“Yataq səhnəsi çəkmək çətindir” - Bizim qonaq
Rövşən İsax: “Saatı, maşını da reklam edərkən qadın bədənindən istifadə edirlər”
6 Sentyabr 2013 16:19 Mədəniyyət(Müsahibimiz rejissor Rövşən İsax, Vüqar Əmirov, ssenarist Əyyub Qiyasdı. Əvvəli 30 avqust tarixli sayımızda)
-Bu gün serial çəkə bilməyib bu sahəyə girişənlər də az deyil.
-Əyyub Qiyaslı: Hər sahədə olduğu kimi bu sahədə də arzuolunmaz şəxslər var. Serial çəkə bilməyənlərin bu işdən uzaq olmasını istəyərdim. Enerjilərini başqa sahəyə xərcləsələr bəlkə daha çox uğur qazana bilərlər. Dost-tanışını, məhlə uşağını seriala çəkənin birisi ayağını ayağının üstünə aşıraraq işini tərifləyir. Bu iş böyük əmək, vaxt tələb edir. Şellənə-şellənə kino, ya serial çəkmək olmur.
-Bəzən də hər yoldan ötəni seriala çəkirlər. Efirdə olan bəzi serialların sevilməməsində həmin şəxslərin onlara təqdim edilən rolu canlandıra bilməməsi də böyük rol var...
-Ə.Q: Türkiyədə 4 bölümdən ibarət serialın çəkilişlərinə hazırlaşırdıq. Son məqamda aktyorlardan biri çəkilməkdən imtina etdi. Onun rolu çox kiçik, o qədər də önəm daşımayan bir obraz idi. Həmin rolu canlandıracaq şəxsin danışmasına belə ehtiyac yox idi. Kiçik kadrın çəkilişi üçün belə biz bunu etmədik. Özünə hörmət qoyan rejissor bu yola əl atmaz.
-Tamaşaçılar daha çox hansı mövzuda çəkilən seriallara maraq göstərir?
-Rövşən İsax: Sevgi-məhəbbət, xəyanət, nifrət, xəsislik, bir-birinin ayağının altını qazmaq, paxıllıq, dedi-qodu və türk seriallarındakı mövzular tamaşaçıların daha çox diqqət mərkəzindədir. Bizim yenicə çəkəcəyimiz serialda bıçaq yoxdur. Amma dava, ziddiyətli tərəflər, bir-birlərinə nifrət edənlər var. Bu yaxınlarda tanışlarımdan biri ilə söhbət edəndə dedim ki, əgər tamaşaçıya o nifrəti qazandıra bilsək bəlkə kimisə öldürəcəyik. Amma çəkəcəyim serialda qadın zorakılığını göstərməyəcəyəm. Dəlinin yadına daş salmaq olmaz.
-Nəyə görə bu mövzulara maraq daha çoxdur?
-R.İ: Bu insan problemidir. Ölkədaxili problemlərlə bunun heç bir əlaqəsi yoxdur.
-Ə.Q: Tamaşaçı ən çox tanıdığı obrazı görmək istəyir. Yəni ona tanış olan xarakterləri. Tamaşaçı üçün məhəlləsini süpürən qadını ekranda görmək daha maraqlıdır. Yaxud məktəb direktorunu, MİS müdirini ekranda. O, məhəlləni həyəti süpürən Qzıbacının bənzər obraznı görmək istəyir.
-Vüqar Əmirov: Tamaşaçı daha çox inandırıcı bir şeyə baxmaq istəyir. Serialın mövzusu uydurma da ola bilər. Ekran önündə əyləşən izləyici fantastik bir şeylərdən daha çox həyatda tanıdığı obrazları görmək istəyir. Bu onun üçün daha maraqlıdır. Obrazlar tanış olanda, ssenari inandırıcı olanda tamaşaçı seriala daha maraqla baxır. Buna görə də daha çox məişət mövzularına müraciət etmək lazımdır.
-Artıq bir çox dünya ölkələrində çox seriyalı seriyal çəkmək dəbdədir. Maraqlıdır, nə vaxtsa bizim rejissorlar da izləyici, reklam toplamaq üçün bu yola əl atacaq?
