Elektron siqaretlərə maraq artır: Yeniyetmələr üçün hansı risklər mövcuddur?

Son dövrlərdə elektron siqaretlərdən istifadə, xüsusilə uşaqlar və yeniyetmələr arasında bu məhsullara marağın artması cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib. Əvvəllər əsasən adi siqaretlə əlaqələndirilən tütün istifadəsi artıq fərqli formalarda qarşımıza çıxır. Elektron siqaretlər, müxtəlif adlarla təqdim olunan məhsulları və digər nikotin tərkibli cihazlar xüsusilə gənclər arasında daha çox görünür. Bu məhsulların görünüşü, istifadə üsulu və müxtəlif dadlarla təqdim edilməsi onların adi siqaretdən fərqli qəbul olunmasına səbəb olur. Düşünürəm ki, elektron siqaretlərlə bağlı əsas yanlış təsəvvürlərdən biri onların adi siqaretdən fərqli olduğu üçün sağlamlıq baxımından təhlükəsiz hesab edilməsidir. Əslində isə elektron və ənənəvi siqaret arasında müəyyən fərqlər olsa da, bu fərq elektron siqaretlərin zərərsiz olması anlamına gəlmir. Hər iki məhsulun istifadəsində insan orqanizminə müxtəlif maddələrin daxil olması mümkündür ciddi məsələ olaraq qalır. Adi siqaretdə tütün yandırılır və yaranan tüstü nəfəs yolu ilə orqanizmə daxil olur. Elektron siqaretdə isə tütünün yanması əvəzinə xüsusi maye qızdırılır və nəticədə aerozol əmələ gəlir. İstifadəçi həmin aerozolu nəfəsə çəkir. Bu texnologiya elektron siqareti ənənəvi siqaretdən fərqləndirsə də, prosesin nəticəsində orqanizmə yalnız su buxarının daxil olması fikri doğru deyil. Elektron siqaret mayelərində müxtəlif kimyəvi maddələr və dadlandırıcılar ola bilər.

Məsələnin digər tərəfi isə elektron siqaretlərin gənclər üçün cəlbedici formada təqdim edilməsidir. Adi siqaretdən fərqli olaraq elektron siqaretlər müxtəlif ölçü, forma, dad və aromalarda istehsal olunur. Meyvə, şirniyyat və digər fərqli dadların olması məhsulun istifadəsini bəzi gənclər üçün daha maraqlı göstərə bilər. Cihazların kompakt olması və istifadəsinin nisbətən asan görünməsi də onların yayılmasına təsir edən amillərdən biridir.

Burada mühüm məqamlardan biri də elektron siqaretin ilk dəfə istifadə olunmasına səbəb olan motivlərdir. Bəzi hallarda yeniyetmə bu məhsulu ətrafındakı insanların istifadəsi, dostlarının təsiri və ya sadəcə maraq səbəbilə sınaya bilər. İlk mərhələdə bunu ciddi vərdiş kimi qəbul etməmək mümkündür. Lakin nikotin tərkibli məhsulun müntəzəm istifadəsi artıq asılılıq riskini ortaya çıxarır. Bu səbəbdən "bir dəfə sınamaqla heç nə olmaz" yanaşması da məsələyə tam düzgün münasibət hesab edilə bilməz.

Düşünürəm ki, adi siqaretin sağlamlığa ciddi zərər vurması uzun illərdir məlumdur. Bu fakt bəzən elektron siqaretlə bağlı yanlış müqayisəyə gətirib çıxarır: "Adi siqaret daha zərərlidirsə, elektron siqaret təhlükəsizdir". Halbuki iki məhsul arasında fərqin olması ikinci məhsulun risksizliyini avtomatik şəkildə təsdiq etmir. Sağlamlıq baxımından əsas sual yalnız hansının daha fərqli olması deyil, elektron siqaret istifadəsinin özünün hansı riskləri daşımasıdır.

