İran iqtisadiyyatında böhran dərinləşir: “Uzunmüddətli durğunluq riski artır” -ÖZƏL
15:14 İqtisadiyyat" İran iqtisadiyyatının hazırkı ağır vəziyyətinin əsas səbəbləri bir-biri ilə əlaqəli olan bir neçə amildən qaynaqlanır. Uzun illər davam edən beynəlxalq sanksiyalar, xüsusilə neft ixracına və bank-maliyyə sisteminə tətbiq edilən məhdudiyyətlər ölkənin xarici valyuta gəlirlərini və beynəlxalq maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Bunun üzərinə yüksək inflyasiya, milli valyutanın dəyər itirməsi, dövlət büdcəsində problemlər, enerji çatışmazlığı, su qıtlığı və idarəetmədə struktur problemləri də əlavə olunur. Nəticədə həm biznesin xərcləri artır, həm də əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti zəifləyir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Sanksiyaların təsiri son dövrdə daha da ağırlaşıb. İranın neft satışına, bank əməliyyatlarına, xarici investisiyalara və texnologiyalara çıxışına qoyulan məhdudiyyətlər iqtisadiyyatın normal fəaliyyətini çətinləşdirir. İran müəyyən qədər neft ixracını davam etdirə bilsə də, satışların həyata keçirilməsi, ödənişlərin alınması və əldə olunan valyutanın ölkəyə gətirilməsi daha mürəkkəb və bahalı prosesə çevrilir. Sanksiyalar həmçinin xarici investorların İran bazarına daxil olmasını əngəlləyir. Bu isə iqtisadiyyatın modernləşdirilməsinə və yeni istehsal sahələrinin yaradılmasına mənfi təsir göstərir.
İstehsal müəssisələrinin vəziyyəti də ciddi narahatlıq doğurur. Enerji təchizatında fasilələr, xammal və avadanlıq idxalının çətinləşməsi, valyuta məzənnəsində kəskin dəyişikliklər və yüksək maliyyə xərcləri müəssisələrin istehsal imkanlarını məhdudlaşdırır. Əgər bu problemlər uzun müddət davam edərsə, müəssisələrin bağlanması, işsizliyin artması, daxili istehsalın azalması və idxaldan asılılığın yüksəlməsi riski yaranır. Belə vəziyyət inflyasiyanı daha da sürətləndirə və sosial narazılığı artıra bilər.
Tehran üçün vəziyyətdən çıxış yolu yalnız inzibati tədbirlərdən keçmir. İlk növbədə inflyasiyanın qarşısını almaq, milli valyutaya etimadı bərpa etmək və büdcə kəsirini nəzarətdə saxlamaq lazımdır. Paralel olaraq biznes üçün daha sabit valyuta və vergi mühiti yaradılmalı, enerji sektorundakı problemlər həll edilməli və yerli istehsalın texnoloji səviyyəsi yüksəldilməlidir. Lakin ən mühüm məsələ xarici iqtisadi təcridin azaldılmasıdır. Tehran nüvə proqramı ilə bağlı beynəlxalq gərginliyi azaltmağa və sanksiyaların yumşaldılması üçün diplomatik razılaşmalara nail olmağa çalışsa, iqtisadiyyat üçün yeni maliyyə və investisiya imkanları yarana bilər.
Əks halda, sanksiyalar, yüksək inflyasiya, valyutanın zəifləməsi və istehsal problemlərinin bir-birini gücləndirməsi İran iqtisadiyyatında uzunmüddətli durğunluq və sosial-iqtisadi gərginlik riskini artıracaq".
Zeynəb Mustafazadə