-Ə.Q: Bu yola əl atan rejissor çəkdiyi seriala olan marağı itirə bilər. "Kurtlar Vadisi"nin öncəki qədər reytinq qazanmamasının səbəbi də serialın uzun illər yayımı oldu. Artıq "Kurtlar Vadisinin" dövrü bitib, serialı bu qədər uzatmaqla tamaşaçı toplamaq olmaz. "Pərvanələrin Rəqsi"nin bölümlərini artırmaq olardı. Rövşən İsax bu addımı atmadı. Əks halda o öz işinə qarşı hörmətsiz davranmış olardı. Mən roman yazıram. Amma lazım gələndə romanı qısalda bilirəm. Bunu da bacarmaq lazımdır. Insan öz işinə hörmət qoymaq üçün dayanmağı, işi lazımi məqamda bitirməyi öyrənməlidir.
-R.İ: Deməli yazanda və çəkəndə də dieta saxlamaq vacibdir (gülür).
-Türk seriallarından söz düşmüşkən, uzun illər ekran önündə əyləşərək qardaş ölkədə çəkilən serialları izlədik. Yəqin ki, Türkiyənin serial ənənəsinin həm zərərləri, həm də ki faydaları oldu.
-Ə.Q: Türk seriallarının üzərində dayanmaq bir o qədər də düz olmaz. Bundan öncə Latın Amerikasının serialları yerli telekanallarda yayımlanırdı. Azərbaycanda serial ənənəsinin formalaşmasında Latın Amerikasının məhsulu olan serialların da rolu danılmazdır.
-R.İ: Türk serialları vasitəsi ilə tamaşaçımızın daha çox nəyə maraq göstərdiyini öyrəndim. "Aşkı-Məmnu" serialının mövzusu haqda mənə danışanda şoka düşdüm, dedim bu nədir, Azərbaycanda belə şey çəksəydik bizi topa tutardılar. Gəlin qaynını, qayın xalasını, xala bacısının yoldaşını sevir...
-Ə.Q: Tamaşaçımız türk aktrisalarının açıq-saçıq kadrlarına baxıb onun rolunu bəyənir. Aktrisadır da, açıq-saçıq səhnələrin onun şəxsi həyatına heç bir aidiyyatı olmamalıdır. Tamaşaçı türkiyəli aktrisaların açıq-saçıq səhnələrini normal qarşılayır, amma bizim aktrisaları bu cür səhnədə görəndə deyir ki, oyyy, bu nə oyunlardan çıxır.
-Vəfa Zeynalovanın da çəkildiyi bir səhnə böyük mübahisələrə səbəb oldu. Şübhəsiz ki, Azərbaycan reallığında. Tamaşaçılar bunu normal qəbul edə bilmədilər.
-Ə.Q: Biz çox vaxt sənətkarın şəxsi həyatı ilə onun yaradıclığını səhv salırıq. Obrazın şəxsiyyəti ilə onu yaradanın şəxsi həyatı fərqli amillərdir. Bu düzgün yanaşma deyil. Bəzən mənim yaratdığım obrazlara baxıb özümün də o cür olduğumu düşünürlər. Vəfa çəkildiyi ekran əsərində konkret olaraq ssenari və sujet xəttinə uyğun obraz yaradıb, verilən tapşırığı yerinə yetirib. Insanın şəxsi həyatı ilə yaratdığı obraz eyni deyil. O hər gün səhər tezdən durub əl-üzünü yuyursa, bir fincan çay içirsə, yemək yeyirsə, oturub hərdən bir kitab oxuyursa, axşam yatağına girib yatırsa, bu kadrları serialda görmək niyə bizə qəribə gəlir? Serial da həyatda baş verənləri əks etdirir. Necə ola bilər ki, 80 seriya çəkilsin, amma Hikmət müəllimi tamaşaçı bircə dəfə də olsa çay içərkən görməsin. Obrazdakı şəxs də reallıqda olduğu kimi hər şeyi canlandırmalı, gündə ən azı bir dəfə də olsa yemək yeməlidir.
