Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimi: Hərbi əməkdaşlıq genişlənir-ÖZƏL
19:46 SiyasətAzərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri "Birliyin Gücü -2026" adlı birgə hərbi təlim keçirirlər. Təlim Qarabağ iqtisadi rayonundakı "Qızılqaya", Naxçıvandakı "Qarabağlar" təlim mərkəzlərində və Xəzərin Azərbaycan akvatoriyasındakı "Böyük Zirə" rayonunda keçirilir. Təlimə hərbi texnika, aviasiya, dəniz vasitələri və PUA-lar cəlb olunub. Əsas məqsəd birgə əməliyyatlara hazırlığın və qoşunların koordinasiyasının artırılmasıdır.
Təlimin fonunda üç ölkənin hərbi əməkdaşlığının gələcək istiqamətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının dərinləşməsi məsələləri gündəmə gəlir.
Azərbaycan, Türkiyə və Özbəkistanın "Birliyin Gücü-2026" təlimini keçirməsi üç ölkənin hərbi əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təlimi üç ölkə arasında müdafiə əməkdaşlığının son illərdə keçdiyi inkişaf yolunun növbəti mərhələsidir.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı uzun müddətdir ki, genişmiqyaslı təlimlər və birgə hərbi hazırlıq tədbirləri ilə müşayiət olunur. İkinci Qarabağ müharibəsindən əvvəl keçirilən müxtəlif təlimlər iki ölkənin orduları arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsinə xidmət edib. Müharibədən sonra isə Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin hərbi-strateji aspektləri daha da möhkəmlənib. "Sarsılmaz Qardaşlıq", "Mustafa Kamal Atatürk", "Qış təlimi", "SAT-SAS" kimi təlim və məşğələlər bu əməkdaşlığın müxtəlif qoşun növlərini əhatə edən praktiki istiqamətlərini genişləndirib.
Azərbaycan-Özbəkistan hərbi əlaqələri də son illərdə yeni dinamika qazanıb. "Məharət-2024" və "Məharət-2025" kompüter dəstəkli komanda-qərargah təlimləri iki ölkənin hərbi qulluqçuları arasında birgə qərar qəbuletmə, əməliyyatların planlaşdırılması, idarəetmə və təcrübə mübadiləsi imkanlarının inkişafına yönəlib. Bununla yanaşı, Özbəkistanda keçirilən "Birlik-2025" çoxmillətli təlimində Azərbaycanın iştirakı, eləcə də Azərbaycanda təşkil olunan "Sonsuz Qardaşlıq-IV" təlimində Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin bir araya gəlməsi üç ölkə arasında çoxtərəfli hərbi əməkdaşlıq üçün əlavə təcrübə formalaşdırıb.
"Birliyin Gücü-2026"nı məhz bu prosesin davamı kimi fərqləndirən əsas məqam onun daha geniş əməliyyat formatına malik olmasıdır. Quru, hava və dəniz komponentlərinin, hərbi texnikanın, aviasiyanın və PUA-ların cəlb edilməsi müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyət imkanlarının sınaqdan keçirilməsinə şərait yaradır. Belə təlimlər yalnız döyüş hazırlığının artırılmasına deyil, eyni zamanda, komanda-idarəetmə, rabitə, koordinasiya və birgə əməliyyatların planlaşdırılması bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.
Mövcud geosiyasi şəraitdə dövlətlərin mümkün təhlükə və böhran ssenarilərinə hazırlıq səviyyəsini yüksəltməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan birgə təlimlər orduların real əməliyyat şəraitinə uyğun hazırlığının artırılması, hərbi təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi baxımından praktik əhəmiyyətə malikdir.
"Birliyin Gücü-2026"nın digər mühüm tərəfi Azərbaycan-Türkiyə və Azərbaycan-Özbəkistan arasında ikitərəfli formatlarda formalaşmış hərbi təcrübənin daha geniş əməkdaşlıq çərçivəsində bir araya gətirilməsidir. Bu baxımdan təlimi yalnız üç ölkənin hərbi kontingentlərinin birgə fəaliyyəti kimi deyil, müxtəlif orduların əməliyyat prosedurlarının və koordinasiya imkanlarının yaxınlaşdırılması prosesi kimi də nəzərdən keçirmək mümkündür.
Bu təcrübə gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün müəyyən imkanlar yarada bilər. Birgə təlimlərin davam etdirilməsi, hərbi təhsil və kadr hazırlığı, təcrübə mübadiləsi, xüsusi təyinatlı və PUA bölmələrinin hazırlığı, eləcə də böhran vəziyyətlərində koordinasiya mexanizmlərinin inkişaf etdirilməsi bu istiqamətdə mümkün əməkdaşlıq sahələri ola bilər".
Zeynəb Mustafazadə