Rusiyanın NATO ölkələrinə qarşı mümkün eskalasiyası: təhlükə nə qədər realdır?- ÖZƏL
17:28 SiyasətAvropa kəşfiyyat rəhbərləri Rusiyanın NATO ölkələrinə qarşı mümkün eskalasiyası barədə xəbərdarlıq ediblər. Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin rəhbəri Mixal Kudelka belə bir ssenarinin "illər yox, aylar" ərzində reallaşa biləcəyini bildirib. Bununla yanaşı, Baltikyanı ölkələr hazırda Rusiyanın NATO-ya hücum hazırlığına dair konkret əlamət görmədiklərini açıqlayıblar. Polşa Baş naziri Donald Tusk isə kəşfiyyat məlumatlarının Rusiyanın yaxın aylarda NATO ərazisinə PUA və ya raket zərbəsi endirə biləcəyi ehtimalını göstərdiyini deyib.
Rusiyanın NATO ölkələrinə qarşı mümkün eskalasiyası ilə bağlı Avropa kəşfiyyatının xəbərdarlıqlarını necə qiymətləndirirsiniz? Bu açıqlamalar real təhlükə, yoxsa ehtiyat tədbirlərinə çağırış kimi nəzərdən keçirilə bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Rusiyanın nəinki NATO ölkələrinə hücum planı hətta ABŞ-a, Avropaya qarşı nüvə silahından istifadə planı da ola bilər. Lakin məsələ belə bir planın həyata keçirilib keçirilməməsidir. Bunun üçün isə Rusiya hələ tələsmir. Həm də ona görə ki, bu cür hücum planlarının icrası elə Rusiyanın özünün də sonunu gətirə bilər. Avropa kəşfiyyatının xəbərdarlıqları həm yaxın aylarda reallaşa biləcək real hibrid təhlükənin, həm də NATO daxilində ehtiyat tədbirlərini artırmaq və ictimaiyyəti psixoloji cəhətdən hazırlamaq məqsədi daşıyan strateji çağırışın birgə təzahürüdür. Çexiya kəşfiyyatının rəhbəri Mixal Kudelka və Polşa Baş naziri Donald Tuskun açıqlamaları birbaşa adi quru işğalından deyil, məhdud sərhəd pozuntularından, təxribatlardan və hibrid zərbələrdən bəhs edir. Rusiyanın əsas məqsədi birbaşa üçüncü dünya müharibəsi başlamaq deyil, zərbələri təsadüfi səhv kimi qələmə verərək NATO-nun 5-ci maddəsinin effektivliyini sınaqdan keçirməkdir. Baltikyanı ölkələr və İsveç kəşfiyyatının qeyd etdiyi kimi, dərhal baş verəcək genişmiqyaslı hərbi hücum əlaməti yoxdur, lakin kritik infrastruktura, dəmir yolları, aeroportlara və s. qarşı sabotaj kampaniyaları Qərbin resurslarını tükətmək üçün qəsdən gücləndirilir. Bununla yanaşı hər hansı bir NATO ölkəsinə PUA və ya raket düşərsə, alyans dərhal təcili məsləhətləşmələrə başlayacaq. Əgər hadisənin qəsdən və birbaşa hücum olduğu sübut edilərsə, kollektiv müdafiə mexanizmi olan 5-ci Maddənin işə salınması tələbi kəskin şəkildə artacaq. Alyans Polşa, Rumıniya və Baltikyanı ölkələrdə hava və raketdən müdafiə sistemlərinin döyüş hazırlığını maksimum səviyyəyə qaldıracaq, sərhəd zonasında patrul xidmətlərini genişləndirəcək. Lakin bütün bunlarla yanaşı Rusiya ilə əlaqəli qalan son diplomatik kanallar bağlana, iqtisadi sanksiyalar sərtləşdirilə və Kiyevə verilən hərbi dəstəyin miqyası dəfələrlə artırıla bilər".
Zeynəb Mustafazadə