Yaxın Şərqdə yenidən müharibə riski: ABŞ İrana hücuma hazırlaşır? – ÖZƏL
17:30 Siyasətİran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin bəzi regional ölkələrin razılığı ilə İrana hücum hazırlığında olduğuna dair məlumat aldıqlarını bəyan edib. Tehran xəbərdarlıq edib ki, hücum olacağı təqdirdə ABŞ-nin regiondakı bütün resursları və ona şərait yaradan ölkələr fərq qoyulmadan hədəf alınacaq. Eyni zamanda İran Quru Qoşunları sərhədlərin potensial təhdidlərə tam hazır olduğunu bildirib.
Bəs ABŞ İrana yenidən zərbə endirə bilərmi? Ərəb dövlətləri ABŞ-yə öz hava məkanını və ya bazalarını açmaq riskinə gedərmi? Tehranın cavab həmləsi regional müharibəyə gətirib çıxara bilər?
"Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni, genişmiqyaslı savaş planlarının ola biləcəyi qətiyyən istisna deyil. Çünki Amerika Birləşmiş Ştatları hələ də öz hədəflərinə çata bilməyib və ona görə də böyük ehtimalla bu savaşın hələ uzun müddət davam etmək ehtimalı mövcuddur. İndiki mərhələdə də hansısa genişmiqyaslı əməliyyatların hazırlana biləcəyi müəyyən mənada inandırıcı görünü".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, belə bir savaşın Yaxın Şərqdəki hərbi böhranın sərhədlərini genişləndirə biləcəyi də qətiyyən istisna deyil. Çünki bu savaşda maraqlı olan kifayət qədər dövlət var, eyni zamanda savaşın dayandırılmasında maraqlı olan dövlətlər də mövcuddur. Ancaq bütövlükdə götürdükdə, İranın qonşu ölkələrlə, o cümlədən region dövlətləri ilə münasibətlərinin ziddiyyətli xarakter daşıması indiki mərhələdə rəsmi Tehran üçün ən ciddi problemlər sırasında yer alır. Bu baxımdan hesab etmək olar ki, belə dövlətlərarası ziddiyyətlər bəzi region dövlətlərinin ABŞ-nin yanında yer almasına yol açır və eyni zamanda öz ərazilərindəki hərbi bazalardan istifadə icazəsinin verilməsinə səbəb olur. Böyük ehtimalla belə bir icazə verilə bilər. Ancaq yəqin ki, öz ərazilərindəki hərbi bazaları ABŞ-nin ixtiyarına verəcək dövlətlər Ağ Evdən ya tam təhlükəsizlik təminatı almağa çalışa bilərlər, ya da bu savaşın İranın məğlubiyyəti ilə bitəcəyinə yönəlik əminlik əldə etməyə çalışa bilərlər. Bu isə ancaq Ağ Evin verə biləcəyi məlumatlardan qaynaqlana bilər. Bütün bunları nəzərə alanda hesab etmək olar ki, əgər həqiqətən ABŞ yeni, genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, bu halda Yaxın Şərqdəki savaşın arealı indikindən daha da genişlənə bilər.
Səidə Ramazanova