Siyasətdən məhkəməyə: Türkiyə və İsrail arasında hüquq savaşı başlayır? – ÖZƏL
16:48 Siyasət"Bizim qardaş Türkiyə ilə İsrail arasındakı siyasi-diplomatik gərginliyin artıq yalnız sərt açıqlamalar, qarşılıqlı ittihamlar müstəvisində qalmadığınə görürük. Görürük ki, beynəlxalq hüquq və məhkəmə mexanizmləri də bu qarşıdurmanın alətlərinə çevrilməkdədir. Son gəlişmələr bunu göstərməkdədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib: "Gəlin bir incəliyi vurğulayaq: yayılan xəbərə görə, İsrailin Baş naziri Benyamin Netanyahu hələ Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi müraciət etməyib; İsrailin müvafiq qurumlarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı mümkün hüquqi dosyenin hazırlanmasını tapşırıb. Bilgili media qaynaqları hətta həmin dosyenin məhkəməyə göndərilməmiş qalacağını, daha çox Ankaraya qarşı çəkindirici siyasi-hüquqi vasitə kimi düşünülə biləcəyini vurğulayır.
Burada diqqətçəkici bir paradoks da var: nə Türkiyə, nə də İsrail BCM-ni yaradan "Roma Statutu"nun iştirakçısıdır. Bu isə mümkün hüquqi prosesin yurisdiksiya məsələsini xeyli mürəkkəbləşdirir. Üçüncü bir dövlətin vasitəçiliyi də öz-özlüyündə BCM-yə Türkiyə ərazisində Türkiyə vətəndaşının törətdiyi iddia olunan əməllər üzərində yurisdiksiya qazandırmır. Bax, ona görə biz bu gəlişməni sırf "Netanyahu Ərdoğanı məhkəməyə verir" sadəliyində oxumaya bilərik; burada hüquq qədər siyasət, məhkəmə qədər diplomatiya, ittiham qədər qarşılıqlı çəkindirmə elementi vardır. Ankara daha öncə Netanyahu barəsində İnterpolun "qırmızı bildiriş" mexanizminə müraciət etmək niyyətini açıqlayıb. "Qırmızı bildiriş"in özü də beynəlxalq həbs orderi olmayıb, şəxsin yerinin müəyyənləşdirilməsi və milli qanunvericilik çərçivəsində müvəqqəti saxlanılması üçün beynəlxalq sorğudur. Belə bir bildirişin verildiyi isə hələ təsdiqlənməyib. Təl-Əvivdən Ərdoğana qarşı mümkün BCM dosyesinin hazırlanması xəbərinin gəlməsi siyasi qarşıdurmanın üstünə bir də "hüquq savaşı" əlavə edir. Bəlkə, əsas təhlükə də buradadır. Beynəlxalq hüquq dövlətlər arasındakı qarşıdurmanı cilovlamaq, savaşı hüquqla əvəzləmək üçündür. Əgər məhkəmə, İnterpol və digər beynəlxalq mexanizmlər qarşılıqlı siyasi təzyiq vasitəsi kimi qəbul edilməyə başlayarsa, hüququn öz nüfuzu da zədələnə bilər. Əslində, hüquq siyasəti cilovlamalıdır - siyasətin əlində qılınca çevrilməməlidir. Bununla yanaşı, İsrail-Türkiyə münasibətsizliklərini yalnız Netanyahu-Ərdoğan şəxsi qarşıdurması kimi təqdim etmək də doğru olmazdı. Arxada Qəzza, Fələstin məsələsi, HƏMAS-a münasibət, Suriya, Şərqi Aralıq dənizi, bölgəsəl təhlükəsizlik arxitekturası və iki dövlətin Yaxın Şərqin gələcəyinə fərqli baxışları dayanır. Prezident Ərdoğan BMT Baş Assambleyasındakı təsirli çıxışında haqlı olaraq Fələstin dövlətinin daha geniş tanınmasına çağırıb və Qəzzadakı duruma görə İsraili sərt tənqid edib; İsrail isə Türkiyə rəhbərliyinin HƏMAS-la münasibətlərinə dair öz ittihamlarını irəli sürür.
Başqa sözlə, artıq qarşı-qarşıya duran iki fərqli bölgəsəl siyasi baxış vardır.
Bu gərginliyin təhlükəli tərəfi odur ki, ritorika diplomatiyanın qabağına keçdikcə geri dönüş yolu bir qədər də daralır. Bu gün qarşılıqlı hüquqi dosyelər hazırlanırsa, sabah diplomatik təmsilçilik, iqtisadi münasibətlər, bölgəsəl işbirliyi və təhlükəsizlik məsələləri bundan təsirlənə bilər. Halbuki qardaş Türkiyə də, İsrail də bölgənin önəmli dövlətləridir. Coğrafiyanı dəyişmək mümkün olmadığı kimi, bölgədəki dövlətlərin bir-birinin mövcudluğunu və çıxarlarını nəzərə almaq zərurətini də aradan qaldırmaq mümkün deyil.
"Burada Azərbaycan üçün də həssas bir məqam vardır. Türkiyə Azərbaycanın qan-can qardaşı, Şuşa Bəyannaməli strateji müttəfiqidir. Azərbaycanın İsraillə də uzunillik dövlətlərarası münasibətləri, iqtisadi, enerji və başqa sahələrdə işbirliyi mövcuddur. Ona görə Bakı üçün ən sağlam mövqe öz müstəqil dövlət siyasətini, müttəfiqlik öhdəliklərini və bölgəsəl sülh çıxarlarını uzlaşdırmaqdır. Azərbaycanın öz təcrübəsi də göstərir ki, müstəqil xarici siyasət "ya onunla, ya bununla" düsturuna sığmır. Türkiyə ilə qardaş olmaq İsraillə münasibət saxlamamağı tələb etmədiyi kimi, İsraillə münasibətlərin olması da qardaş Türkiyənin haqq və çıxarlarına biganə qalmaq anlamına gəlmir. Dövlət ağlı məhz belə mürəkkəb məqamlarda sınanır", - deyə türkoloq vurğulayıb.
Beynəlxalq hüquq gərginliyi aşağı salacaq, yoxsa gərginliyin yeni meydanına çevriləcək?
Ankara-Təl-Əviv qarşıdurmasının bundan sonrakı mərhələsində əsas sual məncə budur. Əgər birinci olarsa, hüquq öz missiyasını yerinə yetirəcək; yox, əgər məhkəmə dosyeləri, "qırmızı bildiriş"lər və beynəlxalq institutlar qarşılıqlı siyasi təzyiq vasitəsinə çevrilərsə, bu, Təl-Əviv-Ankara qarşıdurmasının bundan sonrakı mərhələsində onsuz da kövrək olan Yaxın Şərq düzənini daha da mürəkkəbləşdirə bilər. Bölgənin isə mövcud cəbhələrin qapanmasına ehtiyacı var. Bəli, hüquq haqqı qorumalıdır - daha siyasi qisası yox...
Diplomatiya... yanmaqda olan körpüləri xilas etmək üçündür.
Səidə Ramazanova