-R.İ: Mənim iki qızım var. Bununla belə mən buna pis baxmıram. Sadəcə olaraq açıq-saçıq səhnələri iyrənc formada göstərmək lazım deyil. Bu cür kadrları daha poetik formada göstərmək olar. Amma "Sonuncu Fəsil"də yataq səhnələri, duşun altında kimisə çimərkən görüntüləmək kimi kadrlar yer almayacaq.
-Ümumiyyətlə rejissoru olacağınız ekran əsərlərində bu cür epizodlara yer ayırmayacaqsınız?
-R.İ: Lazımdırsa, gözəl təqdim olunacaqsa, qadın lüt şəkildə tamaşaçıya təqdim olunmazsa, bu kadrın olması vacibdirsə əlbətdə ki çəkərəm. Açıq-saçıq səhnə deməzdim, amma deyəsən yenicə çəkilşləri başlayacaq "Sonuncu Fəsil"də bir öpüş səhnəsi yer alacaq. Mənim təcrübəmdə hələ ki belə səhnələr olmayıb. Çəkməmişəm, özüm də azərbaycanlıyam, nəslimizdə də heç bir qarışıqlıq yoxdur. Ona görə bu cür kadrları çəkməkdə mənim üçün bir "şlaqbaun" var. Amma bu "şlaqbaun"u aşıb o səhnəni çəkəcəyəm, əlbəttə ki təsəvvürümdəki kimi alınsa...Amma bir dəfə yataq səhnəsi yox, sadəcə yataq otağında bir kadr çəkməyə hazırlaşırdıq. Özümün də subay vaxtım idi. Kameranı qurmuşuq, aktyorla aktrisa da hazır idi. Amma yenə də düşünürdüm ki, nəyisə səhv edirəm. Əlləşib-vuruşub nəsə bir görüntü yaratdıq. Yataq səhnəsi çəkmək çətindir. İstəsək də, istəməsək də Şərq mentaliteti üçün belə kadr çəkmək çətindir.
-Təsəvvürünüzdəki kimi necə?
-R.İ: Saf sevgi olsun. Öpüş səhnəsi odur ki, oğlanla qız öpüşəndə tamaşaçı baxıb desin ki, qadan alım öp də. O səhnəni elə canlandırmaq lazımdır ki, tamaşaçı baxanda üzünü çevirməsin, əksinə desin ki hə şükür. Həmin kadr istədiyim kimi alınmazsa əlbəttə efirə verilməyəcək.
-V.Ə: Açıq-saçıq səhnəni təqdim etməkdə məna açıq-saçıqlığı göstərmək olmamalıdır. Elə filmlər var ki, açıq-saçıq səhnələri o qədər ecazkar təqdim edirlər ki, baxanda adama zövq verir. Hər şey yerində, qədərində olanda bunu qəbul etmək olar.
-Ə.Q: Rövşən İsaxın dediyi kimi bu cür kadrları çəkməzdən öncə onun necə təqdim ediləcəyi haqda düşünmək, estetik formada həllini tapmaq lazımdır. Elə səhnələr var ki, onların estetik həlli düzgün tapılmır.
-R.İ: İndi elə bir dövrdə yaşayırıq ki, hər reklamda qadın bədənindən istifadə olunur. Məsələn, bu saatın qadın bədəninə nəsə bir aidiyyatı var? Amma saatı da, maşını da reklam edərkən qadın bədənindən istifadə edirlər. Maşın reklam edirlər, gödəkdən də gödək geyinən qız maşına söykənir. Bu qızın maşına nə dəxli var? Söhbət qadın bədəninin alverindən getmirsə, yəni özümə auditoriya yığmaq məqsədi ilə qadını açıq-saçıq şəkildə təqdim etmirəmsə o zaman bu kadrı çəkərəm. "Cəsur Ürək" filmində ay ışığında olan intim səhnə çox gözəldir. Bu səhnədə eybəcər heç nə yoxdur.
