Azərbaycanın yeddinci strateji tərəfdaşı: Londonla saziş Bakıya nə qazandıracaq? – ÖZƏL
23:01 Siyasət"Azərbaycan və Böyük Britaniya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında saziş bir çox məsələlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada əsas diqqət çəkən məqam müdafiə və təhlükəsizlik məsələlərinin sənəddə öz əksini tapmasıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Böyük Britaniya dünyada bu sahələrdə öndə gedən ölkələrdən biridir. Bu baxımdan, Azərbaycanın Böyük Britaniyanın dəstəyini qazanması olduqca ciddi əhəmiyyətə malikdir. Nəzərə alaq ki, söhbət Qərbin əsas ölkələrindən birindən və Avropanın aparıcı dövlətlərindən biri olan Böyük Britaniyadan gedir. Azərbaycanla bu istiqamətdə yüksək səviyyəli əməkdaşlığın qurulması, əlbəttə ki, çox böyük və ciddi nəticələrə səbəb olacaq. Eyni zamanda, maliyyə sektoru və iqtisadiyyat sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu da şübhəsiz ki, Böyük Britaniyanın maliyyə sektorunun Azərbaycana investisiya yatırması baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi London dünyanın əsas maliyyə mərkəzlərindən biridir. Azərbaycanın bu cür saziş imzalaması ölkəmizin çoxvektorlu diplomatik müstəvidə fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir. Azərbaycan artıq yeddi ölkə ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Böyük Britaniya da bu siyahıda yeddinci ölkədir. Bundan əvvəl Azərbaycanın bir çox ölkə ilə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə də bu istiqamətdə sazişləri imzalanıb. Azərbaycan bununla Cənubi Qafqazda aparıcı ölkə olduğunu bir daha sübut etdi. Bu əməkdaşlıq, əlbəttə ki, həm ölkəmizə investisiya axınını təmin edəcək, həm müdafiə və təhlükəsizlik sahəsində, həm də iqtisadi istiqamətdə Azərbaycana mühüm üstünlüklər qazandıracaq.
Səidə Ramazanova