İkinci Dünya müharibəsində Azərbaycanın tarixi rolu
15:58 SiyasətVətənpərvər oğullarımız isə Qarabağda Zəfər tarixi yazdılar
1939-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına, müharibənin aparılması metodlarına və vasitələrinə görə ən dağıdıcı və dəhşətli müharibə idi. 1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşa üzərinə hücumu ilə başlanan müharibə 1945-ci il sentyabrın 2-də Yaponiyanın təslim olması ilə başa çatdı. İkinci Dünya müharibəsi həm də ona görə fərqlənirdi ki, müasir beynəlxalq sistem məhz onun nəticələri əsasında formalaşdı. Dünya tarixində bu hadisəyə bir neçə amil səbəb oldu və onların öyrənilməsi müasir dönəm üçün də vacibdir. Nəzərə almaq lazımdır ki, o zamanlarda baş verən hadisələrin oxşarı bu gün də müşahidə edilməkdədir. Məlumdur ki, İkinci Dünya müharibəsinin iştirakçıları nasist bloku (əsas iştirakçılar - Almaniya, İtaliya və Yaponiya) və antihitler koalisiyası (SSRİ, ABŞ, Britaniya və Fransa) olmaqla iki cəbhəyə bölünmüşdü. Beləliklə 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək yaranan beynəlxalq qüvvələr balansını müharibə yolu ilə dəyişdi. Nəticədə dünya faşizm bəlasından xilas oldu. Bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbədən 80 il ötməsinə baxmayaraq bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də unudulmur.
Yeri gəlmişkən qeyd edək ki, faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın da payı danılmazdır.
Həmin illərdə xalq özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edərkən azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakını xatırladıb: "Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi".
Düzdür, İkinci Dünya müharibəsi birbaşa Azərbaycan ərazisində getmirdi. Amma ölkə vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək qələbəyə böyük töhfələr verdi. Müharibənin ilk illərindən etibarən azərbaycanlılardan ibarət yüzlərlə özünümüdafiə batalyonları təşkil olundu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşdu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarət nümayiş etdirdilər. Bu gün də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsi kimi xatırlanır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə Günü ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərir. Ölkə başçısı, həmçinin 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam da imzalamışdır. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.
Çox təəssüf ki, İkinci Dünya müharibəsində faşizm məğlubiyyətə düçar olsa da, müharibədən sonra yenə də dirçəldi. Bu dirçəlmə neofaşizm (yeni faşizm) kimi tanındı. Bəşəriyyət üçün təhlükəli cərəyan olan neofaşizm Ermənistanın milli ideologiyasına çevrildi və azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik həyata keçirildi. Xəyallarında "Böyük Ermənistan"ı reallaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilər Mussolini və Hitler ideologiyasını mənimsədilər. Beləliklə Azərbaycan müstəqillik əldə etdikdən sonra daha dəhşətli faşizm ideologiyası ilə üzləşdi. İşğalçı Ermənistan havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz ərazisini işğal etməyə nail oldu. Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsilə nəticələndi. Ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri, soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması ardıcıl xarakter aldı. Neofaşizm ideolofiyasına sadiq qalan ermənilər İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njdeyə abidə ucaltmaqdan belə çəkinmədilər. Əslində isə bu addım faşistlərin qəhrəman kimi qələmə verilməsindən başqa bir şey deyildi.
Lakin işğal faktından 30 il keçdi, Azərbaycanda qəhrəman, vətənpərvər oğullar yetişdi. Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etdi, ordu quruculuğu təmin edildi, Azərbaycan Ordusu ən müasir hərbi silah-sursata sahib oldu. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağda qəhrəmanlıq dastanı, Zəfər tarixi yazdı. Dövlət başçısı İlham Əliyev sarsılmaz iradəsi, qətiyyəti sayəsində böyük strateq, qalib sərkərdə kimi əbədi olaraq tarixə imza ataraq, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu. Ali Baş Komandan İlham Əliyev tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdı. Memarı İlham Əliyev olan bu böyük əsər millətimiz və dövlətimiz mövcud olduqca qalacaq. Azərbaycan son 200 il ərzində ilk dəfə olaraq İlham Əliyevin qüdrəti sayəsində qələbə qazanaraq tarixə düşdü.
Alim