KTMT boykot edilir, NATO hədəflənir – İrəvan Moskva ilə körpüləri yandırır – ÖZƏL
15:13 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyan təsadüfən hakimiyyətə gətirilməyib. Paşinyan Amerika tərəfindən məqsədyönlü şəkildə hakimiyyətə gətirildi və qarşısında müəyyən vəzifələr qoyuldu. Bu vəzifələrdən biri Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək, Rusiya platformalarından uzaqlaşmaq və Qərbə inteqrasiya etmək idi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan da bu illər ərzində həmin siyasəti ardıcıl şəkildə həyata keçirməkdədir. O, açıq şəkildə Avropaya inteqrasiya etmək istəyir və Rusiyanın yaratdığı siyasi, iqtisadi və hərbi platformalardan uzaqlaşmağa çalışır. Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını boykot edir və təşkilatın toplantılarında iştirak etmir. Paşinyanın həyata keçirdiyi bu siyasət Rusiya rəsmiləri tərəfindən diqqətlə izlənilir və açıq şəkildə tənqid olunur. Bu yaxınlarda Qırğızıstanda Rusiya Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdə də tərəflərin münasibəti açıq şəkildə ortaya çıxdı. Yəni kartlar artıq açıldı. Rusiya Ermənistana açıq şəkildə şərt qoyur: ya Avrasiya İqtisadi İttifaqını seçməlisən, ya da Avropa Birliyinə inteqrasiya etməlisən. İkisindən birini seçməlisən. Ermənistanın baş naziri açıq şəkildə ölkəsinin Qərbə inteqrasiya siyasətini rəsmiləşdirməkdədir və bu istiqamətdə öz mövqeyini açıq şəkildə bildirir. Paşinyan Avropa Birliyinin, daha doğrusu, Amerikanın verdiyi təlimatlara uyğun davranmasa, hakimiyyətdən uzaqlaşdırıla bilər. Paşinyan da bu məsuliyyəti hiss edir və bütün gücünü, bütün siyasi kursunu məhz bu istiqamətdə həyata keçirməkdədir. Paşinyan çox gözəl bilir ki, Rusiyanın Ermənistana təsir rıçaqları var. Həm iqtisadi, həm siyasi, həm də hərbi təsir imkanları mövcuddur. Ermənistan da bu təsir rıçaqlarından uzaqlaşmaq və onları zəiflətmək üçün mərhələli siyasət həyata keçirir. Ermənistan məhsullarının Rusiyaya aparılmasına bu və ya digər formada müəyyən məhdudiyyətlər qoyulur. Çünki Ermənistanın Rusiyadan iqtisadi asılılığı aradan qalxmasa, Avropaya inteqrasiya siyasəti tam şəkildə reallaşa bilməz. İqtisadiyyat siyasətə, siyasət də iqtisadiyyata bağlıdır. Ermənistan siyasi kursunu Avropaya yönəldirsə, mütləq şəkildə iqtisadiyyatını da Qərbə bağlamalı və oradan açıq iqtisadi dəstək almalıdır. Bunu da çox yaxşı bilirlər. Paşinyanı daha da həvəsləndirmək, ona müəyyən təminatlar vermək üçün Ermənistan məhsullarının Avropaya çıxarılmasına şərait yaratmağa çalışırlar. Amma məsələ burasındadır ki, Ermənistan məhsullarının Avropaya çıxarılması hələ Ermənistanın iqtisadi müstəqilliyinin əldə olunması demək deyil. Ermənistanın regionda əsas idxal-ixrac əməliyyatları Rusiya bazarına bağlıdır.
