İqtisadiyyatdan vahid orduya: Türk Dövlətləri Təşkilatının yeni mərhələsi – ÖZƏL

"Son vaxtlar türk dövlətləri arasında həm mənəvi, həm iqtisadi, həm də siyasi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq getdikcə inkişaf etməkdədir. Azərbaycan Orta Asiya respublikaları ilə, həmçinin Türkiyə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu sahədə siyasət həyata keçirilməkdədir. Ümumilikdə, türk dövlətlərinin iqtisadi, siyasi və mənəvi sahədə inteqrasiyası bu dövlətlər arasında qarşılıqlı anlaşmanın bariz nümunəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Bu təşkilat çərçivəsində həm mənəvi, həm iqtisadi, həm də siyasi sahədə fəaliyyət genişlənməkdədir. Ayrı-ayrı türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımız mövcuddur. Onlardan biri də hərbi sahədə əməkdaşlıqdır. Qarşılıqlı hərbi sənayenin inkişafı üçün qarşılıqlı sərmayələrin qoyulması təklifi də, məsələn, Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüşdür. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Qəbələ toplantısında Azərbaycan Prezidenti bəyan etdi ki, türk dövlətlərinin qarşılıqlı hərbi sənayenin inkişafı üçün qarşılıqlı sərmayələr qoyması vacib məsələdir. Yəni hərbi sahədə inteqrasiyanın, hərbi sahədə əməkdaşlığın vacibliyini bəyan etdi. Bu əməkdaşlıqlardan biri də qarşılıqlı hərbi təlimlərin keçirilməsidir. İstər Azərbaycan, istər Özbəkistan, istərsə də Türkiyə Respublikasının birgə təlim keçirməsi həmin dövlətlərin hərbi strukturlarının formalaşmasına dəlalət edir. Qarşılıqlı faydalanma, qarşılıqlı əməkdaşlıq hesab edirəm ki, hərbi sahədə işlərin güclənməsinə xəbər verir. Türk Dövlətləri Təşkilatı fonunda Turan İttifaqı dünyada yeni güc mərkəzidir. Turan İttifaqı bir millət, bir ittifaq halında formalaşaraq yeni güc mərkəzinin əsasını qoymaqdadır. Bu ittifaq həm mənəvi sahədə, həm iqtisadi sahədə, həm siyasətdə, həm də hərbi sahədə əməkdaşlığın nəticəsində gündəmə gələ bilər. Bu baxımdan, Azərbaycan, Özbəkistan və Türkiyənin birgə təlimi digər türk dövlətlərinə də bir nümunədir. Bu, hesab edirəm ki, irəliyə doğru atılan bir addımdır. Gələcəkdə bu əməkdaşlıq daha geniş müstəvidə həyata keçirilə bilər. Bu, türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi istiqamətində ilkin addımdır. Hesab edirəm ki, gələcəkdə Türk Dövlətləri Təşkilatı fonunda böyük həcmdə birgə təlimlər keçirərək ordunun vahid mərkəzdən idarə olunması taktikasını gündəmə gətirə bilər.

"Dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir. Dünya siyasəti güc faktoru ilə tənzimlənir. Belə olan təqdirdə, türk dövlətlərinin öz təhlükəsizliyini qorumaq üçün mütləq şəkildə bir araya gəlib ortaq mövqedən çıxış etməsi vacibdir. İstər bu, iqtisadi sahədə olsun, istər siyasi sahədə olsun, istərsə də hərbi sahədə olsun. Məhz bu baxımdan üç türk dövlətinin birgə hərbi təlimi irəliyə atılan bir addım, bir nümunədir. Bu, gələcəkdə bu cür toplantıların və əməkdaşlığın genişlənməsinə bir nümunədir. Dünyada gedən prosesləri nəzərə alaraq və həm regional, həm də geosiyasi baxımdan hadisələri təhlil etsək, mütləq şəkildə deyə bilərik ki, türk dövlətləri dünyada yeni güc mərkəzinə çevrilmə mərhələsindədir. Ona görə ki, 200 milyon əhalini əhatə edən bir coğrafiyadır, 5 milyon kvadratkilometr ərazidir, kifayət qədər iqtisadi və təbii sərvətlərə malikdir. Kifayət qədər iqtisadi sərvətlərlə yanaşı, iqtisadi gücə də malikdir. Bu təşkilatın fonunda ordular da ortaq bir araya gələrək vahid mərkəzdən idarə olunan bir gücə çevrilərsə, onda Türk Dövlətləri Təşkilatı fonunda Turan İttifaqı dünyanın iqtisadi-siyasi sistemində, o cümlədən hərbi sistemində söz sahibi olan bir təşkilat və birlik ola bilər. Bu baxımdan həm mənəvi, həm iqtisadi, həm də siyasi sahədə, eyni zamanda hərbi sahədə də təlimlərin keçirilməsi və inteqrasiya vacib məsələdir. Bu üç dövlətin birgə hərbi təlim keçirməsi bir nümunədir və irəliyə doğru atılan bir addımdır. Özünü müdafiə üçün keçirilən bu cür tədbirlər ordunun həm texniki, həm fiziki, həm də taktiki baxımdan formalaşması üçün vacib elementlərdəndir. Hesab edirəm ki, Azərbaycan, Özbəkistan və Türkiyənin bu cür təlimlər keçirməsi ordular arasında da qarşılıqlı anlaşmanın yaranmasına gətirib çıxara bilər və nəticədə yeni gücün formalaşması zərurəti meydana gələ bilər. Aparılan bu cür təlimlər hər üç dövlətin dövlət və milli maraqlarına tam uyğundur. Dünyada gedən prosesləri də nəzərə alsaq, bu cür təlimlərin intensiv keçirilməsi və daha böyük miqyasda təlimlərin keçirilməsi vacib məsələdir", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31