Özəl məktəblərə maraq niyə artır?
09:31 SosialTəhsil hər bir valideynin övladının gələcəyi ilə bağlı verdiyi ən mühüm qərarlardan biridir. Bu qərar yalnız məktəbin seçilməsi ilə məhdudlaşmır, eyni zamanda uşağın hansı mühitdə formalaşacağını, hansı bilik və bacarıqlara yiyələnəcəyini, gələcək həyatına necə hazırlaşacağını da müəyyənləşdirir. Son illərdə valideynlərin bir qisminin özəl məktəblərə üstünlük verməsi bu baxımdan diqqət çəkən tendensiyalardan biridir. Tədrisin keyfiyyəti, xarici dil imkanları, müasir təhsil metodları və məktəbdə yaradılan şərait özəl təhsil müəssisələrinə marağı artıran amillər sırasında yer alır. Bəs valideynləri övladlarının təhsili üçün özəl məktəblərə üz tutmağa vadar edən əsas səbəblər hansılardır?
Müasir dövrdə valideynlərin təhsildən gözləntiləri dəyişir. Əvvəllər məktəb seçimi zamanı əsas diqqət uşağın dərsləri mənimsəməsinə və imtahan nəticələrinə yönəlirdisə, indi bununla yanaşı, onun sosial bacarıqlarının inkişafı, sərbəst düşünməsi, xarici dilləri öyrənməsi və müasir dünyada öz yerini tapa bilməsi də vacib hesab olunur. Bu baxımdan özəl məktəblər bəzi ailələr üçün daha geniş təhsil imkanları təqdim edən alternativ kimi görünür.
Valideynlərin məktəb seçimində xarici dillərin tədrisi də xüsusi yer tutur. İngilis dili başda olmaqla, xarici dilləri yaxşı bilmək şagirdlərin gələcəkdə beynəlxalq təhsil proqramlarında iştirak etməsi, xarici universitetlərə qəbul imkanlarını genişləndirməsi və əmək bazarında rəqabət qabiliyyətini artırması baxımından əhəmiyyətlidir. Bu səbəbdən bəzi ailələr xarici dil dərslərinə daha çox vaxt ayrılan, danışıq bacarıqlarının inkişafına diqqət yetirilən məktəblərə üstünlük verirlər.
Valideynlərin diqqət yetirdiyi digər məsələ məktəbdə yaradılan şəraitdir. Sinif otaqlarının vəziyyəti, laboratoriyalar, kitabxanalar, idman zalları, qidalanma və nəqliyyat imkanları məktəb seçiminə təsir göstərə bilər. Uşağın gününün böyük hissəsini keçirdiyi təhsil müəssisəsində özünü rahat və təhlükəsiz hiss etməsi onun dərslərə münasibətinə də təsirsiz ötüşmür.
Lakin sağlam məktəb mühiti yalnız müasir avadanlıq və rahat sinif otaqları ilə ölçülmür. Müəllim və şagird münasibətləri, uşaqların psixoloji vəziyyətinə diqqət, bullinq hallarının qarşısının alınması və valideynlərlə müntəzəm əlaqə də təhsilin ayrılmaz hissəsidir. Buna görə də məktəbin təqdim etdiyi imkanlarla yanaşı, uşaqlara münasibət və təlim-tərbiyə yanaşması da qiymətləndirilməlidir.
Əsas məsələ dövlət və özəl məktəbləri bir-birinə qarşı qoymaq deyil, hər iki istiqamətdə təhsilin keyfiyyətini yüksəltməkdir.
Özəl məktəblərə maraqdan danışarkən maddi amili də nəzərdən qaçırmaq olmaz. Düşünürəm ki, bu məktəblərdə təhsil haqları ailələrin büdcəsinə ciddi təsir göstərə bilər. Təhsil haqqından əlavə, nəqliyyat, qidalanma, dərs vəsaitləri və digər xidmətlər üçün çəkilən xərclər də valideynlərin qərarına təsir edir. Buna görə də özəl məktəblərin təqdim etdiyi imkanlar hər ailə üçün eyni dərəcədə əlçatan deyil. Digər tərəfdən, yüksək təhsil haqqı həmişə daha keyfiyyətli təhsil demək deyil. Valideynlər məktəb seçərkən yalnız reklam və təqdimatlara deyil, müəllimlərin təcrübəsinə, tədris proqramına, şagirdlərin inkişafına və məktəbin ümumi nəticələrinə də diqqət yetirməlidirlər. Əsas məqsəd ailənin imkanlarına uyğun, uşağın ehtiyaclarını qarşılayan və onun inkişafına töhfə verən təhsil mühitini seçməkdir.
Mövzu ilə bağlı suallarımızı təhsil eksperti Ramin Nurəliyev cavablandırıb:
" İlk növbədə düşünək: valideyn övladını niyə özəl liseyə qoymaq istəyər?
