İranın vasitəçilik təklifi real görünmür – Etimad hələ bərpa olunmayıb- ÖZƏL
17:28 Siyasətİran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçi rol oynaya biləcəyini qeyd edib. Bu açıqlama Tehran rəhbərliyinin Cənubi Qafqazda fəallaşmaq istədiyini bir daha göstərir.
Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında qeyd edib ki, İran və Azərbaycan arasında etimad mühiti hələ bərpa olunmayıb:
"İran tərəfinin Azərbaycan və Ermənistan arasında sülh prosesində iştirak etməyə və ya vasitəçi olmaqla bağlı təklifləri ilk hal deyil. Əvvəllər də rəsmi Tehran bənzər formada açıqlamalarla gündəmə gəlmişdi. Amma burada əsas məsələ Azərbaycanın buna razı olub-olmayacağıdır. Əslində, mövcud vəziyyətdə Azərbaycan və Ermənistanın birbaşa danışıqlar formatında kifayət qədər ciddi uğurlar əldə olunub və sülh prosesi çərçivəsində razılaşmalar var. Hətta 17 maddəlik sülh sənədi də hazırdır.
Mövcud qalan problemlərin həllində də hesab edirəm ki, ikili danışıqlar daha effektiv variantdır. Amma hər halda bir kömək lazım olarsa və ya anlaşılmazlıq yaranarsa, vasitəçilərə müraciət edilə bilər. Bu vasitəçilərdən biri İran olarmı? Bunu demək çətindir. Çünki İran və Azərbaycan arasındakı münasibətlər hələ tam normallaşmayıb və mən yaxın zamanda normallaşacağını da düşünmürəm. Yəni, normallaşma prosesi davam etsə də, münasibətlərdəki soyuqluğun aradan qalxması, etimad mühitinin bərpa edilməsi uzun müddət çəkəcək bir prosesdir. Hələ uzun müddət bu məsələ haqqında danışılacaq və baş verənləri unudacağımızı gözləmək sadəlövhlük olardı. Səfirliyimizə edilən hücum və bu kimi digər hallar İranın əsl niyyətini göstərdi və biz İrana güvənmirik. Bu baxımdan da inanmıram ki, İrandan bu istiqamətdə hər hansı vasitəçilik təklifini qəbul edək".
Zeynəb Mustafazadə