Elektron siqaretlərin insan orqanizminə əsas təsirləri nələrdir və uzunmüddətli istifadəsi hansı sağlamlıq riskləri yarada bilər? Xüsusilə uşaqlar və yeniyetmələr üçün elektron siqaretlər nə dərəcədə təhlükəlidir və nikotinin onların inkişaf edən orqanizminə hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Olaylar.az-a açıqlama verib: 

"Siqaretlərin ümumiyyətlə meydana çıxması onunla bağlı olub ki, insanlar nikotindən tədricən uzaqlaşsın və daha az zərərli, yəni çox zərərli olmayan bir məşğuliyyəti olsun və həmin məşğuliyyəti də tədricən tərk etsin. Bununla da sağlamlığına fayda versin. Əslində, bu məqsəd üçün yaradılmış bir şeydir.

Yoxsa elektron siqaretlər alternativ siqaret deyil. Düzdür, tərkibində nikotin yoxdur. Amma nikotinin olmadığı halda orada müxtəlif efirlər və müəyyən proseslər var ki, onlar yuxarı tənəffüs yollarında müəyyən narahatlıqlar yarada bilir.

İkincisi, adi insanlar çox vaxt onu almaqda çətinlik çəkirlər. Əgər azyaşlı uşaqlar onu əldə edirlərsə, bu, valideynin məsuliyyətsizliyidir, yəni düzgün hərəkət deyil. Valideyn uşaqlara ciddi nəzarət etməlidir. Uşaq təzə-təzə elektron siqaret çəkirsə, sabah əksinə, adi satılan siqaretlərdən alıb istifadə etməyə başlayacaq və bu, daha pis olacaq.

Ona görə də az miqdarda, müəyyən miqdarda da olmuş olsa, həmin elektron siqaretlərin insan orqanizminə ziyanı var. Həmin müəyyən qatqılar, tüstülənmə əmələ gətirən maddələr və sair sonda müəyyən narahatlıqlara gətirib çıxarır, müəyyən problemlər yaradır.

Orada, tam nikotin də olmasa, haradasa yayındırıcı maddələr vardır. Həmin yayındırıcı maddələr orqanizmə çox ziyandır. Siqaret qədər olmasa da, müəyyən qədər ziyandır.

Bu məhsulların əldə olunmasına valideyn nəzarət etməlidir. Məktəblərdə ciddi nəzarət olmalıdır. Əslində, məktəblər daha ciddi şəkildə bu məsələyə yanaşmalıdır. İndi də məktəblərdə o qədər liberal qaydalar qoyublar ortaya, nəticədə uşaqlar da həmin liberalizmdən öz məqsədləri üçün istifadə edirlər.

Amma inkişaf etmiş ölkələrdə məktəblərdə uşaqlara olan nəzarət bəlkə də heç əsgərlərə olan nəzarətdən daha güclüdür. Çünki vətəndaş yetişir, cəmiyyət üçün vətəndaş yetişir. Cəmiyyətin sağlamlaşdırılması istiqamətində işlərin normal getməsi üçün mütləq məktəblərdə uşaqların təlim-tərbiyəsi yüksək olmalıdır. Çünki bu, ucuz bir proses deyil.

Hər uşaq, şagird gəlib alırsa, istifadə edirsə, haradasa kifayət qədər maliyyə əldə edib ki, onu əldə etsin. Ona görə də uşaqlar üçün də ziyandır, böyüklər üçün də. Böyüklər heç olmasa, iqtisadi cəhətdən ona o qədər də yaxın getmirlər.

Uşaqlar isə bir-birləri ilə müəyyən göstəriş olmaq şərtindən onu edə bilərlər, amma o da uşaqlar üçün ziyandır. Çünki uşaq orqanizmi ilə böyük orqanizmi arasında böyük fərq var və zədələnmək ehtimalı, xüsusilə yuxarı tənəffüs yollarında, uşaqlarda daha yüksək olur.

Bir də burada problem nədir? Uşaqların əks hərəkəti. Böyüklər onu edirdilər ki, siqareti unutsunlar, amma uşaqlar onu edir, sabah əli çatmayanda onu almağa gedib adi siqaret alır, istifadə etməyə başlayır. Bu, daha pis olacaq.

Yəni vərdişin geri dönüşü olur. Bir şeylə vərdişdən uzaqlaşmaq istəyirsən, amma burada həmin o vərdişə qayıdış prosesi yaranır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31