Birincisi, maddi imkanı yaxşıdır və övladının özəl liseydə oxumasını istəyir. İkincisi, övladının gələcəkdə xarici ali təhsil müəssisələrində təhsil almaq arzusu var. İstəyir ki, uşağı özəl liseydə oxusun, orada ingilis dilini də öyrənsin. Özəl liseylərin beynəlxalq əlaqələr qurmaq imkanları daha genişdir. SAT və IELTS kimi imtahanlara hazırlıq imkanlarına malik olurlar.
Digəri , qonşuya, qohuma, öz ətrafına özünü göstərmək istəyənlər var. Yəni, "Mənim uşağım özəl liseydə oxuyur, mən uşağımı dövlət məktəbində oxutmaram" kimi düşüncələrlə hərəkət edən valideynlər də var. Bununla yanaşı, övladının mövcud potensialından daha yüksək nəticələr əldə etməsini arzulayan valideynlər də olur. Məsələn, uşaq zəif oxuyur, valideyn onu özəl liseyə qoyur və düşünür ki, həmin liseydə oxumaqla övladı "alim" olacaq. Belə düşüncə ilə uşaqlarını özəl liseylərə qoyanlar da var. Özəl liseyləri pisləmirəm. Əksinə, deyirəm ki, özəl liseylər tərbiyə istiqamətində həqiqətən də çox gözəl təşəbbüslər göstərirlər. Müəllimlərin dərs keçməsi ilə yanaşı, uşaq internat şəraitində qalırsa, yataqxanada müəyyən nəzarətçilər olur. Bu nəzarətçilər uşaqların tərbiyəsi ilə ciddi şəkildə məşğul olurlar. Eləcə də qidalanma məsələsinə xüsusi nəzarət edilir. Yəni uşaq müəyyən məbləğ ödəyir və bunun qarşılığında ona müəyyən bilik və bacarıqlar aşılamağa çalışırlar.
Bəzi liseylərdə imtahan keçirərək şagirdləri qəbul edirlər. Yəni bu da var, əlbəttə. İmtahan nəticələrinə əsasən şagirdlərin qəbulu həyata keçirilir.
Mən indi sizə burada bir məqamı deyim. Təbii ki, həmin liseylərə qəbul olunan şagirdlər arasında da müəyyən kateqoriyaya aid uşaqlar var ki, qəbul ola bilmirlər, lakin maddi imkanları olduğuna görə gedib ödənişli liseylərdə oxuyurlar. Çünki orada müəyyən ödənişlər tələb olunur. Bu da normaldır. Yəni iş adamı ödənişli lisey açaraq müəyyən məbləğ qarşılığında uşağın təhsilinə diqqət ayırır. İllərdir təhsil sahəsindəyəm. Qeyd etdiyim kimi, özəl liseylərdə də işləmişəm, idarəçi kimi də fəaliyyət göstərmişəm. Təhsil prosesi və universitetlərə qəbul məsələlərinin də bilavasitə içindəyəm.
Burada nəyi demək istədiyimi vurğulamaq istəyirəm. İllərdir qəbul imtahanlarını izləyirəm, amma 10-15-20 min manat məbləğində təhsil verən özəl liseylərin yüksək nəticələr göstərdiyini heç eşitməmişəm. Bu işin içində olan bir şəxs kimi şəxsən belə bir nəticə ilə qarşılaşmamışam.
Söhbət 10-15-20 min manat müqabilində təhsil verən özəl liseylərdən gedir. Heç olmasa, digər məktəblər arasında üçüncü yerdə olmasını da müşahidə etməmişəm. Yəni belə bir şeyin mümkünlüyünə dair məlumatım yoxdur. Həmçinin həmin liseylərin şagirdlərinin böyük əksəriyyətinin 600-dən yuxarı bal topladığını da görməmişəm.
Özəl liseylərdə xarici ali təhsil müəssisələrinə qəbul imkanları daha geniş olduğuna görə şagirdləri SAT və IELTS imtahanlarına hazırlayırlar. Müxtəlif istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq quraraq uşaqların xarici universitetlərə yönəlməsinə dəstək verirlər. Valideynin maddi imkanı varsa, bu istiqamətdə ona kömək göstərirlər. Uşaq İtaliyada, Almaniyada, Kanadada, Çində və ya başqa ölkələrdə təhsil alır. Beləliklə, liseyin adı müəyyən mənada prestij göstəricisinə çevrilir. Məsələn, "Bizim 100 məzunumuzdan 70-i dünyanın tanınmış, inkişaf etmiş ölkələrində təhsil alır" deyə təqdim edirlər.
İndi bir sual verək: həmin uşaqlar orada hansı əsaslarla təhsil alırlar?
