Taleh Əliyev: "Bakı forumu təkcə tədbir deyil, qlobal gərginliyin yumşaldılmasına töhfə olacaq" – ÖZƏL

"Azərbaycan Respublikasının 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etməsi ilə bağlı təşəbbüslə çıxış etməsi və bu tədbirin Bakı şəhərində baş tutması ölkəmiz üçün bir yenilik deyil. Əksinə, bu, artıq çoxdandır beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, eyni zamanda bəzi beynəlxalq təşkilatların daimi mərkəzi qərargahlarının yerləşdiyi Bakı şəhəri üçün ənənəvi və xarakterik tədbirlər silsiləsindən biri olacaqdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh  Əliyev deyib. Siyasi şərhçi bildirib ki, nəzərə alsaq ki, hazırda qlobal miqyasda sivilizasiyalar böhranının yaşandığı bir mərhələdəyik, BMT-nin bu möhtəşəm forumunun Bakı şəhərində təşkil olunması, uzun müddət Qoşulmama Hərəkatı kimi beynəlxalq bir təşkilata sədrlik edən və bu təşkilatın fəaliyyətinin yenidən canlanmasına, beynəlxalq münasibətlər sistemində fəal bir aktora çevrilməsinə ciddi rol oynayan Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi heç şübhəsiz ki, forumun sıradan bir toplantısı kimi keçirilməyəcəyini göstərir. Forum çərçivəsində dünyanın yenidən şəkilləndirilməsinin tamamilə dəyişəcək qədər iddialı olmasa da, hazırkı mərhələdə proseslərin yumşalmasına, şiddətin və diskriminasiyanın qarşısının alınmasına və ya bu mənfi tendensiyaların mümkün qədər təsirinin azalmasına töhfəsi olacaq, yadda qalan bir forum kimi keçiriləcəyi qənaətindəyəm.

"Eyni zamanda Azərbaycanın Qüds məsələsində və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll modelinə baxışı və yanaşması yeni mövqe deyil. Azərbaycan uzun illərdir bu problemin həllində ardıcıl və davamlı bir siyasət yürüdür. Düşünmürəm ki, bu siyasət ərəb ölkələrinə və ya ümumiyyətlə, İslam ölkələrinə xoş gəlmək, xoş görünmək üçün yürüdülən siyasətdir. Bu, uzun illər erməni separatizminin, beynəlxalq təşkilatların ədalətsiz mövqeyinin, böyük dövlətlərin geosiyasi ambisiyalarının əziyyətini çəkən bir ölkə kimi Azərbaycanın doğru bildiklərini, düz bildiklərini yanında sərgilədiyi prinsipial və davamlı mövqeyinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Yəqin ki, bundan sonra da bu problemin həllinə qədər Azərbaycan öz mövqeyində sabit qalacaqdır. Dəyişiklik baş verəcəksə, bu, hər iki xalqın və dövlətin ortaq iradəsinin və ortaq qərarına hörmət əlaməti olaraq meydana gələcək yeni bir münasibət ola bilər. Bu günə qədər davamlı olaraq sərgilənən mövqe isə, qeyd etdiyim kimi, Azərbaycanın həm beynəlxalq hüquqa, həm də tarixi ədalətin və xalqların hüquqlarının qorunub saxlanılmasına əsaslanan dövlət siyasətinin tərkib hissəsidir", - deyə ekspert əlavə edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31