Ekspert xatırladıb ki, Ukraynada həyata keçirilən ssenari bu gün Ermənistanda da tətbiq edilir. Ukrayna da vaxtilə bu şəkildə qızışdırıldı, həvəsləndirildi və Rusiya ilə qarşıdurmaya sürükləndi. Bu gün Ermənistanın baş naziri də Ukrayna ssenarisinə bənzər siyasəti həyata keçirməkdədir. Artıq Ermənistanda siyasi baxımdan böyük gərginlik yaranır. Daha doğrusu, Ermənistanın siyasi sistemi müəyyən mənada iflic vəziyyətinə gətirilir və ölkənin mövcud siyasi kursunun dəyişdirilməsi üçün artıq cərrahi müdaxiləyə ehtiyac yarandığını demək mümkündür. Rusiya tərəfi də bu fikri müxtəlif ifadələrlə açıq şəkildə ortaya qoyur. Bu yaxınlarda, qeyd etdiyim kimi, Ermənistanın baş naziri ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə Rusiya Prezidenti açıq şəkildə bildirdi: "Siz seçiminizi edin, biz də işimizi bilək". "Biz də işimizi bilək" ifadəsinin altında çox böyük məna dayanır. Yəni Rusiya istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan öz təsir rıçaqlarından maksimum istifadə edəcək ki, Ermənistanın Qərbə inteqrasiyasının qarşısı alınsın. Niyə? Çünki Ermənistanın Avropa Birliyinə inteqrasiyasının arxasında gələcəkdə NATO blokuna daxil olmaq perspektivi də dayanır. Ermənistanın gələcək strateji məqsədlərindən biri NATO ilə daha sıx inteqrasiya etməkdir. Bu baxımdan Ermənistan Rusiyanın yaratdığı platformalardan, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşır, təşkilatı boykot edir və onun toplantılarında iştirak etmir. Paşinyan özü də açıq şəkildə bildirib ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarsalar, buna sevinər.
A. Məsiyevin sözlərinə görə, Ermənistanın məqsədi istər siyasi, istər hərbi, istərsə də iqtisadi baxımdan Qərbə yönəlməkdir. Daha doğrusu, Qərbin təlimatı budur və Paşinyan da bu təlimat əsasında siyasət həyata keçirməkdədir. Əgər Paşinyan bu siyasəti həyata keçirməsə, onun özü Ermənistanda hakimiyyətdən uzaqlaşdırıla bilər. Bu baxımdan Paşinyanın artıq geriyə yolu yoxdur. Təbii ki, Paşinyan da öz himayədarlarına açıq şəkildə bildirir ki, Ermənistan məhsullarının Rusiya bazarına çıxışında problemlər yaranır. Ona görə də Avropa Ermənistan əhalisinin sosial vəziyyətinin qorunması və inkişaf etdirilməsi üçün şərait yaratmalı, Ermənistan məhsullarının Avropa bazarlarına çıxışını təmin etməlidir. Amma əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistanın istehsal etdiyi məhsulların əksəriyyəti Avropa standartlarına cavab vermir. Təbii ki, müəyyən güzəştlər məhz ona görə verilir ki, Paşinyanı və onun ətrafını həvəsləndirsinlər, Paşinyanı Rusiya ilə qarşıdurmaya getməyə daha da sövq etsinlər. Hesab edirəm ki, Ermənistanın başının üzərini qara buludlar alır. Ermənistan Qərbin maraqlarına uyğun davranır və qlobal güclərin maraqlarının toqquşduğu bir məkana çevrilir. Bu toqquşma isə Ermənistanda xaos yarada bilər. Həmin xaosun Cənubi Qafqaza yayılması ehtimalı da istisna deyil. Çünki Qərbin məqsədi Rusiyanın cənub cinahında qaynar ocaq yaratmaqdır. Hətta xatırlatmaq yerinə düşər ki, Gürcüstanın baş naziri açıq şəkildə bəyan etmişdi ki, Avropa Birliyi Gürcüstana təzyiq edir ki, Rusiyaya qarşı ikinci cəbhə açsın. Rusiyaya qarşı ikinci cəbhənin açılması Cənubi Qafqazda hərbi xaosun yaradılması, hərbi qarşıdurmanın başlanması deməkdir. İndi isə Qərb Paşinyan vasitəsilə Cənubi Qafqazda xaos yaratmağa çalışır. Çünki başda Amerika Birləşmiş Ştatları olmaqla Qərb Rusiyanın cənub cinahını bağlamaq istəyir. Cənubi Qafqazda gərginlik yaratmaqla Rusiyanın cənub istiqamətində əlavə problemlər yaratmağa çalışırlar. Bu baxımdan Paşinyan hər vasitə ilə qızışdırılır və həvəsləndirilir. Hesab edirəm ki, Paşinyan bu gün erməni xalqının və Ermənistan dövlətinin maraqlarına deyil, Qərbin maraqlarına uyğun siyasət həyata keçirir. Necə ki, Zelenski bu siyasəti həyata keçirdi və Ukrayna bu gün cəhənnəmə çevrilib, Paşinyanın apardığı siyasət də Ermənistanı oxşar təhlükəli istiqamətə, böyük qarşıdurma və fəlakətə sürükləyə bilər.
Səidə Ramazanova