Bu gün attestatla dünyanın bir çox universitetlərinə qəbul olmaq mümkündür. Bir çox ölkədə təhsil almaq imkanı var. Təbii ki, öz vəsaitin hesabına. Mən indiyədək dövlət proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan şagirdlərin, belə deyək, 30 faizinin özəl liseylərdən olduğunu görməmişəm. Hər il dövlət proqramı çərçivəsində təxminən 500 tələbə xaricdə dövlət hesabına təhsil alır. Mən onların arasında özəl liseylərdən gələnlərin nəinki 30 faizini, hətta 10 faizini belə görməmişəm. Axı bu liseylər uşaqları daha çox xarici universitetlərə yönləndirirlər.
Özəl liseylərdə valideynlərin maddi imkanları olduğuna görə uşaqların xarici universitetlərə qəbuluna rahat şəkildə dəstək verilir. Uşaqların xaricdə təhsil alması təmin olunur və bunun üzərindən reklam formalaşdırılır.
Düşünürəm ki, bu, əlbəttə, şəxsi yanaşmamdır. Bəli, özəl liseylər, təlim-tərbiyə baxımından həqiqətən də nümunəvi şagirdlər yetişdirə bilirlər. Uşağı həmin liseylərə qoymaqla onun tərbiyəsində müəyyən müsbət dəyişikliklər görmək mümkündür.
Amma özəl liseylər arasında müəyyən nailiyyətlər əldə edənlər də var. Bütün özəl liseylərə eyni yanaşmaq olmaz. Mənim bildiyim elə liseylər var ki, həqiqətən də müəyyən nailiyyətlər əldə edirlər. Lakin bunu hamıya şamil etmək mümkün deyil.
Özəl liseylərin, təbii ki, müəyyən tədris proqramları var. Məsələn, doqquzuncu sinfə qədər normal proqram üzrə tədris aparılırsa, doqquzuncu sinifdən sonra təhsil prosesi sırf universitetə hazırlıq istiqamətində qurulur və həmin proqram əsasında davam etdirilir. Buna baxmayaraq, bəzi özəl liseylərdə oxuyan şagirdlərin repetitor yanına getdiyinin də şahidi oluruq. Yəni bu məsələ bir qədər mürəkkəbdir. Əslində, özəl liseyə bu qədər pul ödəməyə dəyərmi?
Yekun olaraq şəxsi fikrimi deyim: əgər pul boldursa, dəyər. Yox, əgər ailənin maddi imkanı orta səviyyədədirsə, bu qədər pul ödəməyə dəyməz. Çünki uşaqlar bizim yaxşı dövlət məktəblərində də rahat şəkildə oxuyaraq universitetə qəbul ola bilərlər. Hətta onların qəbul imkanları özəl liseylərdə oxuyanlarla müqayisədə daha yaxşı da ola bilər.
Özəl liseydə oxuyan uşaq repetitor yanına gedirsə, dövlət məktəbində oxuyan uşaq da repetitor yanına gedə bilər. Fərq sadəcə budur. Əlavə olaraq, valideyn özəl liseyə 10-15 min manat ödəniş edir.
Əgər valideyn övladının xaricdə təhsil almasını istəyirsə, bu istiqamətdə özəl liseylərin fəaliyyəti danılmazdır.
Hazırda bizdə ödənişli olmayan, yəni müəyyən təhsil haqqı tələb etməyən lisey və gimnaziyalarımız da var. Onların sistemi, ümumilikdə, özəl liseylərin sisteminə yaxındır. Qidalanma, yataqxana, tədris proqramı, universitetə hazırlıq proqramı və s. Sadəcə, özəl liseylərdə oxuyan şagirdlərin valideynləri niyə bizim lisey və gimnaziyalarımızı bəyənmirlər? Yaxud niyə lisey və gimnaziyalarımızın səviyyəsi özəl liseylərin səviyyəsinə çatmır? Bunun bir neçə səbəbi var. Birincisi, bayaq sadaladığım məqamlar, yəni valideynlərin uşaqlarını özəl liseylərə göndərmək istəyi ilə bağlıdır. Həmin istəklər bəzi valideynlər üçün dövlət lisey və gimnaziyaları tərəfindən tam qarşılanmır. İkinci məsələ isə lisey və gimnaziyalarımızda idarəetmə qabiliyyətinin zəif olmasıdır. Bütün imkanlar, maliyyə və əsas vəsaitlər dövlət tərəfindən təmin edilib, amma lisey və gimnaziyalarda lazımi idarəetmə, demək olar ki, yoxdur. Düşünürəm ki, burada da ciddi problem var.
Bu istiqamətdə müvafiq addımlar atılarsa, lisey və gimnaziyalarımız özəl liseylərdən daha keyfiyyətli təhsil verə bilər".
Zeynəb Mustafazadə