-Ə.Q: "Titanik" filmindəki kadrlar da çox superdi.
-R.İ: Qızın əlinin şüşəyə dəydiyi kadr çox gözəldir.
-V.Ə: Həmin filmdə o səhnə açıq şəkildə göstərilməyib. Detalları o qədər gözəl vurğulayıblar ki, "Titanik"ə baxan hər kəs o səhnədə nəyin baş verdiyini anlayır. Yataq səhnəsini "Titanik"də olduğu kimi bu cür vasitələrlə də çatdırmaq olar. Açıq-saçıq səhnə gözəl təqdim olunarsa mən də bunun tərəfdarıyam. O birisinə internetdə də baxmaq olar.
-Bəzən seriallarımızda kriminal, dəhşət, şiddət təbliğ olunur...
-R.İ: Mən bu cür mövzuların əleyhinəyəm. Narkomaniya, adam öldürmək kimi mövzulardan bəhs edən serialda hər kadrı anbaan göstərmək düzgün deyil. Süni yolla tamaşaçı yığmaq istəyənlər bu yola əl atırlar.
-Ə.Q: Rejissorun əsas məqsədi bu cür olayların zərərini göstərməkdən ibarət olmalıdır. Əlbəttə ki, bunu bacarmaq peşəkarların işidir. Peşəkar olmayan efir müddətini doldurmaq üçün hər vasitəyə əl atacaq. O gün telekanalda dostun-dosta qan vermə səhnəsini göstərirdilər. Üzümüzü yana çevirib həmin səhnəni izləmədik. Bu hələ qanvermə səhnəsi idi. İynə lazım olan yerə çatan kimi kadr dəyişməli idi. Peşəkar bunu belə edir. Yaxud da həmin məqamda aktyorun sifətini göstərmək olardı. 20 saniyə ərzində yalnız həmin səhnəni yayımlamaq düzgün deyil. Təbabətdən, tibbdən sənədli film çəkmirik ki, bunu göstərək.
-V.Ə: Bəzi hallarda insan səhhəti üçün zərərli olan bir şeyi yayımlamaq üçün müxtəlif vasitələrdən istifadə etmək də ona olan diqqəti artırır. Məsələn, yayımlanan epizodların birində siqaretin görüntüsünün əvəzinə bir başqa vasitədən istifadə etsək tamaşaçı həmin kadra daha çox diqqət yetirəcək. Yaxud içkinin üzəri ekranda bağlı şəkildə göstərilir. Neçə dəfə olub ki, mən özüm də həmin kadrı görəndən sonra siqaret yadıma düşüb.
-Ssenari sahəsindəki problemlərdən danışaq...
-Ə.Q: Peşəkar ssenaristlər çox azdır. Seriallar üçün ssenari yazanların deyərdim ki əksəri peşəkar deyil. Bu gün hamı ssenari yazmaq istəyir. Belələri arasında jurnalistlər, müəllimlər, digər peşələrin sahibləri də var. Ola bilər ki, yazmaq istəyir, nəsə qabiliyyəti var. Amma ssenarinin tələbləri tamamilə başqadır. Serial, bədii film və tamaşa ssenarisinin tələləri bir-birindən fərqlənir. Ola bilər ki, kimsə yaxşı roman yazsın, amma serial üçün ssenari yaza bilməsin. Ssenarilərin əksəri sifarişlə yazılır. Artıq iki aydır ki biz də Rövşən bəylə "Sonuncu Fəsil" üçün bir-birimizlə görüşərək məsləhətlərimizi vermişik. Mübahisə aparıb sonunda düzgün qərara gəlirik. Ola bilər ki, iki saat ərzində ssenari üçün heç bir sətir belə yazmırıq. Yaxşı ssenari belə yazılır. Bir də var ki rejissorun heç nədən xəbəri olmadan çəkiliş meydançasına gəlir. Obrazları canlandıracaq aktyorlar da çəkilişdən bir az öncə səsləndirəcəkləri mətnlə tanış olur. Belə serial çəkmək olmaz...
Nigar Məhərrəm
P.S. Ardı var