Xalqının xoşbəxt gələcəyinə həsr olunmuş şərəfli missiya- ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV – 102
10:55 Siyasət"Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!".
"Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir".
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
"Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün dünyada müstəqil siyasət yürüdən, qısa müddətdə ərazi bütövlüyünü bərpa edən, özünü siyasi-iqtisadi, dövlətçilik və inkişaf xəttinə malik ölkələrdən biri, qitələrarası və regional enerji, nəqliyyat və digər irimiqyaslı layihələrin müəllifi kimi tanıdan Azərbaycan sürətli iqtisadi tərəqqisi, nümunəvi tolenrantlıq dəyərləri, beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilməsi ilə dünya müstəvisində etibarlı tərəfdaş kimi böyük beynəlxalq nüfuz qazanmaqla gələcəyə doğru inam və qürurla addımlayır.
Şanlı Vətən müharibəsində qazandığımız tarixi qələbə isə, hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaratdı və xalqımızda milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Qarabağda aparılan və uğurla başa çatdırılan antiterror tədbirləri nəticəsində yeni geostrateji reallıqlar yaradan Azərbaycan bu Qələbə ilə regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa etməyə başladı. Bu tarixi Qələbə Böyük Qayıdış hərəkatının hərbi-siyasi təminatı kimi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edərək Qarabağı yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevirir. Xalqımız döyüş meydanlarında olduğu kimi quruculuq sahəsində də bir daha öz gücünü göstərir.
Bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyev həm də həyatını öz doğma Azərbaycanına həsr edən, tariximizin ən böyük vətənpərvəri olan, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndər Heydər Əliyevin arzusunu reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü və gələcək inkişafımızın təməlini təşkil edir. Azərbaycanın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək bugünkü müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması üçün zəmin hazırlamışdır. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı onun adı ilə bağlı olmasın.
Ümummilli Lider Heydər Əliyev sonralar o illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".
Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan Ulu Öndər Heydər Əliyev bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən dahi şəxsiyyət Heydər Əliyev demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Müasir Azərbaycan dövlətçiliyinin əsaslarını yaradan, xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu həyata keçirən, fenomen şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilən, dünyamiqyaslı ictimai-siyasi xadim Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi, gərgin əməyi sayəsində güclü Azərbaycan dövləti quruldu, ölkəmiz dünya məkanında öz layiqli yerini tutdu. Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski deyirdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir".
Ulu Öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən biri də məhz kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanımızı xilas etməsi və parçalanıb yox olmaq təhlükəsindən qurtarması idi. Dövlətçiliyimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluşu demək idi! Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçilik tarixinin yenı şanlı səhifəsini açdı.
Çətin və ağır günlərində sınaq qarşısında qalanda xalqının səsinə səs verən dahi rəhbər Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürmüş, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - deyərək hakimiyyət sükanının arxasına keçmiş, qısa müddətdə dövlətlə xalqın birliyini, yekdilliyini təmin etmişdir.
Heydər Əliyevi ümummilli lider səviyyəsinə yüksəldən əsas cəhətlərdən biri də onun Azərbaycanla, Azərbaycan xalqı ilə qırılmaz tellərlə bağlı olması idi. O, bu barədə deyirdi: "Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir".
Canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, dünya birliyində layiqli yer tutan müasir, müstəqil və qüdrətli Azərbaycan bəxş edən Ümummilli Lider Heydər Əliyevin böyük qürur hissi ilə dediyi "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri isə hər bir azərbaycanlının qəlbində dərin iz buraxmış, iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə mühüm qərarlar qəbul etmişdir. Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarına müraciət edərək deyirdi: "Əgər sən azərbaycanlısansa, bilməlisən: dünya azərbaycanlılarının bir müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları öz tarixi Vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər".
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, sonsuz xalq məhəbbətini qazanmış dahi rəhbər kimi əbədi həkk olmuş, xalqımızın taleyində, dövlət quruculuğunda, siyasi, ictimai və mədəni həyatında misilsiz xidmətlər göstərmişdir.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin səyləri sayəsində təhlükəsizlik orqanlarının fəaliyyətində əsaslı dönüş yaranmış, Azərbaycanın gələcək müstəqilliyinə və təhlükəsizlik orqanlarının kadr potensialının formalaşdırılmasına hesablanmış bir addım olaraq bu orqanının milliləşdirilməsi istiqamətində ciddi işlər görülmüşdür. Ömrünün böyük bir hissəsini bu quruma həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyev imperiyanın mövcudluğu dövründə milliləşmənin çox çətin olduğunu qeyd edərək çıxışlarının birində deyirdi: "DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini, milli şürunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkələnməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim".
Ümummilli Lider Heydər Əliyev 1997-ci ildə təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşündə bildirirdi ki, milliləşmə dövlət təhlükəsizlik orqanlarında çox vacib məsələ idi: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu".
Ulu Öndər Heydər Əliyev digər bir çıxışında isə deyirdi: "Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dövlәt tәhlükәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә işlәdiyim zaman, bu orqanın bascısı oldugum zaman vә ondan sonra Azәrbaycan Respublikasının bascısı oldugum zaman Azәrbaycan xalqının milli mәnafeyinә әks olan heç bir addım atılmamısdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi...".
Ümummilli Lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Məhz, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət kursunun, onun müəyyən etdiyi məqsəd və vəzifələrin ardıcıl və davamlı şəkildə həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycanımızın bütün sahələrdə qazandığı uğurların sayı hesabı yoxdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: "Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu Öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir".
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi həkk olmuş, adı tariximizə qızıl hərflərlə yazılan Ulu Öndər Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, Vətənə sədaqət dərsidir. Bu gün fəxr edirik ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin qurduğu müstəqil ölkənin vətəndaşlarıyıq, onun bütün qəlbi ilə sevdiyi bir xalqın övladlarıyıq.
H.Zeynallı.