxtda gündəlik yaşayış xərclərinin, müxtəlif xidmətlərin və digər zəruri xərclərin daha yüksək olması da repetitorların müəyyən etdiyi qiymətlərdə özünü göstərir. Başqa sözlə, paytaxtda repetitor xidmətlərinə olan tələbatın çoxluğu və xərclərin yüksəkliyi qiymətlərin regionlarla müqayisədə fərqlənməsinə səbəb olan əsas amillər sırasındadır. Ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şagirdlərin müəyyən fənlər üzrə əlavə hazırlığa böyük ehtiyacı yaranır. Bu ehtiyacı isə əsasən repetitorlar qarşılayırlar. Şagirdlər qəbul imtahanlarında daha yaxşı nəticə göstərmək, biliklərini möhkəmləndirmək və imtahanlara daha sistemli şəkildə hazırlaşmaq üçün repetitor xidmətlərindən istifadə edirlər. Bu baxımdan, repetitorlara müraciət olunmasının əsas səbəblərindən biri ali təhsil müəssisələrinə qəbul prosesində şagirdlərin qarşısına qoyulan tələblər və imtahanların mövcud formatıdır. Məsələn, şagirdlər doqquzuncu sinifdə müəyyən imtahan modeli əsasında imtahan verirlər. Daha sonra on birinci sinifdə də əvvəlki illərdə öyrəndikləri fənlərə və mövzulara istinad etməklə, oxşar formatda test suallarını cavablandırmalı olurlar. Bu isə onların əvvəlki siniflərdə keçdikləri mövzulara yenidən qayıtmalarını, həmin bilikləri təkrar etmələrini və imtahanlara əlavə vaxt ayırmalarını zəruri edir. Nəticədə şagirdlər yalnız cari tədris ilində öyrəndikləri mövzularla kifayətlənmirlər, eyni zamanda əvvəlki illərin materiallarını da yenidən mənimsəməli olurlar. Bu proses də əlavə hazırlığa, dolayısı ilə repetitor xidmətlərinə olan ehtiyacın artmasına gətirib çıxarır. Düşünürəm ki, onuncu və on birinci siniflərdə tədris olunan dərslər üzrə ayrıca imtahan modeli tətbiq edilsə, əvvəlki siniflərdə keçilmiş mövzulara yenidən qayıtmaq zərurəti müəyyən qədər aradan qalxa bilər. Bu halda şagirdlər daha çox həmin siniflərdə öyrəndikləri biliklərə diqqət yetirər, hazırlıq prosesini də müvafiq mövzular əsasında qura bilərlər. Belə bir yanaşma əvvəlki illərdə keçilmiş mövzuların təkrar öyrənilməsinə sərf olunan vaxtın azalmasına imkan verə bilər. Hazırkı formatda isə şagirdlər daha əvvəl öyrəndikləri mövzuları yenidən nəzərdən keçirməyə məcbur olurlar ki, bu da onların əlavə hazırlıq ehtiyacını artıran amillərdən biri kimi qiymətləndirilə bilər.

"Repetitor xidmətlərinin qiymətlərinin tənzimlənməsi məsələsi də ayrıca diqqət tələb edir. Burada nəzərə alınmalı olan əsas məqamlardan biri odur ki, repetitor fəaliyyəti xüsusi iqtisadi subyektlərin göstərdiyi xidmətlərdən biridir. Bu səbəbdən həmin xidmətlərin qiymətlərinin tənzimlənməsi mexanizmini tətbiq etmək və onu həyata keçirmək o qədər də asan deyil. Qiymətlərə tələb və təklif, fəaliyyət göstərilən ərazi, mövcud xərclər və digər iqtisadi amillər təsir göstərir. Buna görə də repetitor xidmətlərinin qiymətlərinin vahid qaydada tənzimlənməsi məsələsinə yanaşarkən bu amillər nəzərə alınmalıdır. Ümumilikdə, repetitor xidmətlərinə ehtiyacın yaranması və qiymətlər arasındakı fərqlər bir neçə amillə əlaqədardır. Bunlara valideynlərin övladlarının daha yüksək nəticə göstərməsinə dair gözləntiləri, ali təhsil müəssisələrinə qəbul prosesində mövcud olan rəqabət, imtahanların formatı, şagirdlərin əvvəlki siniflərdə keçdikləri mövzuları yenidən öyrənmək zərurəti, eləcə də regionlar və paytaxt arasında tələb və xərclərlə bağlı fərqlər daxildir. Qiymətlərin tənzimlənməsi isə repetitor xidmətlərinin iqtisadi fəaliyyət xüsusiyyətləri səbəbindən mürəkkəb məsələ olaraq qalır", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31