Şərqi Avropada eskalasiya pik həddə: Baltikyanı ölkələr böyük döyüşə hazırlaşır? – ÖZƏL

Litva və Polşa Rusiya tərəfindən mümkün hücum ehtimalına qarşı NATO-nun strateji zəif nöqtəsi sayılan Suvalki keçidini əhatə edən birgə təxliyə planları və ikitərəfli razılaşma üzərində işləyir. Layihə çərçivəsində Baltikyanı ölkələrin sakinlərinin təxliyəsi, infrastruktura nəzarət və böhran anında sərhədlərin tənzimlənməsi nəzərdə tutulur. Bu addım Rusiyanın NATO ölkələrinə qarşı hibrid hücum risklərinin və hərbi aktivliyinin artması fonunda keçirilən genişmiqyaslı təlimlərlə eyni vaxta təsadüf edir.

Litva və Polşanın bu addımı real hərbi təhlükəyə hazırlıqdır, yoxsa? Şərqi Avropada gərginliyin eskalasiya ehtimalını necə qiymətləndirirsiniz və proseslərin yaxın gələcəkdə inkişafı üçün hansı ssenarilər ön plandadır? 

"Avropa məkanında hərbi hazırlıq, yəni savaş ehtimalına hazırlıq artıq ən yüksək həddə çatıb. İlk növbədə hərbi-sənaye komplekslərinin yenidən qurulması, inkişaf etdirilməsi, silah istehsalının artırılması, eyni zamanda müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində olduqca ciddi addımlar atılır. Bunun da əsas səbəbləri Avropa məkanında Rusiyanın yaxın gələcəkdə, təxminən 2030-cu illərə qədər Avropa ölkələrinə hücum edə biləcəyi ilə bağlı məlumatların yayılmasıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Avropa dövlətlərinin böyük əksəriyyəti belə məlumatlara kifayət qədər ciddi yanaşır və Rusiyadan hər an hərbi müdaxilə təhlükəsi gözlədiklərini qətiyyən gizlətmirlər. O baxımdan, Baltikyanı dövlətlər də belə təhlükələrin ola biləcəyini qəbul edir və Polşa da artıq bu məsələyə ciddi yanaşır. Çünki Rusiya siyasi dairələrində bəzi radikal siyasətçilər Rusiyanın sərhədlərinin Polşanın Krakov şəhərindən keçməli olduğunu iddia edirlər. Bu da o deməkdir ki, Rusiyanın siyasi dairələrində hər halda Polşaya qarşı hərbi əməliyyatlar mövzusu müzakirə olunmaqdadır. Digər tərəfdən, Kreml tərəfindən dəfələrlə Baltikyanı ölkələrə qarşı hərbi təhdidlər səsləndirilib və Baltik ölkələri Rusiyadan hərbi təhlükə gözləməkdə tamamilə haqlıdırlar. Yəni bütün bunlar qətiyyən istisna deyil.

Ekspert qeyd edib ki, Qərb ölkələrinin kəşfiyyat qurumları Rusiyanın yaxın vaxtlarda NATO-ya hücum edə biləcəyi ilə bağlı da məlumatlar yayırlar. Onların fikrincə, Kreml NATO-nun müqavimət və reaksiya imkanlarını sınaqdan keçirmək niyyətindədir. Bütün bunları nəzərə aldıqda, Baltikyanı ölkələrin və Polşanın ortaq şəkildə Rusiyanın hərbi müdaxilə ehtimalına indidən hazırlaşması qətiyyən təsadüfi deyil. Hazırda Avropa məkanında, xüsusilə də Şərqi Avropada Rusiya ilə savaş təhlükəsi qorxu yaratmış kimi görünür və bu regiona aid dövlətlər də yaxın gələcəkdə ola biləcək savaşa intensiv şəkildə hazırlaşmağa başlayıblar.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31