Savaşın bitdiyi, yolların qovuşduğu Qafqaz: Əliyev və Ərdoğan Bişkekdən nə mesaj verdi? – ÖZƏL
16:36 SiyasətSentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik əsasında inkişafından məmnunluq ifadə edib, regional sülh və sabitliyi, həmçinin ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Bişkek görüşünü Azərbaycan-Türkiyə strateji müttəfiqliyi baxımından necə qiymətləndirirsiniz?
Mövzu ilə bağlı suallarımızı cavablandıran araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində dövlət başçılarının hər görüşünü ayrıca hadisə kimi qiymətləndirmək olar, əlbəttə; ancaq bu münasibətlərin elə bir özəlliyi var ki, görüşlərin ardıcıllığı özü artıq siyasi məzmun daşıyır. İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Bişkek görüşü də bu baxımdan diqqətçəkicidir. "Bir millət, iki dövlət" bizim üçün yalnız duyğusal-tarixi formul olmadığı bəllidir; "Şuşa Bəyannaməsi"ndən sonra bu formulun beynəlxalq hüquqa, təhlükəsizlik arxitekturuna, iqtisadiyyat, enerji, yükdaşıma, logistik və diplomatik koordinasiyaya söykənən strateji müttəfiqlik modeli formalaşıb. Bişkek görüşünün Şanxay Əməkdaşlıq Təşkilatının Zirvəsi çərçivəsində baş tutması da ayrıca anlam daşıyır. Çünki Azərbaycanla Türkiyə artıq ikitərəfli münasibətlər müstəvisi ilə yanaşı, daha geniş Avrasiya coğrafiyasının gələcəyinə aid proseslərdə də bir-birini tamamlayan iki qardaş və müttəfiq dövlətdir. Bu gün Orta dəhlizdən Zəngəzur bağlantısına, Xəzərdən Anadoluya, Orta Asiyadan Avropaya qədər uzanan böyük coğrafiyaya baxdıqda Azərbaycan-Türkiyə müttəfiqliyinin regional çərçivəni aşan önəmi daha aydın görünür. Başqa sözlə, Bakı ilə Ankaranın strateji müttəfiqliyi artıq Avrasiyanın yeni bağlantılar sisteminin də önəmli dayaqlarından biridir. Ona görə Bişkek görüşünü dəyişən geosiyasi ortamda Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni çağırışlarla uzlaşdırılması kimi qiymətləndirə bilərik.
Görüşdə regional sülh və sabitliyin müzakirə olunması Güney Qafqazdakı proseslərə hansı təsiri göstərə bilər?
Burada çox önəmli bir məqam var: Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin güclənməsi regional sülhlə ziddiyyət təşkil etmir; əksinə, bugünkü gerçəklikdə güclü və proqnozlaşdırıla bilən Azərbaycan-Türkiyə müttəfiqliyi Güney Qafqazda davamlı sülhün əsas dayaqlarından biri ola bilər. Bəli, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə tamamilə yeni siyasi durum yaranıb. İndi əsas məsələ savaşın idarə olunması deyil, savaşsonrası dönəminin düzgün qurulmasıdır. Yəni dünənin gündəliyi "savaşı necə dayandırmalı?" idisə, bugünün sualı "sülhü necə dayanıqlı etməli?"dir. Bişkek görüşündə regional sülh və sabitliyin ayrıca müzakirə olunması bu baxımdan önəmlidir. Türkiyə Prezidenti də görüşdə ölkəsinin Azərbaycan-Ermənistan sülhünə töhfə verməyə davam edəcəyini və əldə olunacaq sülhün bütün bölgəyə yeni nəfəs verəcəyini vurğulayıb. Yeri gəlmişkən, biz sülhdən danışarkən Azərbaycan-Ermənistan deyirik, işğal illərində isə Ermənistan Azərbaycan deyirdik; bax, bu prinsipial yer, sıra dəyişimi baxışların, görüşlərin də dəyişiminə gətirib çəxarmaqdadır. Bəli, indi söhbət yalnız Bakı-İrəvan münasibətlərindən getmir. Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması, bağlantıların açılması və qarşılıqlı qəbul edilən bağlantı modellərinin işləməsi daha böyük bir coğrafiyaya təsir göstərə bilər. Uzun illər qarşıdurma coğrafiyası kimi təqdim olunan Güney Qafqazı indi bağlantı coğrafiyasına çevirmək fürsəti yaranıb. Azərbaycan və Türkiyə bu yeni düzəndə sülhü suverenliyə, qarşılıqlı sayğıya, gerçək güc dəngəsinə və iqtisadi çıxarlara söykənən davamlı münasibətlər sistemi kimi görür. Azərbaycan-Türkiyə müttəfiqliyi dünənin sınaqlarından çıxmış sarsılmaz qardaşlıq modeli olmaq etibarıyla, sabahın Qafqazını qurmağa yönəlmiş strateji iradədir. Bax, məncə Bişkek görüşünün əsas siyasi ismarıclarından biri də budur. Əgər bölgədə sülh gerçək və dayanıqlı məzmuna qovuşarsa, bundan Azərbaycan, Türkiyə və Ermənistanla yanaşı, bütövlükdə Qafqaz, Orta Asiya və daha geniş Avrasiya coğrafiyası qazanacaqdır. Bir vaxtlar yollarını savaşların kəsdiyi Güney Qafqazın sabah yolların qovuşduğu bölgəyə çevrilməsi mümkün və vacibdir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin tarixi missiyalarından biri də məhz bu keçidə güc və güvən qazandırmaqdır.
Səidə Ramazanova