Azərbaycan- Vyetnam münasibətlərinin inkişafı üçün yeni üfüqlər açılır

Azərbaycan yürütdüyü uğurlu daxili və xarici siyasəti nəticəsində beynəlxalq münasibətlərin aktiv oyunçusuna çevrilib. Artıq dünya dövlətləri ölkəmizlə çoxtərəfli əməkdaşlıqda maraqlı görünürlər. Azərbaycan da müstəqil dövlət olaraq dünya dövlətləri ilə ikitərəfli münasibətlər qurmaq istiqamətində fəaliyyət göstərir. Həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin formalaşdırılmasını prioritet elan edib. Bu ölkələr sırasında coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Vyetnam Sosialist Respublikası da yer alır. Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub və ötən dövr ərzində tərəflər arasında ümumi maraqlara söykənən dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurulub. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Son illərdə də iki ölkə arasında çoxşaxəli əməkdaşlığın qurulduğu müşahidə edilməkdədir. İki ölkə arasında ticarət dövriyəsinin həcmi artır, neft-qaz sahəsində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlı əlaqəsi üçün platformalar yaradılır. Paralel olaraq, mədəni dialoq möhkəmlənir, nəqliyyat və logistika sferasında, ələlxüsus da, Azərbaycanın tranzit qovşaq olaraq artan əhəmiyyəti fonunda yeni perspektivlər açılır. Bir sözlə, coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Azərbaycan və Vyetnam praqmatik yanaşmaya və əsas sahələrdəki ümumi maraqlara söykənərək dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurur. Hazırda da belə dövlət səfərləri davam etməkdədir. Belə ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfərinə gəlib. 

Bu arada isə Azərbaycan Prezidenti İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibə verib. Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimiz arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir: "Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş "Əfsanə yaradanlar" filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi".  Prezident vurğulayıb ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Dövlət başçısının açıqlamasından belə məlum olur ki, Vyetnam liderinin ölkəmizə səfəri iki ölkə arasında fəal əməkdaşlığa mühüm təkan olacaq: "Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. Sözsüz ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdən hesab olunur. Azərbaycan həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlməsində maraqlıdır. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər".

Milli Məclisin sədr müavini Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən beynəlxalq fəaliyyəti daha da genişlənərək yeni-yeni regionları və dövlətləri əhatə edir: "Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ərəfəsində ölkə başçımızın Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə, bu gününə, gələcəyinə tarixi fakt və mənbələrlə işıq  tutduğundan böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, müsahibədə iki ölkə arasında münasibətlərin tarixi köklərinə nəzər yetirilir. Çünki tarixi köklər, bağlar millətlər və dövlətlər arasında münasibətlərdə bu gün və gələcək üçün təməl rolunu oynayır. Azərbaycan hələ müstəqil olmadığı zamanlarda - 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-də səfərdə olub.  Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnama səfər edib. Vaxtilə azərbaycanlı neftçilər Vyetnam Sosialist Respublikasında neft sənayesinin əsasının qoyulmasında  və inkişafında mühüm rol oynayıblar".
     
Onun sözlərinə görə, dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlət başçımızın 2014-cü ildə Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə səfəri münasibətlərdə yeni səhifə açıb: "Azərbaycan və Vyetnam arasında siyasi məsləhətləşmələr aparılır, hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Bu səfər parlamentlərarası əməkdaşlığa da müsbət təsir edəcəkdir. Ölkələrimiz arasında neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə əməkdaşlıq həyata keçirilir. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlığa dair Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası fəaliyyət göstərir.
İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın kökləri də sovet dövrünə gedib çıxır. Bu əməkdaşlıq mədəniyyətin və incəsənətin müxtəlif sahələrini əhatə edib.Təhsil sahəsində əməkdaşlıq xüsusilə uğurlu olub. Sovet dövründə Azərbaycan ali məktəblərində 5 minə yaxın vyetnamlı gənc təhsil alıb. Onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələrdə işləyir. Cənab Prezidentimiz hələ 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşmüşdü. Həmin görüşdən bir il sonra   Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi. Onun ictimai rəyə təsiri böyükdür. Ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə perspektivləri və potensialı vardır. Xüsusən turizm və vyetnamlı gənclərin ölkəmizin ali məktəblərində təhsil almaları münasibətlərin təməllərini möhkəmləndirəcəkdir. Dövlət başçımızın müsahibəsi münasibətlərimizin daha yaxşı gələcəyindən xəbər verir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31