Avropada "Rusiya təhlükəsi" bəyanatları: Siyasi oyun, yoxsa real təhdid? – ÖZƏL
18:12 SiyasətAvropa kəşfiyyat rəhbərləri və Polşa Baş naziri Donald Tusk Rusiyanın yaxın aylarda NATO ərazisinə pilotsuz təyyarə, raket zərbələri və ya məhdud hücumlar təşkil edə biləcəyi barədə xəbərdarlıq ediblər. Məqsədin alyansın 5-ci maddə üzrə öhdəliklərini yoxlamaq və kritik infrastrukturu zədələmək olduğu bildirilir. Fransa Prezidenti Emmanuel Makron xəbərdarlığı ciddi adlandıraraq təcili görüş keçirib. Lakin Baltikyanı ölkələr qaçılmaz hücum əlaməti görmədiklərini bildirərək sakitliyə çağırıblar. Moskva isə bu iddiaları təkzib edir.
Rusiyanın NATO ərazisinə "məhdud" hücum etmək ehtimalı varmı? Alyans belə bir təxribata hərbi cavab verməyə hazırdırmı?
"Biz artıq neçə müddətdir ki, Avropanın siyasi rəhbərlərinin, o cümlədən ilk növbədə Makronun, Tuskın, İngiltərənin baş nazirinin, Almaniya kanslerinin dəfələrlə qeyd etdiyini görürük ki, 2030-cu ilə qədər Rusiya Avropaya, NATO dövlətlərinə hücum edə bilər və belə bir təhlükə mövcuddur. Buna görə də Avropa silahlanmanı gücləndirməli, hərbi sənayeni və hərbi qüdrətini artırmalıdır. Təbii ki, bunu da daim Rusiya amili ilə əlaqələndirirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçinin fikrincə, Rusiyanın NATO ölkələrinə hücum etməsi ehtimalı çox azdır: "Bunu onunla əsaslandırıram ki, Rusiya dövlət rəsmiləri dəfələrlə, ən yüksək səviyyədə - Rusiya Prezidenti Vladimir Putinin dilindən və Xarici İşlər Nazirliyi tərəfindən bildiriblər ki, Avropa Ukraynada gedən müharibədə birbaşa iştirak edir. Amma əgər Ukrayna ərazisinə Avropa qoşunları gələrsə və Avropa canlı qüvvə ilə bu müharibədə iştirak edərsə, onda Rusiya tərəfi cavab vermək hüququnu özündə saxlayır. Lakin hazırkı durumda mən inanmıram ki, Rusiyanın Avropa ölkələrinə qarşı belə bir hücumu həyata keçirilsin. Məsələ ondadır ki, biz Avropada gedən prosesləri görürük. Merzin bir neçə federal dairədə artıq dalbadal məğlubiyyətə uğradığını görürük. Onun partiyası, yəni Xristian Demokratlar Partiyası, dünən ümumiyyətlə bir regionda hətta parlamentə düşə bilmədi. Fransanın hansı vəziyyətdə olduğunu da görürük. 2027-ci ildə orada seçkilər keçiriləcək. Makronun, demək olar ki, varisinin və yaxud partiyasının qalib gəlmək şansı yoxdur. Hətta İtaliyada gələcək seçkilərdə də, ola bilsin, hələ tezdir, amma artıq müxalif qüvvələr birləşərək hakimiyyətə gəlmək istəyirlər. Serbiyada seçkilər var, Slovakiyada da seçkilər keçiriləcək. Yəni Avropadakı bu seçkilərdə, təbii ki, Merz, Makron və yaxud Tuskın ölkələrini çətin duruma saldıqları - söhbət iqtisadi və sosial vəziyyətdən gedir - və bunun fonunda özlərinə dəstək qazandırmaq üçün belə fikirlər irəli sürdükləri görünür. Rusiya xofu yaradırlar ki, atdıqları addımlara müəyyən mənada haqq qazandırsınlar".
Ekspert bildirib ki, NATO-nun 5-ci maddəsinə gəlincə, bunun belə bir təhdidə cavab verməsi məsələsi var. Biz son illərdə dəfələrlə görmüşük ki, NATO dövlətləri birgə hərəkət edə bilmirlər. Bunu mən yox, Amerika Prezidenti Donald Tramp da Amerika-İran müharibəsi zamanı dəfələrlə NATO və Avropa dövlətlərini ittiham etdi ki, siz heç biriniz Amerikanın yanında olmadınız, Amerikaya kömək etmədiniz, NATO-nun 5-ci maddəsindən istifadə etmədiniz. Düzdür, orada Amerika ərazisinə hücum olmamışdı, ABŞ özü hücum etmişdi. Amma Tramp bunu gözləyirdi və bu baş vermədi, yəni 5-ci maddədən istifadə olunmadı. Hazırkı dövrdə NATO dövlətlərinin, nəzəri cəhətdən belə bir müharibə olarsa - yenə deyirəm, mən bunu ehtimal etmirəm - buna cavab verməsinin də çətin proses olacağını düşünürəm. Məhz ona görə də onlar Ukrayna müharibəsini uzadaraq Rusiyanı tam zəiflətmək və 2030-cu ilə qədər öz silahlı qüvvələrini gücləndirmək istəyirlər. Avropa Birliyinin planlarına görə, 2030-cu ilə qədər onlar ümumi daxili məhsulun 5 faizi həcmində müdafiə xərclərinə çatmağı planlaşdırırlar. Əbəs yerə fon der Leyen Avropa Birliyinin silahlı qüvvələrinin gücləndirilməsi və Avropa müdafiə qüvvələrinin yaradılması təşəbbüsünü irəli sürməyib. Çünki bu gün xarici mətbuata və Avropa Parlamentinin nümayəndələrinin açıqlamalarına baxsaq, demək olar ki, Amerika Birləşmiş Ştatları Avropa üzərindəki təhlükəsizlik çətirini tamamilə çəkib. Hətta bu çətir olsa belə, biz bunu Fars körfəzi ölkələrində Amerika-İran müharibəsi zamanı gördük. Amerika müdafiə çətirinin o qədər də effektli olmadığını və İranın bu çətiri, yəni bu mifi, demək olar ki, dağıtdığını gördük. Amma hələlik mən güman etmirəm ki, tezliklə Rusiya ilə Avropa ölkələri arasında belə bir müharibə baş versin.
Səidə Ramazanova