ABŞ-İran gərginliyində Qətər vasitəçiliyi: Əməliyyatlar seçkidən sonraya qalır? – ÖZƏL
15:32 Dünya"ABŞ-dəki aralıq seçkilər müəyyən dərəcədə İrana qarşı əməliyyatları gecikdirə bilər. Çünki bu seçkilər Tramp administrasiyası üçün həyati əhəmiyyət daşıyır. Son zamanlarda Respublikaçılar Partiyasının nüfuzu sürətlə aşağı düşür və bu seçkilər, əlbəttə ki, müəyyən mənada bir güvən təzələnməsi xarakteri daşıyır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, seçkilərdən öncə hansısa gərginliyin yaradılması Trampın marağında deyil və buna görə də prosesi seçkilərdən sonraya təxirə sala bilər. Bu müddətdə, əlbəttə ki, danışıqların aparılması mümkündür. ABŞ və Qətər arasında real şəkildə danışıqlar aparılacaq və irəliyə doğru addımların atılması üçün fikir mübadiləsi keçiriləcək. Qətər bu məsələdə geniş təcrübəyə malikdir və həqiqətən də regionda sülhün bərpa olunmasını istəyir. Çünki ümumilikdə bu proses həmin ölkənin iqtisadiyyatına çox mənfi təsir göstərib. ABŞ-İran müharibəsinin və tərəflər arasında razılığın əldə olunmasını arzu edir. Ancaq burada, əlbəttə ki, təkcə Qətərin vasitəçiliyi ilə məsələ həll olunmayacaq.
Ekspertin fikrincə, region ölkələrinin prosesdə iştirakı vacibdir, xüsusilə də Türkiyənin. İndiki situasiyada İranın özündə də çox gərgin vəziyyət var. ABŞ-də Tramp administrasiyasının yaxın çevrəsində hər nə olursa-olsun, İrana qarşı əməliyyatların bərpa edilməsini və indiki rejimin dəyişdirilməsini tələb edən qruplar var. Ancaq eyni zamanda, İranın özündə də ABŞ ilə danışıqların tamamilə dayandırılmasını tələb edən mühafizəkar qruplar var ki, onlar, sifariş tərəfindən dəstəklənirlər. Eyni zamanda, prosesin fərqli müstəvidə davam etməsini, ABŞ-yə qarşı daha sərt ritorikaya keçilməsini tələb edən qruplar da mövcuddur. Yəni, burada ciddi fikir ayrılıqları var və bu, təkcə Qətərlə bağlı məsələ deyil.
Səidə Ramazanova